Fransa səfirliyinin iki əməkdaşı “persona-non-grata” elan edilib
Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.
Görünür ki, Fransanın Qafqaz siyasəti tam iflasa uğrayır. Makronun məğlubiyyəti isə Prezident İlham Əliyevin qələbəsidir. Eyni zamanda Fransa agentura şəbəkəsinin ifşasını Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı və Fransanın növbəti fiaskosudur. Bu, Fransanın ardıcıl uğursuzluqlarının davamıdır.
Fransa siyasətinin uğursuzluğundan danışan Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a vurğulayıb ki, rəsmi Paris bu gün çox səhvlər edir:
"Həmin yanlışların nəticəsində Fransa Amerikada ciddi şəkildə siyasi, mənəvi zərbələr alır. Eyni zamanda bir sıra Fransanın müstəmləkələrində artıq bu ölkəyə qarşı üsyan qalxıb. Fransanın özünü yeni bir imperiya zənn edərək Cənubi Qafqaza müdaxilə etmək arzusu da olub. İndi isə Rusiyanın zəifləməsindən istifadə edən Fransa Ermənistana daxil ola biləcəyini düşünür.
Lakin bu çox yanlış siyasətdir və hər zaman olduğu kimi imperiya arzusunda olanlar 21 əsrdə də ciddi şəkildə zərbələr alacaq. Fransanın düzgün olmayan siyasəti ölkə daxilində belə iqtisadi, sosial problemlər doğurub. Ölkədə baş verən problemlərdən əhalini yayındırmaq üçün Fransa antiislam siyasəti aparır. Fransanın vətəndaşları olaraq erməni qüvvələri ölkədəki siyasi korrupsiyadan istifadə edərək dövlətin politikasını Azərbaycana nifrət formasında nümayiş etdirirlər. Erməni diasporu düşünür ki, "Ermənistanın faciələrindən" bəhrələnərək yenidən maliyyə gəlirləri əldə edəcəklər. Fransa rəhbərliyi bir sıra siyasi qüvvələr vasitəsilə diasporanın istəklərini həyata keçirməyə çalışır. Burada yeganə məğlub olan tərəf isə Fransa və onun xalqıdır. Yanlış siyasətə görə ölkə daxilində üsyan olacaq və siyasətçiləri isə siyasi arenadan uzaqlaşdıracaqlar".