Geosiyasi düzən dəyişib

Rusiya iki ölkə arasında normallaşma prosesinin qarşısını ala biləcək
“Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi zamanın diktəsidir. Ancaq Baş nazir Nikol Paşinyanın komandasından fərqli olaraq Ermənistandakı radikal-revanşist qüvvələr sülh anlaşmasının əleyhinə çıxış edir”. Bunu “Şərq”ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Ekspert bildirib ki, Paşinyanı sülh sazişindən çəkindirən qüvvələr Ermənistan konstitusiyasını əsas tuturlar. 
Amma siyasi reallıq bundan ibarətdir ki, erməni revanşistlər bu şəkildə davam edərsə, Ermənistanın dövlətçiliyini ciddi təhlükə altında qoyacaqlar: “Ermənistanın yeganə çıxış yolu öz qonşularına - Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı torpaq iddialarından əl çəkmək və bu ölkələrə düşmənçilik münasibətini dayandırmaqdır. Mehriban qonşuluq, tərəfdaşlıq əlaqələri yaratmaq, iqtisadi-ticari əlaqələri bərpa etmək Ermənistanın xilas yoludur. Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxartmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. 
Böyük güclərin marağına gəldikdə isə ABŞ və Avropanın münaqişənin tam həllinə, sülh sazişinin imzalanmasına çalışdıqları ortadadır. Ancaq digər tərəfdə rus sülhməramlılarının separatçıları açıq dəstəklədiyinin şahidi oluruq”. 
S.Əsədliyə görə, Kreml Qafqazda mövqelərini itirmək istəmir: 
“Qarabağ bu məsələdə həlledici məqamdadır. Rusiya ötən otuz il ərzində işğalın davam etməsinə dəstək verib. Amma geosiyasi düzənin dəyişməsi Azərbaycana imkan verdi ki, öz ərazilərini işğaldan azad etsin. 
Xüsusilə, Rusiyanın güclü vaxtında Azərbaycan bunu bacardı. İndi Avropa İttifaqı və ABŞ Minsk qrupunun fiaskosu ilə razılaşıb. Ermənistan rəhbərliyi də Azərbaycanın 5 prinsipini qəbul edib. O zaman Rusiyanın iki ölkə arasında başlayan normallaşma prosesinin qarşısını ala biləcəyini düşünmürəm. 
Bu, o zaman ola bilər ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versin və “Qarabağ klanı” yenidən iqtidarı ələ keçirsin. Üfüqdə isə belə bir perspektiv görünmür. Hazırkı durum və proseslərin ehtimal olunan inkişafı Rusiyanın bölgədə təsir gücünü itirəcəyini göstərir”.