Vaxt daralır, Ermənistan real addım atmalıdır -ANALİTİK

İrəvan konstitusiya dəyişikliyinə getməli, daha sonra sülh sazişi imzalanmalıdır
 

 Prezident İlham Əliyev ötən həftə növbəti dəfə İrəvanla sülh sazişi üçün əsas əngəlin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası olduğuna diqqət çəkməsi bu istiqamətdə müzakirələri yenidən aktuallaşdırıb. Hər dəfə müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışan rəsmi İrəvan bu dəfə də eyni yolu seçərək  Bakının haqlı tələbini narazılıqla qarşılayıb. Ermənilər Azərbaycanın ərazi bütövlüyünü açıq hədəf seçən konstitusiyanın sülhə əngəl olmadığını və hətta bunun Ermənistanın daxili işlərinə müdaxilə olduğunu bildirməklə absurd mövqe nümayiş etdiriblər.
 Şübhəsiz ki, Azərbaycan XİN-in cavabı gecikmədi və ölkəmiz bu cür pozucu mövqe ilə İrəvanın real və dayanıqlı sülhdə maraqlı olmadığını bildirib. Azərbaycan XİN eyni zamanda Ermənistanın bu detaldan gələcəkdə Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi istifadə etməyə çalışdığına diqqət çəkib.

 Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Fərid Şahbazlı isə deyib ki, Bakının Ermənistan müstəqillik bəyannaməsi və konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbi heç bir halda Ermənistanın daxili işinə müdaxilə kimi qiymətləndirilə bilməz: 
"Ermənistan müstəqillik bəyannaməsi və konstitusiyasında əksini tapan iddialar Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və beynəlxalq hüquq Azərbaycana bu təhdidləri ortadan qaldırmaq haqqını verir. Azərbaycan nəinki Ermənistandan konstitusiyada dəyişikliklərin edilməsini tələb edə bilər, hətta Ermənistan bunu sivil qaydada həyata keçirməzsə, təhdidin ortadan qaldırılması üçün bu ölkəni silahsızlaşdırmaqla bağlı müəyyən addımlar ata bilər. Azərbaycan üçün davamlı sülhə gedən yolun boş və beynəlxalq ictimai rəyi çaşdıran bəyanatlardan deyil, bu sülhə olan real təhdidlərin tam aradan qaldırılmasından keçir.
 Heç bir dövlətçilik ənənəsi olmayan Ermənistanın gələcəkdə hər hansı başqa hakimiyyətin iqtidarı dövründə ölkəsinin əsas qanununu, yəni Konstitusiyanı əsas tutaraq imzalanacaq sülh sazişini nəzərə almayacağı tamamilə real bir ehtimaldır. Beynəlxalq hüquq üzrə ekspertlər də təsdiq edir ki, gələcəkdə Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsinə Azərbaycanla imzalanmış sülh sənədinin Ermənistan konstitusiyasına zidd olub-olmadığı ilə bağlı rəsmi müraciət edə bilər və bu sənədin ana qanunla ziddiyyət təşkil etməsi bəhanəsi ilə sülh sazişi qüvvədən düşmüş sayıla bilər".

 Azərbaycanın oyun oynamadığını xatırladan F.Şahbazlı hesab edir ki, rəsmi Bakı regionda oynanılan bütün  oyunların bitdiyini dəfələrlə bəyan edib: 
"Azərbaycan regiondan davamlı sülh, sabitlik və inkişaf istəyir.
Çox da uzaq olmayan keçmişdə dünyanın müxtəlif ölkələrində yaşanan presedentlər Azərbaycanın tələblərinin nə qədər hüquqi və ədalətli olduğunu sübut edir. Məsələn, 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etmişdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olunmuşdu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən etmişdi. Şimali İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarılmışdı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olunmuşdu.
Bu baxımdan əgər Ermənistan real sülh arzusundadırsa, bunun yalnız konstitusiyaya dəyişiklik yolu ilə mümkün olduğu həqiqətini qəbul etməli və əməli addımlar atmalıdır".