Türkiyənin ana müxalifəti də Azərbaycanın yanındadır -ŞƏRH

CHP-nin yeni rəhbərliyi Azərbaycana qarşı siyasətində ciddi korrektələr etməyə başlayır
 
“Türkiyədə 20 illik oturuşmuş sistem var və bu sistemi müdafiə edib, inkişaf etdirmək CHP üçün də əsas xətt olacaq”
 
 
 Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana dəstək verib. Özəl Azərbaycanla bağlı yaşanan hadisənin təəssüf doğurduğunu bildirib. O vurğulayıb ki, CHP Şuranın ortaq dəyərlərini müdafiə edir, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir: "Bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq". Özəlin açıqlamasını şərh edən bəzi ekspertlər Türkiyənin ana müxalifət partiyası sayılan CHP-nin Azərbaycanla bağlı mövqeyində müsbət dəyişiklik olduğu qənaətindədirlər.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, CHP Türkiyədə bələdiyyə seçkilərində qalib gəlib və kifayət qədər mövqeyini möhkəmləndirib. Ekspertin sözlərinə görə, Türkiyədə CHP-nin iqtidara gəlməsi ilə Azərbaycana dəstəyin azalacağı daim siyasi partiyalarda və ekspert cameəsində müzakirə predmeti olub:
 "Hakim Ədalət və İnkişaf Partiyası (AKP) kimi CHP-nin Azərbaycana tam dəstək verməyəcəyi qeyd edilir. Burada haqlı məqamlar var. İkinci Qarabağ müharibəsində CHP sədri və funksionerlərinin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq. CHP Milliyyətçi Hərəkat Partiyası kimi Azərbaycana dəstək vermədi. Ancaq partiya rəhbərliyinin dəyişməsindən sonra yeni sədrin Azərbaycanla bağlı müsbət mesajlarının şahidi oluruq. Hətta CHP sədri Özgür Özəl başqanlığa seçiləndə ilk səfərini Azərbaycana edəcəyini vurğulamışdı. Görünür, Türkiyənin güclənməsi fonunda Azərbaycanla da sıx müttəfiqlik əlaqələrinə malik olması yeni rəhbərliyin siyasətində dəyişikliklərə səbəb olub. Şübhəsiz, Türkiyə prezidenti cənab R.T.Ərdoğanın hakimiyyət illəri iki qardaş ölkənin qızıl dövrüdür. Lakin CHP rəhbərliyi də reallıqları qəbul edir. Partiya Azərbaycanla sıx əməkdaşlığın qardaş ölkənin milli maraqlarına cavab verdiyinin fərqindədirlər".

 Analitik vurğulayıb ki, CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlunun Azərbaycana qarşı mövqeyi dövlət maraqlarından yox, sırf  Ərdoğana qəzəbi səbəbindən qaynaqlanırdı: 
"CHP-nin indiki rəhbərliyi Azərbaycana qarşı siyasətində ciddi korrektələr etməyə başlayır və əvvəlki rəhbərliyin səhvini düzəldir. Türkiyədə 20 illik oturuşmuş sistem var və bu sistemi müdafiə edib, inkişaf etdirmək CHP üçün də əsas xətt olacaq. Çünki bu plan Türkiyəni regional gücə və söz sahibi ölkəyə çevirib. Uzun müddət CHP sıralarında anti-Azərbaycan mövqelərinin şahidi olmuşuq. Yeni sədr bu kimi çıxışların qarşısını almalı və öz siyasətində Azərbaycanla bağlı məsələdə partiyanın bütün kadrlarına tapşırıq verməlidir. Nəzərə alınmalıdır ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış bəyannamə və müqavilələr iki qardaş ölkənin Cənubi Qafqazda mövqeyini möhkəmləndirib".