Paşinyan boykot qərarından vaz keçir - RƏY

Baş nazir hər nə qədər Rusiyaya nifrət etsə də, Kremlin ipini tam olaraq boynundan çıxara bilmir

  Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Bu barədə “Hraparak” qəzeti “Mülki müqavilə” partiyasındakı mənbələrinə istinadən məlumat yayıb. Mənbə qeyd edib ki, İrəvan uzun müddətdir ki, nümayişkaranə şəkildə Rusiyanı boykot edir: “ Nə Ermənistanın xarici işlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə parlamentin sədri, nə də Baş nazir Rusiyanın himayəsi altında keçirilən siyasi tədbirlərdə iştirak edir. Parlament fəallarının Gümrüdə keçirilən iclasında Paşinyan və Mirzoyan şikayətləniblər ki, Qərb İrəvanın addımlarını düzgün qiymətləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb”.
  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə “Sherg.az'a açıqlamasında deyib ki, Rusiya-Ermənistan münasibətlərində Qərb qızışdırıcı faktordur. Yəni bu məsələdə Ermənistan müstəqil qərar verən bir ölkə kimi nəzərdə tutulmamalıdır: 

“Hazırda Ermənistan ərazilərində Avropa İttifaqının mülki müdafiə missiyası adı altında qərbin casus şəbəkələri fəaliyyət göstərir. Onların səlahiyyət müddətinin artırılması, müşahidəçilərin sayının 200-ə çatdırılması, Qərb ölkələrinin Ermənistanda rəsmi nümayəndəliklərinin açılması Rusiya ilə münasibətlərinin tarıma çəkilməsi rəsmi Kremlin onlara qarşı iqtisadi təzyiqləri artırmalarına gətirib çıxarır. Avropa müşahidəçiləri Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə müşahidə aparmaq adı ilə regiona daxil olsalar da, faktiki olaraq İran və Rusiya əleyhinə təbliğat aparırlar. Amma bütün bunlara rəğmən Qərb Ermənistanı Rusiyanın forpostluğundan çıxarmaq imkanına sahib deyil. Sadəcə olaraq Ermənistanın hazırkı siyasi rəhbərliyi vasitəsilə Rusiyanı incik salmaqdır. Bunun qarşılığında Rusiyanın Paşinyanı necə cəzalandıracağı önəmli deyil, əsas odur ki, Ermənistan ərazilərinin Qərbin plastarmı olmasına göz yumsun. Lakin Qərbin anlamadığı bir şey var, Rusiya üçün heç bir strateji əhəmiyyəti olmayan kiçik bir ərazi olsa belə Ermənistanı itirmək istəməz. Ukraynadakı savaş prosesində də biz bunu gördük.
  Ermənistan da başa düşür ki, Rusiya ilə önəmli iqtisadi layihələri var, Gümrüdə Rusiyanın hərbi bazası var. Yəni Paşinyan hər nə qədər Rusiyaya nifrət eləsə də, Rusiyanın ipini tam olaraq boynundan çıxara bilmir. Rusiyanın himayəsi altında keçirilən siyasi tədbirlərdən tam imtina etməməsi də məhz bununla bağlıdır”.