"Sankt-Peterburq görüşü Paşinyanın sınağı, Putinin isə seçkiqabağı etimad testidir" - ŞƏRH

"Prezidentin MDB ölkə başçıları ilə çox isti görüşü diqqətdən yayınmamalıdır"



"Sankt Peterburqda baş tutan MDB ölkə başçılarının qeyri-rəsmi iclasını növbədənkənar zirvə görüşü adlandırmaq olar". 

Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 

Analitik vurğulayıb ki, bu toplantını Paşinyan üçün sınaq tədbiri də hesab etmək olar: 
"Eyni zamanda Putinin seçkiqabağı etimad testi da adlandırmaq olar. Azərbaycan Prezidentinin MDB ölkə başçıları ilə çox isti görüşü diqqətdən yayınmamalıdır. Bu jestlərlə dövlət başçıları İlham Əliyevə öz dəstəklərini bədən dili ilə nümayiş etdirdilər. Uzun fasilədən sonra Putinlə bir masa arxasında otrumaqdan yayınan Paşinyan nəhayət bu tədbirə qatıldı. Azərbaycanla münasibətlərin normallaşmasını sözdə ifadə edən Ermənistan baş naziri eyni zamanda Fransanın təhriklərinə uyaraq regionda pozucu rolunu oynamaqda davam edir. Belarus prezidentinin Paşinyana xəbərdarlığı məhz bu fəaliyyəti ilə əlaqədar idi. Paşinyanın Aİ ilə əlaqələrin iqtisadi olduğunu bildirməsi də siyasi gediş sayılırdı. Lakin sözlü bəyanatlarının arxasında konkret əməl dayanmalıdır". 

Ekspert bəyan edib ki, Gürcüstanın Avropa İttifaqına üzvlük yolunda yaxınlaşmasından sonra böyük ehtimalla növbə Ermənistana çatacaq: 
"Bu müddətə qədər Azərbaycan 10 noyabr razılaşmasının əsas müddəalarından olan Zəngəzur dəhlizinin açılması istiqamətində fəallığını artırmalıdır. Düşünürəm ki, Fransanın qoltuğunun altına tələsən Ermənistan SSRİ-yə qatıldığı “qiyafətdə” yola salınmalıdır".