Türkiyə bölgədə gücləndikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Ermənistanın Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdığını deyib. Putinin sözlərinə görə, Ermənistanda çətin daxili siyasi proseslər gedir: “Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları məlumatı verilməyib. Düşünmürəm ki, Ermənistanın MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT-dəki üzvlüyünə xitam vermək onun maraqlarına uyğundur. Bu, yenə də dövlətin seçimidir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, Qarabağın işğaldan azad edilməsi inamı artırdı: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya Prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır:
"Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi. Bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” dedikdə bunu da nəzərdə tutub".