Azərbaycan-Çin əlaqələri: İki ölkə arasındakı dialoqlar artacaq -ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. 

Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edilib.

Dövlət başçısı vurğulayıb ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir.

Həmçinin görüşdə iqtisadiyyat, ticarət, nəqliyyat mövzuları, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, Çin kimi siyasi iyerarxiyada vacib rolu olan dövlətin nümayəndəsinin Azərbaycana gəlişi əhəmiyyətli hadisədir:
"Görüşdə səsləndirilən fikirlər, Prezident İlham Əliyevin bəyanatları iki ölkənin həm iqtisadi, həm də siyasi əlaqələrinin inkişafının sübutudur. Azərbaycan-Çin ticarət dövriyyəsinin həcminə nəzər salsaq görərik ki, bu il iki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilə nəzərən 3.1 milyard artıb. Yaxın zamanda Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri olub. Səfər zamanı hər iki ölkənin nümayəndələri arasında məhsuldar danışıqlar baş tutub. Qeyd edək ki, yaxın zamanda Azərbaycan-Çin arasında turist mübadiləsi də artıb". 

Analitik əlavə edib ki, bütün bunlar rəsmi Pekinin "Bir kəmər, bir yol" layihəsinin regionda inkişaf etdirmək istədiyinin göstəricisidir:
"Hesab edirəm ki, səfərdən sonra iki ölkə arasındakı dialoqlar təkcə siyasi və iqtisadi sahədə yox, həm də ictimai sahədə genişləndiriləcək".