İran-Azərbaycan münasibətlərinin normallaşması gözlənilir

Bu münasibətlərin prezident seçkisinə aidiyyəti o qədər də yoxdur

“Çünki İranda prezident postu həlledici rol oynamır. Əsas dini lider və inqilab keşikçiləri korpusu, Ali Dini Lideri seçən məclis dövlətin idarəetməsini müəyyən edirlər”

  Bu gün İranda növbədənkənar prezident seçkisi keçiriləcək.
Əsas mübarizə 5 namizəd arasında yüksək reytinqi ilə seçilən 3 şəxs var, İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İran parlamentinin deputatı Məsud Pezeşkian arasında gedəcək. Ekspertlər isə güman edir ki, İranın növbəti Prezidenti Məhəmməd Baqir Qalibaf olacaq.
Lakin azərbaycanlı namizəd Məsud Pezeşkianın prezident olması ehtimalı Tehranın Bakı ilə münasibətlərdə yeni dövrünün başlayacağı kimi xarakterizə edilir.
  Qeyd edək ki, ölümü faktiki olaraq növbədənkənar seçkiyə səbəb olan Prezident İbrahim Rəisinin dövründə İranla Azərbaycan arasında münasibətlər gərgin idi, lakin vəziyyət bu ilin əvvəllərində yaxşılaşmağa başladı və Tehranın ritorikası dəyişdi. İran İslam Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə birlikdə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirakı da iki dövlət arasındakı diplomatik əlaqələrin bərpası istiqamətində yaşıl işıq idi. Amma Azərbaycandan qayıdan Rəisinin Şərqi Azərbaycan ərazisində helikopter qəzasına uğrayaraq dünyasını dəyişməsi bərpa olunan əlaqələrdə yenidən durğunluq yaratdı.
  İndi əsas sual doğuran odur ki, İranın Azərbaycanla münasibətləri inkişaf etdirmək siyasəti dəyişə bilərmi? Bu, seçkidə kimin qalib gəlməsindən asılıdır, ya yox?
Yeri gəlmişkən, İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəni özünün “X” şəbəkəsində Azərbaycanla İran arasındakı münasibətlərdən yazıb: “İranla Azərbaycan arasında çoxlu sayda ortaqlıqları nəzərə aldıqda, iki dost və qonşu ölkə İran və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi qonşuluq siyasətinin təşviqi və möhkəmləndirilməsi üçün qarşılıqlı tələblərdən biridir”.
Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla konstruktiv və faydalı danışıqlar apardığnı xatırladan Baqeri Kəni deyib ki, Azərbaycan rəsmisi ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İranın mərhum Prezidenti İbrahim Rəisi və mərhum XİN rəsmisi Hüseyn Əmir Abdullianla görüşü və iki ölkə arasında istifadəyə verilən iki birgə obyektə diqqət çəkib.
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfanın “Sherg.az"a açıqlamasına görə, İran-Azərbaycan münasibətlərinin normallaşması gözlənilir: 

“Bu münasibətlərin prezident seçkisinə aidiyyəti o qədər də yoxdur. Çünki İranda prezident postu həlledici rol oynamır. Əsas dini lider və inqilab keşikçiləri korpusu, Ali Dini Lideri seçən məclis dövlətin idarəetməsini müəyyən edirlər. Prezident icraedici rol oynayır. Seçkidə kimin qalib gələcəyinə gəldikdə isə əvvəl də demişdik, zahirən islahatçı görünüşlü biri olacaq. Çünki hər dönəmdə prezident postu dəyişir. Bir dəfə mühafizəkar olanda, ikinci dəfə islahatçı olur. İbrahim Rəisi məhkəmə sistemində çalışmış, əsasən mühafizəkar biri idi. Hazırda islahatçı obrazlı birinin bu posta gətirilməsi İranın dünyada gərginləşən siyasətini yumşaltmaq, münasibətlərin normallaşmasına ümid yaratmaq üçündür.
Ölkəmiz qonşu dövlətlər ilə həmişə yaxşı münasibətdə olmaqda, qarışılıqlı əlaqələrdə maraqlıdır. İranla da həmişə yüksək qonşuluq, dostluq, qardaşlıq arzu etmişik. Ancaq istər Qarabağ məsələsinin həlli dövründə, istər Zəngəzur dəhlizi məsələsində, istərsə də digər başqa məsələlərdə İranın münasibəti arzu etdiyimiz, umduğumuz kimi olmadı. Bir müsəlman ölkəsi olaraq, eyni zamanda İslam dövləti olraq İran müsəlman Azərbaycan xalqına, dövlətinə gərək hər kəsdən daha çox dəstək olaydı. Ancaq bu olmadı və nəticəsi də bizə yox, onlara fayda vermədi, münasibətlərin soyuması halı baş verdi. Ancaq aparılan danışıqlar və mərhum Prezident İbrahim Rəisi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin son görüşü bu məsələləri yoluna qoydu, münasibətlərin yeni mərhələsi, əlaqələrin inkişafı vüsət aldı. Hər iki prezident görüş əsnasında isti münasibətlərin, qonşuluq, dostluq əlamətlərinin inkişafının vacibliyinə toxundular. Fəqət onun vəfatı ilə bu siyasətin dəyişəcəyinə inanmıram. Çünki İranın özünə də Azərbaycan kimi qüdrətli bir dövlət ilə münasibətləri gərgin saxlamaq sərf etməz. Onsuz da onun əksər qonşular ilə, demək olar ki, bütün müsəlman ölkələri ilə münasibətləri normal deyil. Belə bir zamanda Azərbaycan ilə də vəziyyəti pisləşdirmək onun ziyanına olar. Hesab edirəm ki, İranda prezidentin kim olmasından asılı olmayaraq siyasət dəyişməyəcək. Çünki İranın ideoloji-siyasi xəttini prezidentlər cızmır”.