İran təyyarəsi ilə Ermənistana silah daşınır

Paşinyan Azərbaycanı növbəti hərbi konfliktə cəlb etməyə nail olacaqsa, bu onun sonuncu səhvi olacaq

  İranın “İranAir” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi son üç gündə üçüncü dəfədir ki, Tehrandan İrəvana gəlib. Rusiyanın “Telegram” kanallarında yayılan məlumatlara görə, təyyarə əvvəllər İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadəsində olub. Bildirilib ki, hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib.
  Politoloq Vasif Əfəndi isə “Sherg.az"a açıqlamasında deyib ki, İranın Ermənistana silah daşıması yeni faktlar deyil, bu əməllər torpaqlarımızın işğalından bu günə qədər davam etməkdədir:

“İranın Ermənistanla münasibətlərinə qısqanclıqla yanaşan Azərbaycan birdəfəlik anlamalıdır ki, onları bu yoldan çəkindirmək cəhdləri hədər zəhmətdir. Avşarlar imperiyası və Rza şah Pəhləvi dönəmi istisna olmaqla son 500 ildə bu platoda İran coğrafiyası hakimiyyətləri birmənalı antitürk siyasət yürüdüblər. Hətta Osmanlıya qarşı Avropa ölkələri ilə ittifaqda olublar. Səfəvilər tərəfindən işğal olunan indiki Azərbaycan Respublikasının əraziləri Qacarlar tərəfindən cənubdakı soydaşlarından qoparılaraq Rusiyanın tərkibinə verilməsində də “parçala hökm sür“ siyasətini görürəm. Əsası 500 il öncə qoyulan bu siyasət irani-məzhəbçi dövlət tərəfindən bu gün də davam etdirilir. İran hakimiyyətinin ideoloji-siyasi konturlarının məhz Fransada yaradılması tarixi müttəfiqliyin nəticəsidir. Bu gün Fransa-İran-Ermənistan üçlüyü Azərbaycan-Türkiyə qardaşlığına qarşı ciddi koalisiya qurublar. 30 ildən artıq zaman kəsiyində ağlasığmaz işğal faktoruna məruz qalmağımıza baxmayaraq, nə İran, nə də özlərini demokratik təşkilat adlandıran qurumlar və dövlətlər ciddi münasibət sərgiləmədi. Bu üçlüyə etnik qardaşlıq zəminindən Hindistanın da qatılması çox üzücü olsa da, biz ayıq və hazırlıqlı olmalıyıq. Avropa Birliyi ilə münasibətləri yenidən istiləşdirmək lazımdır. ABŞ rəsmilərinin ardıcıl olaraq Azərbaycan Prezidentinə zəng edərək Ermənistanla planlaşdırılan görüşlərdə bizə qarşı hər hansı planlarının olmaması xəbərdarlığı hər nə qədər ümidverici olsa da, bu istiqamətdə də davamlı işləməliyik. ABŞ və Avropa İttifaqı ilə konfliktdə olmaq hazırkı şəraitdə münasibətlərin normallaşdırılmasına doğru istiqamətləndirilməlidir”.
  Politoloqun sözlərinə görə, Ermənistanın silahlanması adı ilə aparılan kampaniyanın da heç bir perspektivi yoxdur: “İndiki şərtlər daxilində heç bir ölkə Ermənistanın əvəzinə əsgər göndərərək bizə qarşı vuruşmayacaq. İki milyon əhalisi olan Ermənistanın da 10 milyonluq Azərbaycana qarşı müharibə edəcək canlı əsgəri və uğurlu hərbi əməliyyatlar nümunəsi yoxdur. Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı növbəti hərbi konfliktə cəlb etməyə nail olacaqsa, bu onun sonuncu səhvi olacaq”.