Politoloq: Qərbin regiona müdaxiləsi fonunda sülh danışıqları tormuzlanıb

Ermənistan sülh danışıqlarına kölgə salır. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiyini bildirir, digər tərəfdən isə Qərbdəki havadarları ilə hərbi eslakasiya planları qurur. 
Hansı ki son aylara qədər iki ölkə arasında sülh istiqamətində mühüm addımlar atılır, vasitəçisiz görüşlər keçirilirdi. 30 il ərzində olmayan və aparılmayan konstruktiv danışıqların  getdiyi  bir dönəmdə  Qərb prosesə müdaxilə edərək   Ermənistanı sülhə yox, məhz təxribatlara sövq edir.
Onların regiona müdaxiləsi və danışıqlara zərər verəcək addımlar atması  isə haqlı olaraq  Bakını narahat edir.  Belə ki, aprelin 5-də Brüsseldə Amerika Birləşmiş Ştatları-Avropa İttifaqı -Ermənistan arasında keçirilən görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi, sülh prosesinə mane olacağı ehtimal olunur.  Hər nə qədər ABŞ, Ermənistan və Aİ görüşünün Azərbaycana qarşı yönəlmədiyini desə də, bu, Bakının narahatlığını aradan qaldırmır. Biz artıq postmüharibə dövrünü iki mərhələyə bölə bilərik. Birincisi, 5 aprelə qədər regionda mümkün sülh axtarışları dövrü və 5 apreldən sonra isə Ermənistanın sülhə qarşı şiddətlənməsi və bu istiqamətdə ABŞ, Avropa Birliyinin bu ölkəyə siyasi, diplomatik, hətta hərbi yardım etməklə bağlı regiondakı vəziyyətin daha da gərginləşdirilməsi mərhələsi.
Rəsmi Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri rəsmi Bakının  etibarını ciddi mənada sarsıdıb. Tərəflərin maksimum dərəcədə qarşılıqlı etimada zərər vuracaq vasitələrdən yayınması lazım olduğu bir zamanda bu cür addımların atılması  anlaşılan deyil.
Ermənistan anlamalıdır ki, Qərbin ikili standartları dünyanın hələ heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Regionu risk altında qoymağa çalışan bəzi dövlətlərin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq. İtirən isə yalnız Ermənistan olacaq. Davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə, Qərbin oyununa getmək ölkəni yerlə-yeksan edəcək. Beləliklə, ümid etmək olar ki, Brüssel görüşünün nəticəsi olaraq gələcəkdə regionda müharibəni yenidən alovlandırmağa cəhd olmayacaq. Sözdə hədəf Rusiya üçün ikinci cəbhə açmaq olsa da, bu görüşlərin Azərbaycana qarşı təhdid ehtiva etməsi də istisna deyil. Nə də olsa qarşımızda sözünə əməl etməyən Ermənistan və daim ikili standartlar yeridən Qərb dünyası var. 

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov da “Sherg.az”a açıqlamasında Ermənistanın sülhə qarşı təxribatlarının davam etdiyini xatırladıb:
“ 5 aprel tarixində Amerika Birləşmiş Ştatları- Avropa ittifaqı- Ermənistan arasında keçirilən  “üçtərəfli” görüş regionda gedən sülh danışıqları üçün ciddi bir təhlükədir. Çox güman ki, bu görüş Ermənistandakı sülh əleyhinə olan müqaviməti inkişaf etdirəcək. Qərb açıq şəkildə bəyan edir ki, biz Ermənistanı gücləndirəcəyik. Düzdür, bunu daha çox iqtisadi müstəvidə edəcəklərini desələr də, bütün hallarda iqtisadi dirçəliş nəticə etibarilə həm də hərbi gücə gətirib çıxarır. Xüsusilə qeyd etmək istərdim ki, Ermənistana ayrılan “humanitar yardım” ölkə iqtisadiyyatının dirçəldilməsinə yox, məhz ordunun silahlandırılmasına yönələcək. Görüşdə açıq şəkildə bəyan edilməsə də, hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirəsi istisna deyil. Hətta bəzi ehtimallara görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdə Azərbaycan ordusunun gücünü, hansı adda, hansı çeşiddə silahlara sahib olduğumuzu ABŞ və Aİ-nin diqqətinə çatdırıb.  Azərbaycanın sahib olduğu silahlara bərabər silahlar əldə etməklə rəsmi Bakı ilə müqayisədə güc əldə etmək üçün sözügedən məsələ gündəmə gətirilib. Görünür, avropalı tərəfdaşları da Paşinyanı dəstəkləyiblər. Bu barədə “Politico” nəşrində yazılıb”. 

Politoloqun fikrincə 30 il ərzində mövcud olmayan və nəticəyə yönəlik danışıqların aparılmadığı bir məqamda Qərb Ermənistanı sülhdən çəkindirməyə çalışmaqla yanaşı, Cənubi Qafqazda ayırıcı xəttlər çəkmək əzmini nümayiş etdirir.  Bu isə qəbul olunan deyil:
 “Azərbaycan əsla sülh çağırışından geri durmayacaq. Əvvəl- axır sülh, təhlükəsizlik və sabitlik Cənubi Qafqzda bərqərar olunmalıdır. Biz sülh ilə bağlı mövqeyimizi  44 günlük Vətən müharibəsindən sonrakı günlərdə də bəyan etmişik. Sülh  Müqaviləsi ilə bağlı 5 maddəlik təklifi irəli sürərək öz mövqeyimizi bəlli etdik. Qərbin regiona müdaxiləsi fonunda sülh danışıqları tormuzlanıb. Ötən 3,5 il ərzində iqtisadi- nəqliyat əlaqələrinin bərpa olması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müəyyən nəticələr əldə olunsa da, Ermənistan öz havadarlarının təsiri ilə bu nəticələri sıfırlayır. Hətta yeni işğal haqqında  planlar qurur. Uzun müddət keçməsinə baxmayaraq anklav olmayan 4 kəndin də Azərbaycana qaytarılması ilə bağlı tələbimizə müsbət cavab verilməyib. Ümumiyyətlə heç  Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı Ermənistan Konstitutsiyasındakı maddələr də ləğv edilməyib”.