"Qərb Cənubi Qafqazda öz tərəfini bəlli etdi və Ermənistanı seçdi. Halbuki illər əvvəl bu seçim Gürcüstandan yana idi"
Dünən keçirilən Brüssel görüşünün nəticələri öz aktuallığını qoruyur. ABŞ Dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı açıqlanan məqamlardan əlavə pərdəarxası müzakirələrin aparılması istisna edilmir. ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyir ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Guya ABŞ və Aİ sadəcə Ermənistan iqtisadiyyatı və dövlət idarəçiliyi sahələri ilə bağlı tədbirlərə sərmayə yatırmaq niyyətindədir.
Bu məqsədlə də Avropa Komissiyası Ermənistana 270 milyon avro, Birləşmiş Ştatlar isə 65 milyon dollardan çox yardım ayırmağı planlaşdırır.
Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var.Verilən maddi yardımın sabah hərbi sahəyə yönəldiləcəyinə kim zəmanət verə bilər?
Ümumiyyətlə, Qərbin Cənubi Qafqazda yalnız bir ölkəni ayıraraq onu gücləndirməyə çalışmasının səbəbləri hələ də region üçün aydın deyil.
Əgər Qərb doğrudan da Cənubi Qafqazda inkişafın, problemlərin həllini istəyirsə, o zaman hər üç ölkə ilə yaxud da üçü ilə birgə görüşlərin keçirilməsi düzgün olmazmı?
Siyasi şərhçi Yeganə Hacıyeva “Sherg.az”a açıqlamasında deyib ki, Brüssel görüşünün mahiyyətini sadəcə Ermənistana humanitar yardım yox, bu ölkəyə hərtərəfli dəstək üçün bir razılaşma görüşü kimi dəyərləndirir:
“Görüşlə bağlı sadəcə iqtisadi məsələlərin müzakirə edildiyi görüntüsü yaradılsa da, pərdə arxasında siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin də masaya yatırılmlşdı və bütün bunlar da mediaya iqtisadi mövzuların müzakirəsi kimi təqdim olunmuşdu.
Hər nə qədər ABŞ və Avropa İttifaqının yüksək vəzifəli şəxsləri mesajlarında inandırmağa çalışsalar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik.
Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Qərbin ssenariləri arasında əsas hədəf Ermənistanı regiondan keçən kommunikasiyalara qoşmaqdır, kommunukasiyalara nəzarət əldə etmək.
Müzakirə olunmuş məsələlər haqqında onu qeyd etməliyəm ki, iqtisadi müzakirələr hələlik göyə atılmış bir daş təəssüratı yaradır.
Çünki qlobal iqtisadi layihələrin regionla bağlı hissəsi üzrə iştirakçı ölkələr, bir sözlə iştirakçı dövlətlərin buna razılıq verib - verməyəcəyi sual altındadır.
Görüş sonrası ABŞ dövlət katibi Entoni Blinken bildirdi ki, ABŞ Ermənistana 65 milyon dollardan çox pul verməyi planlaşdırır ki, bu da iki il əvvəllə müqayisədə 50% çoxdur. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Aİ nin əsas hədəfinin Cənubi Qafqazda daha güclü Ermənistan olmasıdır. Ədaləti və tarixi reallıqları kənara qoyuram, amma beynəlxalq hüququ pozan, qonşusunun torlaqlarını 30 il işğal altında saxlayan, terrora məruz qoyan, maddi-mənəvi talayan, mülki vətəndaşlarını qətl edən, kütləvi məzarlıqda basdıran Ermənistana belə münasibət, başqalarını da işğala, müharibə cinayətlərinə və terrora cəsarətləndirmək, sövq etməkdir”.
Yeganə xanımın fikrincə, Ermənistanı regionun ən güclü və sabitliyin hökm sürdüyü bir dövlətə çevirmək istəyirlər:
“Bunun üçün də Ermənistanın təhlükəsizliyi ilə bağlı çox ciddi dəstək veriləcək. Sərhədlərinin müdafiəsi, daxildəki hərbi qrupların müdafiəsi üçün bütün lazımı addımlar atılacaq. Bu addımların isə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün atılması görüntüsünü adı altında təqdim edirlər.
Bir sözlə, Qərb dünənki tarixdə Cənubi Qafqazda öz tərəfini bəlli etdi və Ermənistanı seçdi. Halbuki illər əvvəl bu seçim Gürcüstandan yana idi. Lakin Avropa Birliyinin Ermənistanı bu qədər yaxına çəkdiyi bir dövrdə Gürcüstana üzvlüklə bağlı fərqli mesajların verilməsi bir daha göastərir ki, Qərb özünə əsas tərəfdaş kimi Gürcüstanı yox, məhz Ermənistanı göstərmək istəyir. Amma bu da sadəcə təqdimatdır, çünki Qərbin əsas məqsədi öz maraqlarını təmin etməkdir”.