İƏGF Avrasiya Regional Mərkəzi Məhəmməd Rəbbanini Fransanın tələbi ilə saxlamasını pisləyib - FOTO

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi Britaniya vətəndaşı Məhəmməd Rəbbaninin Fransanın tələbi ilə BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi "Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik" konfransına buraxılmamasını pisləyib.
Sherg.az report-a istinadən xəbər verir ki, bəyanatda uzun müddət insan haqlarının müdafiəsi uğrunda, eləcə də islamofobiyaya qarşı mübarizə aparan M.Rəbbani ilə həmrəy olduğu bildirilib və onun bu sahədə apardığı fəaliyyətə yüksək dəyər verilib.
Sənəddə İsveçrə polisinin onun səfərinin qanuni olmasına baxmayaraq saxlanılması, insan haqlarının fundamental prinsiplərinin pozulması və sözügedən konfransın məqsədi olan ideyaların azad mübadiləsinə və dialoqa maneə kimi xüsusi vurğulanıb.
Bəyanatda Fransa hökumətinə bu hadisənin hərtərəfli araşdırılması, başqa dövlətlərin daxili işlərinə qarışmaması, suverenlik və beynəlxalq əməkdaşlıq prinsiplərinə hörmət edilməsi və belə halların gələcəkdə baş verməməsi, xüsusilə, insan haqlarının və sülhün qorunması sahəsində çalışan şəxslər uçun hərəkət və ifadə azadlığının təmin edilməsi ilə bağlı çağırış edilib.
Eyni zamanda sənəddə beynəlxalq təşkilatlara bu təşəbbüsə qoşulmaq və hüquq müdafiəçisi M.Rəbbaninin hüquqlarının qorunmasına dəstəklə bağlı çağırış edilib.
"İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyəti ədalət, insan haqları və beynəlxalq əməkdaşlığı pozan hallara qarşıdır. Bu hadisə ilə bağlı monitorinq aparacağıq və insan haqları, ədalət prinsiplərinin müdafiəsini davam etdirəcəyik", - bəyanatda qeyd olunub.