ABŞ-nin yeni hərbi əməliyyatlara başlaması gözlənilir -ŞƏRH

Qarşıdakı üç il ərzində Yaxın Şərqdə  hərbi qarşıdurmalar genişlənəcək 



  İsrailin Baş naziri Benyamin Netaniyahu Təl-Əvivdə ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşüb. Görüş ABŞ-nin Kiriya hərbi bazasında reallaşıb. Tərəflər əsasən Qəzza zolağında hərbi əməliyyatların gedişini müzakirə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə amerikalı həmkarı C.Baydenlə Qəzza məsələsini müzakirə edib. Ərdoğanın sözlərinə görə, Qəzzada baş verən hadisələrdə 18 mindən çox uşaq, qadın və qoca həyatını itirib, məktəblər, məscidlər, eləcə də kilsələr dağıdılıb. Türkiyə lideri bildirib ki, ABŞ Qəzza zolağına müdaxilə etməlidir. 
  
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ Yaxın Şərqdə yeni hərbi əməliyyatlara başlaya bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə ABŞ yeni siyasi nizam yaradır:
 "Məhz Qəzzada İsrailin HƏMAS-a qarşı əməliyyatının davam etdirilməsi Vaşinqtonun strateji planıdır. Vaşinqton Yaxın Şərqi HƏMAS, "Hizbullah" və "Husilər"dən təmizləmək istiqamətində hərbi əməliyyatları planlaşdırırdı. Birinci olaraq hərbi əməliyyatlar Qəzza zolağında HƏMAS-dan başlanıldı. Ötən gün ABŞ Yəməndə "Husilər"ə qarşı hərbi əməliyyatlar keçirəcəyini bəyan etdi. Artıq İsraildə Livanda "Hizbullah"a qarşı quru əməliyyatlar keçirəcəyini vurğulayıb. ABŞ HƏMAS-a qarşı müharibə başlayandan regiona Təyyarə daşıyan gəmilər, silahlı birliklər göndərməsi əməliyyat coğrafiyasinı genişləndirəcəyindən xəbər verirdi".
  
Analitikin fikrincə, Vaşinqtonun əsas strateji hədəfi Yaxın Şərqi tam nəzarəti altına almaq, HƏMAS, "Hizbullah" və "Husilər"i sıradan çıxarmaqla Hindistandan başlayan "Baharat" dəhlizinin təhlükəsizliyini təmin etməkdir:
 "ABŞ İranla gizli danışıqlar apararaq regionda proksi qüvvələrə dəstəyini çəkməsini tələb edirdi. Amma, İran bu tələbi rədd etdi. ABŞ-nin yeni hərbi əməliyyatlara başlaması gözlənilir. Əgər, Hizbullahla İsrailin müharibəsi genişlənərsə, ABŞ bu təşkilata qarşı hərbi əməliyyatlara başlaya bilər. Qarşıdakı üç il ərzində Yaxın Şərqdə  hərbi qarşıdurmalar genişlənəcək".