Ermənistanın şərti sərhəddə canlı qüvvə və texnika yığması bunu bir daha göstərir
Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 8 il ötür. Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizlənib.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Aprel döyüşləri 2020-ci ildə qazandığımız Böyük Zəfəri şərtləndirən əsas amillərdən biri idi. İstər Aprel döyüşləri, istər 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Xalqımızın bütün təbəqələri həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər.
Lakin Ermənistan məğlubiyyətlə barışmaq istəmir və hər fürsətdə Azərbaycana qarşı təxribat törədərək ordumuza zərər verməyə çalışır. “Ənənə”yə sadiq qalan qonşu dövlətin aprel döyüşlərinin ildönümü ərəfəsində də regionda hərbi-siyasi təxribata hazırlaşmasına dair məlumatlar yayılıb. Ermənistan Azərbaycanla şərti sərhəddə qoşun cəmləşdirməkdə davam edir.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə "Sherg.az”a açıqlamasında deyib ki, sülh müqaviləsinə mane olan dövlətlər Ermənistanı Azərbaycana qarşı təxribata vadar edir:
“Ermənistan tərəfi vaxtaşırı olaraq Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təxribat törətməyə cəhd edib. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bu gün isə Sülh müqaviləsinin bağlanması ətrafında danışıqlar getdiyi, Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin gündəmdə olduğu bir vaxtda Ermənistan ordusu Azərbaycanla sərhədə qoşun yığır. Demək ki, Ermənistan revanşist mövqeyindən əl çəkməyib və sülh prosesində maraqlı deyil. Lakin Azərbaycanla hərbi esklasiyaya girəcəyi təqdirdə ağır məğlubiyyətə uğrayacaq.
Bəlkə də Ermənistana havadarlıq edən qüvvələr Azərbaycana qarşı təxribat törətməsi üçün onlara təzyiq edir. Ermənistan müstəqil siyasi iradəyə malik deyil, buna görə də həmişə Paşinyanın sülh mesajlarına inanmamışam. Ermənistanın şərti sərhəddə canlı qüvvə və texnika yığması bunu bir daha göstərir. Paşinyan dediklərini yerinə yetirə bilmir, kənardan gələn tapşırıqları icra edir".
M.Əsədullazadənin fikrincə, Ermənistan təxribata əl atıb diplomatik masada əlini gücləndirmək istəyir: “Məqsədlərindən biri Parisin tezisinə uyğun olaraq ermənilərin Qarabağa qayıtmalarına nail olmaqdır. Digər yandan, Azərbaycan qoşunlarının Zəngəzur və Göyçə istiqamətində strateji yüksəkliklərdən geri çəkilməsinə çalışırlar. Məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmaqdan ibarətdir. Aprel döyüşlərinin ildönümü ərəfəsində törədiləcək hər hansı bir toqquşma Ermənistana təkcə hərbi yox, ərazi itkiləri bahasına başa gələcək. Ermənistan yeni və daha ağır itkilərə hazırdırsa, biz də bunları ona verməyə hazırıq. Seçim İrəvanındır. Azərbaycanın seçimi sülhdür, bunu dəfələrlə bəyan edib. Əgər Ermənistan sülhü müharibə ilə gətirmək istəyirsə, o zaman çox ağır bədəllərinə qatlanmalı olacaq”.