Fransa Kaledoniyada açıq soyqırıma da gedə bilər

Makron hakimiyyəti yerli əhalinin müstəqillik istəklərini boğmaq üçün bütün mümkün vasitə və zorakılıqdan istifadə edir

  Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı güc tətbiq ediblər, əraziyə hərbi texnika yeridilib. Qeyd edək ki, Yeni Kaledoniyada baş verən hadisələrlə əlaqədar Fransa Prezidenti Emmanuel Makronun adaya səfəri gözlənilir. Hökumət rəsmisi Priska Tevenonun sözlərinə görə, dövlət başçısı hakimiyyət tərəfindən siyasi dialoqun qurulması istiqamətində apardığı kursu davam etdirməyə səy göstərəcək. Prezidenti səfərdə ölkənin daxili işlər naziri Jerald Darmanin, müdafiə naziri Sebastian Lekornu və xarici ərazilər naziri Mari Qeven müşayiət edəcək.
  Yelisey sarayından bildirilib ki, səfər zamanı dövlət başçısı Yeni Kaledoniya sakinlərini maraqlandıran bir çox haqlı suallara cavab verəcək: “Prezident belə bir məsafəni qət etməyə hazırlaşırsa, bu, bütün tərəfləri dialoqa təşviq etməyin faydalı olacağına inanmıdır”.
  Ekspertlərin şərhinə görə, Fransa Yeni Kaledoniyanı həm strateji hərbi mövqeyinə görə, həm də təbii resurslarına görə caynağından buraxmaq istəmir. Çünki Yeni Kaledoniyanın iqtisadiyyatı əsasən nikel hasilatına əsaslanır. Eyni zamanda dəmir yataqları ilə zəngindir. Bundan əlavə, burada xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun, mis filizlərinin yataqları var. Sənaye sahələrində nikel və dəmir mədənçıxarma, əlvan metallurgiya, balıqçılıq üstünlük təşkil edir. Turizm isə nikel hasilatından sonra ən gəlirli sahə hesab edilir. Kənd təsərrüfatında qəhvə ağacları, kokos ağacları, kartof, becərilməsi üstünlük təşkil edir.
Buna görə də Fransa müstəmləkəçılık siyasətindən əl çəkmək istəmir. Amma mütləq bir gün Yeni Kaledoniya müstəqil olacaqdır.
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Vüqar Dadaşov isə “Sherg.az"a açıqlamasında deyib ki, Kaledoniyadakı yerli əhalinin müstəqillik istəklərini boğmaq üçün Fransa bütün mümkün vasitə və zorakılıqdan istifadə edir:

“Fransanın Kaledoniyada yaşadıqları, onun xarici və daxili siyasətində buraxdığı kobud səhvlərinin məntiqi nəticəsidir. Kaledoniyadakı yerli əhalinin müstəqillik istəklərini boğmaq üçün Fransa bütün mümkün vasitə və zorakılıqdan istifadə edir. İlk növbədə konstitusiyaya dəyişiklik etməklə yerli Kaledoniyada əhalinin etnik tərkibini dəyişmək istəyir. Bu əməl əslində, beynəlxalq hüquqa görə soyqırımı cinayətinin tərkib elementlərindəndir. Dəyişiliklərə qarşı çıxan yerli xalqa qarşı Fransanın məhdudiyyətlərin, zorakılığın tətbiqi, həbslərin həyata keçirilməsi ilə Fransa öz kolonial, imperiya mahiyyətini növbəti dəfə də təsdiqləyir. Bakı Təşəbbüs Qrupunun Fransanın Kaledoniyadakı antiinsani davranış və zorakılığına qarşı bəyanatı, Fransanın Avropa dəyərləri ilə manipulyasiya və riyakarlığının sübutu kimi, həm də Fransanın Kaledoniyadakı cinayətlərinin qarşısını almaq üçün əhəmiyyətlidir”. Yeni Kaledoniyada baş verən proseslərin Azərbaycanla əlaqəsi barədə yayılan məlumatlara gəldikdə isə V.Dadaşov deyib ki, Fransa daxili işlər naziri Darmanen Kaledoniyadakı komendant saatının tətbiqinə səbəb olan gərginlik və qarşıdurmaya görə Bakının günahkar olduğunu bildirib: “Rəsmi Bakı Parisin ittihamlarını rədd edib. Hər bir halda, Fransanın Azərbaycana qarşı istifadə etdiyi separatçılıq silahının Fransanın elə özünə qarşı yönləndirilməsi, çevrilməsi, Azərbaycan dövlətinin əsl gücünün, qüdrətinin, siyasi bacarığının göstəricisidir. BMT TŞ-nin beş daimi üzvündən biri olan Fransa nəinki növbəti dəfə Azərbaycan qarşıdurmasında aciz duruma düşür, bu həm də Fransa Prezidenti Makronun Azərbaycan Prezidenti İlham Əliyev önündə siyasi nakautudur. Əlbəttə ki, Kaledoniyanın Fransadan müstəqilliyi indiki beynəlxalq siyasi vəziyyətdə mümkün deyil. Əvvəla, Fransa Kaledoniyada açıq soyqırıma da olsa gedəcək ki, Kaledoniya müstəqil olmasın, çünki Kaledoniya Fransanın diğər kolonial əraziləri üçün də stimul, nümunə ola bilər, bu isə faktiki Fransanın parçalanması deməkdir. Digər vacib şərt isə odur ki, dünya birliyi dövlətlərinin suverenliyinin toxunulmazlığının tərəfdarıdır. Əslində, BMT TŞ-nin bütün beş daimi üzvləri də müstəmləkə, imperiya mahiyyətli dövlətlərdir”.
  Azərbaycanın Fransanın Kaledoniyada törətdiyi cinayətlərə biganə qalmamasına toxunan politoloq deyib ki, Fransa Kaledoniyadakı ixtişaşları, xalq narazılığını Azərbaycanla əlaqələndirməyə çalışsa da, fakt budur ki, Kaledoniya Fransa işğalının ilk dövründən, xüsusən də İkinci Dünya müharibəsindən sonra öz müstəqilliyi uğrunda çalışır: “Fransanın bu məsələdə Azərbaycanı günahlandırması, əslində, Azərbaycanın beynəlxalq imicinə çox müsbət təsir edir. Azərbaycanın dünyada antikolonial mövqeyi nəinki Azərbaycana qarşı təhlükələr vəd edir, əksinə, onu daha siyasi-diplomatik, hərbi baxımdan gücləndirir, dünya masştabında əhəmiyyətli söz sahibi edir.
  Düşünürəm ki, Azərbaycanın müttəfiqlik münasibətində olduğu dövlətlərlə birlikdə ən azı regiondakı konfliktlərdə hərbi iştirakı, onun daha böyük hədəflərini yaxınlaşdıra bilər”.