Növbəti seçkilərdə Ərdoğan namizəd ola biləcək? - ŞƏRH

Natiq Cəfərli: “Növbəti 4 il ərzində çox ciddi bir səhv etmədiyi təqdirdə Əkrəm İmamoğlu müxalifətin əsas namizədi olacaq”

“Əhali çox ciddi şəkildə Türkiyədəki iqtisadi vəziyyətdən, dolların məzənnəsindən, inflyasiyadan narazıdır”

  Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə verilən səslərin 99 faizdən çoxu hesablanıb. Yerli mətbuat xəbər verir ki, ölkə üzrə qutuların 99,37 faizi açılıb. Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.
  İlkin nəticələrdən də göründüyü kimi CHP namizədləri birinci yerə çıxaraq tarixi “qələbə” qazanıb. AKP isə seçki marafonunu ikinci yerdə başa vuraraq 22 illik iqtidarında ilk dəfə seçkilərdə məğlub olub.
Seçkinin nəticələri ilə bağlı müxtəlif proqnozlar səslənir.
"2028-də AKP getdi", "2028-ci il prezident seçkilərində CHP birmənalı qələbə qazanacaq" kimi şüarlar da var.
Görünən odur ki, 2028-ci ilə qədər Türkiyədə, eləcə də bütün dünyada çoxlu sular axacaq. Ehtimal edilir ki, Türkiyə lideri müxalifətin qələbəsini öz kreditinə yazaraq, qaynayan Şərqə və dünyanın aparıcı dövlətlərinə Türkiyədə demokratiyanın qələbəsini bəyan edib. Türkiyə təkcə Şərqə deyil, sivil liberal dünyaya daha bir demokratiya və xalq iradəsi dərsi verib. Yəni bu bir strategiyadır: Türkiyə əhalisi CHP-ni görməlidir ki, 2027-də düzgün qərar versin.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkisində olduğu kimi bələdiyyə seçkisində də faktiki rəqiblərinə qarşı kampaniyanı təkbaşına aparıb, şəhərləri gəzib, meydanlarda nitqlər söyləyib:

“Ancaq bu dəfə alınmadı. Ərdoğanın keçmişdə partiyası üçün işlətdiyi “metal yorğunluq” ifadəsi həyata vəsiqə qazandı. Hakim Ədalət və İnkişaf Partiyası liderliyi əzəli rəqibi Cümhuriyyət Xalq Partiyasına verdi. Ərdoğanın hakim partiyanı silkələməsi lazımdır, əks halda Cümhuriyyət Xalq Partiyasının 2028-ci il prezident seçkilərində qələbə şansı artacaq. Ərdoğan həmin seçkidə iştirak etməyəcək, Mənsur Yavaşın Ankarada, Əkrəm İmamoğlunun İstanbulda bələdiyyə seçkisində böyük qələbəsindən sonra CXP-in prezident seçkisində ən azı iki güclü namizədi var. Onlardan biri prezidentliyə iddialıdır. Hakim Ədalət və İnkişaf Partiyasının növbəti prezident seçkisində Ərdoğan qədər xarizmatik lideri olmasa, qələbə şansı azalacaq”.
  Respublikaçı Alternativ Partiyasının (ReAl) icraçı katibi Natiq Cəfərli “Sherg.az" açıqlamasında deyib ki, bələdiyyə seçkilərinin nəticəsi Ərdoğana və komandası AKP-yə çox ciddi siqnaldır:

“Əhali çox ciddi şəkildə Türkiyədəki iqtisadi vəziyyətdən, dolların məzənnəsindən, inflyasiyadan narazıdır. Bu narazılığın dərəcəsi də özünü bələdiyyə seçkilərində büruzə verdi. Bələdiyyə seçkilərinin nəticəsi Türkiyə iqtidarının dəyişəcəyi mənasına gəlməsə də, 2028-ci illə bağlı çox ciddi proseslərin başlayacağı da istisna deyil. Növbəti prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan namizəd ola bilməyəcək. AKP isə məhz Ərdoğanın gücü və xarizması hesabına ayaqda durur. Post - Ərdoğan dönəmində AKP-nin taleyinin necə olacağı hələlik sual altındadır. CHP-nin namizədi artıq bəllidir, növbəti 4 il ərzində çox ciddi bir səhv etmədiyi təqdirdə Əkrəm İmamoğlu müxalifətin əsas namizədi olacaq. AKP-nin də rəqibinə uyğun, hətta ondan dana nüfuzlu namizədlə seçkilərə getməsi şərtdir. Əks halda AKP iqtidarı itirəcək. Bu namizədin kim olacağını isə gələcək aylar, illər göstərəcək”.