Deputat: Ermənilərdən hər zaman xəyanət gözləmək olar

Ancaq sülh sənədinin olması, hər iki tərəfin buna imza atması mühümdür

“Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz”


  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində Ermənistanla sülh müqaviləsindən danışıb və bir sıra məqamlara toxunub. XİN başçısı qeyd edib ki, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır. Nazir vurğulayıb ki, proses bir tərəfin istəyindən, arzusundan asılı deyil, burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir: "Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarıcları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarıcları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarıcların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır”. Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb. Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub: "Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər. Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır”. Xatırladaq ki, Ermənistan rəsmiləri cari il bitmədən sülh sənədinin imzalanmasının mümkünlüyündən tez-tez danışırdılar. Lakin ilin yekunlaşmasına 1 həftəlik zaman var və şübhəsiz ki, bu müddət ərzində hansısa sənədin imzalanmasından söhbət gedə bilməz. 
  
Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, indi bizə qarşı haqsız, ədalətsiz, qərəzli mövqe tutan Avropa dövlətləri tarix boyu düşmən münasibətdə olublar. Deputatın sözlərinə görə, hətta müasir dövrdə belə eyni birlikdə təmsil olunan Avropa dövlətləri arasında ərazilərlə bağlı problemli məqamlar qalmaqdadır: 
"Xarici işlər nazirimiz haqlı olaraq problemləri qabardır və vurğulayır ki, bütün ziddiyyətli məsələlər qısa zamanda həllini tapa bilməz. Ancaq əldə konkret sülh sənədinin olması, hər iki tərəfin buna imza atması mühümdür. Çünki sülh sazişinin imzalanması o deməkdir ki, tərəflər bu sənədə görə məsuliyyət daşıyırlar. Əlbəttə, Azərbaycan-Ermənistan arasında mübahisəli məsələlər çoxdur. Sərhədlərin müəyyənləşməsi, anklav kəndlərin qaytarılması, kommunikasiyaların açılması və s. bir çox problemin az zamanda həlli mümkün görünmür. Ortada Ermənistanın bizə qarşı uzun illərdir davam etdirdiyi əsassız iddialar var. Biz də İrəvana haqlı olaraq tələblərimizi irəli sürürük. 1918-ci ildən bu yana ermənilər tarixi torpaqlarımızda yerləşdirilib. Dövlət yaratmaları üçün onlara ərazimizi vermişik. Sonradan həmin ərazi qeyri-qanuni yollarla genişləndirilib və ermənilər uzun müddət işğalçılıq siyasətini davam etdiriblər, soyqırımlar törədiblər. Ona görə də sülh sənədinin tərəflər arasında illərdən bəri yığılıb qalmış problemləri bir anda aradan qaldıracağını gözləmək sadəlövhlükdür. Əsas odur ki, İrəvan sülh sazişinə imza atsın və üzərinə öhdəlik götürsün. Təbii ki, sülh sazişi iki-üç cümləlik olmayacaq. Sənədin müəyyən mətni hazırlanacaq, orada bir çox məqamla bağlı konkret maddələr yer alacaq, tərəflər üzərinə öhdəliklər götürəcək. Yəni çoxmaddəli sənəd olmalıdır".

Parlament üzvü vurğulayıb ki, sülh sazişi imzalanarsa, digər məsələlərin prosesin gedişatında müzakirəsi davam edəcək: 
"Azərbaycan-Ermənistan arasında vaxt aparan məsələlər olacaq. Elə məsələ var ki, 1-2 aya, eləsi də var ki, 1-2 ilə həll olunacaq. Əgər sabah Ermənistan tərəfi imza atdığı sənədin icrasını gecikdirərsə, üzərinə götürdüyü öhdəliyi pozarsa, məsuliyyət birbaşa İrəvanın üzərinə düşəcək. Azərbaycan da müxtəlif vasitələrdən istifadə edərək Ermənistandan öz öhdəliyini icra etməsini tələb edəcək. Ermənistan kimi namərd, xəyanətkar, dələduz bir dövlətin mövqeyini yaxşı bildiyim üçün deyirəm ki, sülh sazişindən sonra da müxtəlif murdar hərəkətlərə əl ata bilərlər. İrəvan indidən ziddiyyətli davranışlar sərgiləyir. Paşinyan xarici tribunalarda sülhdən, regional sabitlikdən danışır, digər tərəfdən Fransadan, Hindistandan silah gətirirlər. Ermənilərdən hər pisliyi, xəyanəti gözləmək olar".