Tarixi qardaşlıq sənədi: "Şuşa Bəyannaməsi"nin imzalanmasından iki il ötür -ŞƏRH

Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan, dostluğumuzun, qardaşlığımızın və strateji müttəfiqliyimizin rəmzi olan Şuşa Bəyannaməsinin imzalanmasından 2 il keçir. Azərbaycan və Türkiyə arasındakı bu yaxın münasibətlərin təməli Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin Mustafa Kamal Atatürkün rəhbərliyində Türkiyə Cümhuriyyətinin qurulmasında xalqların bir-birinə göstərdiyi yardımlar zamanı qoyulub. Bəyannamə ümumi maraqların qorunmasında, hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni potensiallarının birləşdirilməsində, müştərək maraq kəsb edən çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək imzalanıb. 


Hərbi ekspert Azər Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı əlaqələrin daha strateji səviyyəyə qaldırılması üçün iki dövlət rəhbərinin birlikdə imzaladığı Şuşa Bəyannaməsinin həm strateji, həm də tarixi əhəmiyyəti böyükdür:

"Bəyannamənin imzalanmasından bu günə kimi ordakı məqamların həyata keçirilməsi üçün iki ölkənin də ciddi səylər göstərdiyini müşahidə edirik. Burada diqqət olunmalı xüsusi məqam məhz Azərbaycan və Türkiyə arasındakı təhlükəsizlik və müdafiə sənayesi sahəsindəki birgə əməkdaşlıqdır. Yeni nəsil müharibələrdə pilotsuz uçuş aparatlarının əhəmiyyəti hər kəs tərəfindən bilinir. Şuşa Bəyannaməsində də nəzərdə tutulan Müdafiə sənayesi sahəsindəki əməkdaşlıq həm Azərbaycanın, həm də qardaş Türkiyənin hərbi qüdrətini artıraraq, gələcəkdə onlara qarşı ola biləcək təhdid və təxribatların qarşısının alınmasında xüsusi rol oynayacaq".

Azər Bayramov əlavə edib ki, gələcəkdə digər Türk dövlətləri ilə də sözügedən istiqamətlərdə birgə əməkdaşlıqlar ola bilər:
"Hesab edirəm ki, Türk dövlətlərinin gələcəkdəki birgə fəaliyyəti yalnız regionda yox, beynəlxalq aləmdə sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayacaq".