Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Fransanın maskasını cırdı
"Əsas məsələ odur ki, ən böyük problemimizi həll etmişik. Azərbaycan güclü dövlətdir, qalan digər problemləri də həll etmək iqtidarındadır"
Fransa ilə münasibətlərin gərginləşməsində təşəbbüskar tərəf heç vaxt Azərbaycan olmayıb. Əksinə, ikitərəfli münasibətlərin beynəlxalq hüquq normalarına uyğun qurulmasına çalışmışıq. Lakin Fransanın Azərbaycandakı səfirini "məsləhətləşmələr üçün" geri çağırması rəsmi Parisin ikitərəfli münasibətlərdə etimadın bərpasında maraqlı olmadığını göstərir. Ötən ilin sonlarında Fransa Milli Assambleyasında Azərbaycanla Dostluq qrupunun fəaliyyətinin dondurulmasından sonra parlamentlərarası əməkdaşlıq da dayandırılıb. Əslində Fransanın Ermənistanı silahlandırmaq təşəbbüsləri və Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda atdığı qərəzli addımlar fonunda səfirin geri çağırılması gözlənilməz hesab edilə bilməz.
Fransanın Azərbaycanla bağlı atdığı bütün addımların mahiyyətinə, qəbul etdiyi qərarların məzmununa diqqət yetirsək, bizim ölkəmizlə təzyiq və təhdid dili ilə danışmaq cəhdlərini müşahidə edirik. Fransa Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməyə çalışır və Azərbaycanı bu məsələdə əsas maneə kimi görür. Çünki Azərbaycan tamamilə müstəqil siyasət yürüdür, başqa ölkələrin diktəsi ilə addım atmır. Bu bir reallıqdır, lakin Fransa hələ də bu reallığı düzgün qiymətləndirə bilmir. Fransa Azərbaycanla əlaqələri korlamaq üçün mümkün olan bütün addımları atıb. Fransa 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, ondan sonra Azərbaycanın Laçın-Xankəndi yoluna gömrük-sərhəd nəzarətini, 2023-cü ilin sentyabrında antiterror tədbirləri keçirərək ərazi bütövlüyünü bərpa etməsinə qarşı bütün diplomatik rıçaqlarını işə salıb. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı 7 fərqli sənədin qəbul olunmasına çalışıb. Azərbaycanın qəbul etdiyi qərarlar isə yalnız rəsmi Parisin qərəzli siyasi bəyanatlarına və qərarlarına cavab mahiyyətində olub. Azərbaycanın xarici siyasətinin ən vacib prinsipi münasibətlərin qarşılıqlı hörmət, bir-birinin fundamental xarakterli maraqlarını nəzərə almaq şərtilə qurulmasıdır. Təəssüf ki, biz Fransanın tamamilə fərqli yanaşma nümayiş etdirdiyini görürük. Bu cür qərəzli və birtərəfli siyasət isə heç zaman səmərəli ola bilməz. Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşa edilməsi, iki fransız diplomatın “persona non grata” elan edilməsi, Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı, Azərbaycanın COP29-a sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar Fransanın artan qərəzinin nümunələridir. Son aylarda isə Fransa ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı yersiz olaraq Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və bölgədə gərginliyi artırmaqda ittiham edir. Göründüyü qədər Fransa Cənubi Qafqazdakı yeni siyasi reallığı qəbul etməkdə hələ də çətinlik çəkir. Proseslərə uğursuz müdaxilə cəhdlərinə görə diplomatik stress yaşayır və xaotik addımlar atır. Problem ondadır ki, Emanuel Makron hökumətindən artıq hər cür addım gözləniləndir. Dünyanın aparıcı dövlətlərindən birinin rəhbərliyində qeyri-ciddi şəxslər təmsil olunurlarsa, həmin ölkədən nə desən, gözləmək olar. Bu gün Fransanın tək Azərbaycana qarşı deyil, dünyanın daha qlobal və təhlükəli problemlərinə naşı münasibəti bütün bunları təsdiq edir.
Millət vəkili Nəsib Məhəməliyev deyib ki, Fransanın Azərbaycandakı səfirinin "məsləhətləşmələr üçün" geri çağrılmasının əsas günahkarı Fransanın siyasi hakimiyyətidir. Deputatın sözlərinə görə, bu o deməkdir ki, Fransa ölkəmizə yönəlik düşmənçilik siyasətini davam etdirmək niyyətindədir:
"Azərbaycan Fransa ilə münasibətlərin yüksək səviyyədə qurulması üçün əlindən gələni edib. Birgə iqtisadi, sosial, humanitar layihələr icra olunub. 30 illik erməni işğalı zamanı, ən azından Fransanın neytrallığına nail olmuşuq. Lakin, 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Fransanın maskasını cırdı və əsl simasını göstərdi. Bu ölkə Ermənistanı yenidən silahlandırmağa, "Arsax respublikası"nı tanımaqla Qarabağda separatçılığı yenidən alovlandırmağa cəhd etdi. Avropa İttifaqını özünün başladığı destruktiv prosesə qoşdu. AB-nin missiyası "mülki müşahidəçilər" adı altında Azərbaycanla razılaşmadan sərhədlərimizdə kəşfiyyat işləri aparmağa başladı. Təbii ki, bütün bunlar ikili münasibətlərə zərbə vurdu".
Parlament üzvü vurğulayıb ki, hadisələr göstərir ki, Fransa münasibətlərimizin normallaşmasında maraqlı deyil:
"Yeni sürprizlər ola bilər. Paris Qarabağ ermənilərinin, ümumiyyətlə "erməni məsələsi"nin beynəlxalq müstəvidən düşməsinə imkan verməməyə, Ermənistanı intensiv silahlandırma siyasətini davam etdirməyə çalışacaq. Azərbaycan əleyhinə yalan, böhtan kampaniyasının miqyasını genişləndirəcək. Hesab edirəm, səfirin geri çağırılması, Fransa kimi dövlətə yaraşmayan isterik davranışdır. Amma buna görə "matəm elan etməli" deyilik. Əsas məsələ odur ki, ən böyük problemimizi həll etmişik. Azərbaycan güclü dövlətdir, qalan digər problemləri də həll etmək iqtidarındadır".