“İndiyədək erməni liderlərinin içində bu təfəkkürdə olan, reallıqları bu formada topluma anladan şəxs olmayıb”
Onun söylədikləri reallıq və həqiqətdir. Əslində, belə bəyanatlar Paşinyanın daxildəki nüfuzuna da zərbə vurur. Lakin baş nazir dərk edir ki, ermənilərə gerçəkləri anlatmağın başqa yolu yoxdur”
Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir sülh sazişinin imzalanmasının, Türkiyə və Azərbaycanla normal əməkdaşlıq qurmağın qaçılmaz reallıq və zərurət olduğunu söyləyib. Paşinyanın sözlərinə görə, son 30 ildə regionda xaos şəraitində yaşayırlar və buna son qoymağın vaxtı çatıb:
“Fikrimiz ondan ibarətdir ki, “vay, Azərbaycan 50 metr aralıdadır” deməyəsiniz, deyəsiniz ki, vay, nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, biz orada ticarət edəcəyik, orada iqtisadiyyat quracağıq. Daha bir keçid məntəqəsi tikə bilərikmi, maşınlar gəlib getsin, Ermənistan Respublikasına pul ödənilsin... İndi məndən soruşa bilərsiniz ki, bunun olacağına 100 faiz zəmanət verirsən? 100 faiz zəmanət vermirəm, amma bilirəm ki, addım-addım gedəcəyik, 90 faiz və daha da çox olacaq”. Baş nazir əmin edib ki, bu addımlar atılmasa, bölgədə yeni partlayış olacağı qaçılmazdır: “Haqq var, qanun var, xətt var, gedirik, o xətdə dayanırıq. Bu xətt üzərində dayanmaqla bugünkündən 100 dəfə güclü olacağıq. Söhbət bəxşiş verməkdən getmir, Ermənistan Respublikasını bir dövlət kimi 100 dəfə gücləndirməkdən gedir”. Baş nazir vurğulayıb ki, Armavir vilayətinin Marqara kəndində evlərdən 50 metr aralıda Türkiyə və türk ordusu var, məqsədimiz bu durumu dəyişməkdir: “İstəyimiz və gözləntimiz bu vəziyyətdə bir-birimizin yanında olmaq, hər şeyi anlayaraq addım-addım irəliləməkdir. Deyə bilmərəm ki, bədbinliyiniz əsassızdır, bugünkü vəziyyət nikbinliyə heç bir əsas vermir. Optimizm yaratmaq üçün irəli getməliyik”. Paşinyan deyib ki, əsas məsələ iki xalq arasında etimad formalaşdırmaqdır: “Artıq qarşılıqlı öhdəliyə çevriləcək bir sənəd yaratmaq istəyirik. Bunu etməsək, 100 faiz deyə bilərəm ki, təhlükəsizliyi təmin edə bilməyəcəyik. Proses irəlilədikcə nikbinliyim artır. Bu yolla getməsək, heç bir yerə çatmayacağıq və bu yolla bizim çox böyük şansımız var və özümüzə nə qədər arxayın olsaq, ora çatma ehtimalımız bir o qədər çox olar”. Baş nazir qeyd edib ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməməlidir: “Məqsədimiz, ideyamız ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” deyəndə narahat olmaq yerinə “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada ticarətlə məşğul olarıq, bəlkə ferma tikərik” deyəsiniz. Həmçinin buradan avtomobillərin keçəcəyi buraxılış məntəqəsi tikmək olar ki, buna görə Ermənistan Respublikasına ödəniş edərlər”. Bundan başqa Paşinyan gələn həftədən kənd icması rəhbərlərinin demarkasiya və delimitasiya ilə bağlı komissiyaya daxil ediləcəklərini qeyd edib. Paşinyan bu il ikinci dəfədir Tavuşun sərhəd icmalarına gedir.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan erməni cəmiyyətinə mifik, yalançı xəyallarla deyil, reallıqlarla barışmağı, həqiqətin gözünə dik baxmağı məsləhət görür. Analitik hesab edir ki, Paşinyanın Tavuşda erməni sakinləri ilə görüşlərdə səsləndirdiyi fikirlər, "Böyük Ermənistan"la real Ermənistan dövləti arasındakı fərqi göstərməyə çalışması, qondarma soyqırımla bağlı izahatları erməni cəmiyyətinə reallıqları göstərmək təşəbbüsləridir:
"Əks təqdirdə erməni şüuru kənar güclərin istismar aləti olaraq qalacaq. Tarix boyu bundan istifadə ediblər. Xaricdəki erməni lobbisi qondarma erməni soyqırımını milyardlar qazandıran sənayeyə çeviriblər. Ona görə də bundan imtina etmək istəmirlər. Digər tərəfdən Rusiya, Fransa, İran kimi ölkələr ermənilərdən istifadə edərək öz geosiyasi maraqlarını təmin etməyə çalışıblar. Ermənilərdən Türk dünyasının parçalanmasında alət kimi yararlanıblar. Paşinyan bunları erməni cəmiyyətinə anlatmağa çalışır ki, həqiqəti görsünlər, anlasınlar. İlk növbədə erməni toplumu özü ilə barışsın. Sərhədlərin müəyyənləşməsi məsələsində də Paşinyan sülh sazişini önə çəkir. Açıq şəkildə bəyan edir ki, Azərbaycanın 50 metr yaxınlıqda olmasını faciəyə çevirmək lazım deyil. Bunu pozitiv elementə çevirməyi məsləhət görür. İzah etməyə çalışır ki, əgər sülh olarsa, ərazi bütövlüyü qarşılıqlı tanınarsa, sərhədlərin legitimliyi beynəlxalq hüquqa əsasən tanınacaq. Bununla da ermənilərin narahatlığı aradan qalxacaq. İndiyədək erməni liderlərinin içində bu təfəkkürdə olan, reallıqları bu formada topluma anladan şəxs olmayıb. Ola bilsin, Paşinyanı kimlərsə bəyənmir. Ancaq onun söylədikləri reallıq və həqiqətdir. Əslində, belə bəyanlar Paşinyanın daxildəki nüfuzuna da zərbə vurur. Lakin baş nazir dərk edir ki, ermənilərə gerçəkləri anlatmağın başqa yolu yoxdur. Ermənistanın gələcək perspektivini düşünən hər erməni Paşinyanın sözlərinə qulaq verməli və dediklərini həzm etməlidir. Seçim erməni toplumunundur".