Sarkisyanın hakimiyyət xülyası: Erməni xalqı buna imkan verəcək?

Cəmiyyətimizdə qisas olduqca geniş istifadə olunur. Mən uzun müddətdir ki, şahmat oynayıram və bilirsinizmi ki, dünya səviyyəsində nə qədər matç-revanşlar olub? Məgər o insanlar ağıllı deyildilər, heç nə başa düşmürdülər?
Bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Qarabağ məsələsinin qisas yolu ilə həllinə dair açıqlamasında deyib.
“Əvvəlcə “qisas” dedikdə nəyi nəzərdə tutduğumuzu başa düşməliyik. “İntiqam” deyəndə yeni uğur qeydə almağı, yeni uğura imza atmağı başa düşürəm. Qisasda pis heç nə başa düşmürəm. Yəni baş verənlər azərbaycanlıların qisası idi, hə? Əgər belədirsə, onlara icazə var, bizə yox?” - Sərkisyan bildirib

Məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Serj Sarkisyanın iqtidardan əvvəlki və iqtidar zamanlardakı fəaliyyətinə nəzər yetirdikdə onun irqçi tutumu olan siyəsətçi olduğunu görürük:  

“Sarkisyan hər zaman başqalarına güvənərək hərəkət edən siyasətçi olub. O, indi də bu təxəyyüldən çıxa bilmir. Düşünür ki, Ermənistanda yenidən revanşist qüvvələr iqtidarı ələ ala və ona hansısa vəzifə verilə bilər. Əvvəl hansı qüvvələr onların arxasında duraraq pozucu addımlar atmalarına kömək edirdilərsə yenidən sözügedən siyasi dəst-xəttini davam etdirəcəklər. Amma onun sözləri sadəcə olaraq uduzmuş, ölkəsində və dünya siyasi arenasında heç bir rolu olmayan şəxsin mənasız xülyasından başqa bir şey deyil. Bundan sonra Ermənistanda iqtidar dəyişikliyi baş versə belə erməni xalqının Sarkisyan və komandasını hakimiyyətə gətirməsi inandırıcı deyil. Biz bugün real siyasi vəziyyət üzərindən qiymətləndirmə aparmalıyıq. Sarkisyanın siyasi yükü əhəmiyyətli dərəcədə azalıb. Onun fikirləri vacib xüsusiyyətə sahib deyil”.