Gərginliyin səbəbkarı və günahkarı Fransadır - RƏY

Parisin səfirin çağırılması ilə bağlı bəyanatında yer alan ifadələr erməni auditoriyasına hesablanmış sözlərdir

“Əgər Fransa və Ermənistan münasibətlərində Azərbaycana kiçik də olsa zərbə dəyəcəksə, Azərbaycanın cavabı fərqli olacaq”

  Fransa Azərbaycanla münasibətləri gərginləşdirən addımlar atmağa davam edir. Rəsmi Parisin sonuncu diplomatik həmləsi Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırması olub. Fransa əsassız olaraq rəsmi Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib. Yayılan bəyanatda Fransanın Ermənistanın ənənəvi müttəfiqi olduğu vurğulanıb, mühüm erməni diaspor icmasına ev sahibliyi etməsi qeyd edilib. Bəyanatda Fransanın Ermənistan ərazisində layihələrinin olması da etiraf edilib. Fransa tərəfi bu addımın “son aylarda Azərbaycan tərəfindən ölkələrimiz arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etməsi ilə əlaqədar” atıldığını açıqlayıb. Halbuki məhz Fransa Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. Fransa 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, ondan sonra Azərbaycanın Laçın-Xankəndi yoluna gömrük-sərhəd nəzarətini, 2023-cü ilin sentyabrında antiterror tədbirləri keçirərək ərazi bütövlüyünü bərpa etməsinə qarşı bütün diplomatik rıçaqlarını işə salıb. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı 7 fərqli sənədin qəbul olunmasına çalışıb. Azərbaycanı gah hərbi aqressiyada, gah Qarabağda Laçın yolundakı ekoaksiya zamanı “blokada” tətbiq etməkdə, gah da Qarabağda “etnik təmizləmə”lərdə və s. ittiham edən Fransanın bu cəhdlərinin hamısı onun üçün diplomatik fiasko ilə nəticələnib. Fransanın hazırladığı sənədlərin heç biri qəbul olunmayıb. Çünki rəsmi Bakı beynəlxalq hüququn normaları və BMT TŞ qətnamələri əsasında tam legitim addımlar atırdı. Azərbaycanı münasibətlərdə birtərəfli addımlar atmaqda ittiham edən Fransanın hələ də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmasını qəbul etmədiyini qeyd etmək lazımdır. Azərbaycanın uğurlarını diplomatik yolla önləyə bilməyən Fransa hərbi sahədə Ermənistana dəstək verməyə, onu silahlandırmağa və Cənubi Qafqazı yenidən militarizasiya meydanına çevirməyə başlayıb. Bundan başqa, Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşa edilməsi, iki fransız diplomatın “persona non grata” elan edilməsi, Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı, Azərbaycanın COP29-a sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar Fransanın artan qərəzinin nümunələridir. Son aylarda isə Fransa ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı yersiz olaraq Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və bölgədə gərginliyi artırmaqda ittiham edir. Göründüyü qədər Fransa Cənubi Qafqazdakı yeni siyasi reallığı qəbul etməkdə hələ də çətinlik çəkir. Proseslərə uğursuz müdaxilə cəhdlərinə görə diplomatik stress yaşayır və xaotik addımlar atır. Varlığı ilə yoxluğu bilinməyən səfir Buayonun "məsləhətləşmələr üçün" geri çağırılması da diplomatik xaotikliyin pik həddi sayıla bilər. Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasının tərəfdarıdır.
  Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, Fransa Azərbaycanla münasibətləri daim gərginləşdirməkdə davam edir. Deputat vurğulayıb ki, iki ölkə arasındakı mövcud gərginliyin və əlaqələrin pozulmasının səbəbkarı və günahkarı Fransa özüdür: