Bayramovun Qırğızıstan səfəri: Rəsmi Bakı və Bişkek əlaqələri dərinləşdirir -AÇIQLAMA

Aprelin 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Qırğızıstan Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki,  bu səfər həm Qırğızıstan-Azərbaycan, həm də digər türk dövlətləri arasındaki münasibətlərin inkişafına təkan verəcək hadisə sayıla bilər:

"Hazırda tərəflər müxtəlif istiqamətlərdə münasibətləri inkişaf etdirməyə çalışırlar. Bildiyiniz kimi Azərbaycan və Qırğızıstan Prezidentləri qarşılıqlı səfərlər həyata keçirib. Çox güman ki, bu səfərlər silsiləsi davam edəcək. Düşünürəm ki, görüşdən sonra Azərbaycan və Qırğızıstan münasibətləri, eyni zamanda ikitərəfli ticarət əlaqələri daha da güclənəcək. Son bir neçə ildə tərəflər arasında ticarət mübadiləsinin ümumi həcmi bir neçə dəfə artıb. Xüsusilə Azərbaycanın investisiya şirkətləri Qırğızıstanın dağ-mədən sahəsində layihələr həyata keçirmək üçün maraq göstərir. Düşünürəm ki, bu səfər yalnız rəsmi Bakı və Bişkek üçün yox, bütün türk dünyası üçün əhəmiyyətlidir".

Yusif Mamedov