Hulusi Kılıç: Dünya var olduqca Türkiyə-Azərbaycan qardaşlığı yaşayacaq
Üçrəngli bayraqla ay-ulduzlu bayraq səmada daima yan-yana dalğalanacaq
Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir.
Bu barədə Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.
“Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir", - dövlət başçısı qeyd edib.
Eyni zamanda Türkiyə Səfirliyində “15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib ki, Bu gün tarixi gündür. 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır.
Səfir 15 iyul çevrilişə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladıb: “Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyev sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Gələcək nəsillərə bu böyük mübarizəni ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına Türk millətinin birlik və bərabərliyindən nə olursa-olsun vaz keçməyəcəyini ən sağlam şəkildə bir daha ortaya qoydu. Əzəldən hür yaşayan millətin nümayəndələri kimi, sahib olduğumuz dəyərlərə bağlı olduğumuzu bütün dünyaya göstərdik”.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Sherg.az-a deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir:
"Bu qardaşlıq çox qədimlərə dayanır. 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdə, onu ilk tanıyan dövlət Türkiyə olub. Həmin dövrdə Türkiyə, Osmanlı İmperiyası idi. Müstəqillikdən sonra isə Azərbaycan erməni silahlı birləşmələrinin işğalına və 31 Mart soyqırımına məruz qaldı. Belə çətin bir zamanda Azərbaycana ilk gələn qüvvə Qafqaz İslam Ordusu oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dəvəti ilə ölkəyə gəlmişdi. Halbuki həmin dövrdə Osmanlı dörd cəbhədə müharibə aparırdı. Buna baxmayaraq, özünə lazım olan 7000 nəfərlik ordunu Azərbaycana göndərdi. 15 sentyabr 1918-ci ildə Bakı düşmən işğalından azad edildi. Bu yolda 1100 türk əsgəri şəhid oldu. Həmin şəhidlərin xatirəsi bu gün də Bakıda əziz tutulur.
Qardaşlıq dərin köklərə sahibdir. Atatürk İstiqlal Müharibəsi zamanı Sovet hakimiyyəti altına keçmiş Azərbaycandan yardım istəmişdi. Nəriman Nərimanov Atatürkə 500 kilo qızıl göndərmişdi. Bundan əlavə, ərzaq yardımı da edilmişdi. Atatürk "bu borcu sizə ödəyəcəyik" deyəndə, Nərimanov "qardaş-qardaşa borclu olmaz" demişdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdə onu ilk tanıyan dövlət yenə Türkiyə oldu. Türkiyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınması üçün bütün imkanlarını səfərbər etdi. BMT-yə üzvlük məsələsində də Azərbaycanın yanında oldu. İlk tanıma vacibdir. Çünki bir dövləti ilk tanıyan olduqdan sonra digərləri də onu tanımağa başlayır".
Sabiq səfir əlavə edib ki, 1993-cü ildə Azərbaycan torpaqları işğala məruz qaldıqda, Türkiyə Ermənistanla diplomatik əlaqələri kəsdi və sərhədlərini bağladı:
"Bu gün də sərhəd bağlıdır və diplomatik əlaqələr yoxdur. Dünyada bunun bənzəri yoxdur: bir dövlət, digər bir dövlət üçün öz sərhədini bağlayır və diplomatik münasibətləri kəsir. Bu, Türkiyə-Azərbaycan dostluğunun nə qədər dərin və sarsılmaz olduğunun sübutudur. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyədən keçməsi üçün böyük səylər göstərdi. Bəzi böyük dövlətlər buna qarşı idilər, lakin Heydər Əliyev bu layihəni həyata keçirməyə nail oldu. Onun vəfatından sonra Prezident İlham Əliyev atasının yolunu davam etdirdi və 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. İlham Əliyev atasının yolunu davam etdirərək Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP - Trans-Anadolu qaz boru xətti kimi layihələrə imza atdı. TANAP vasitəsilə Avropanın 12 ölkəsinin enerji təhlükəsizliyi təmin olunur. PETKİM-də də Azərbaycanın böyük payı var. 27 il müharibə şəraitində olan Azərbaycan, buna baxmayaraq, Türkiyədə böyük investisiyalar həyata keçirdi, milyonlarla insana iş imkanı yaratdı".
Hulusi Kılıç vurğulayıb ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladıqda, Prezident Rəcəb Tayyib Ərdoğan "Azərbaycan tək deyil" mesajı ilə həmrəylik göstərirdi:
"Müharibə ərzində siyasi və diplomatik dəstəyini davam etdirdi. Müharibədən qısa müddət sonra Şuşanı ziyarətə getdi və Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi iki ölkə arasında strateji müttəfiqlik səviyyəsini müəyyənləşdirir. Bu sənəd 2022-ci ilin fevralında hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənmiş və hüquqi qüvvəyə minib. Bu, bizim üçün yol xəritəsi, Türkiyə-Azərbaycan münasibətlərinin "kupçası"dır. Orada belə bir bənd var: əgər Azərbaycana hücum olarsa, bu, Türkiyəyə edilmiş hücum sayılır və Türkiyə devrəyə girəcək. Əgər Türkiyəyə hücum edilərsə, Azərbaycan Türkiyənin yanında olacaq. Cənab Prezidentin son açıqlamalarından birində də deyildi: “Əgər vacib bir şey olsa, ilk zəng edəcəyim lider Rəcəb Tayyib Ərdoğandır.” Bu, Şuşa Bəyannaməsindən qaynaqlanan əməkdaşlığın nümunəsidir. Bu cür əməkdaşlıq dünyada bənzəri olmayan bir modeldir. Bu gün Azərbaycan və Türkiyə orduları bir-birinə çox bənzəyir. Hər il birgə hərbi təlimlər keçirilir. Yəni, bir millət, iki dövlət prinsipindən irəli gələrək, lazım gəldikdə bir dövlət kimi fəaliyyət göstərə biləcək sistem qurulub. İldə-ildə ticarət dövriyyəsi artır, siyasi əlaqələr inkişaf edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində də iki dövlətin əməkdaşlığı güclüdür. Təşkilatın güclənməsi üçün Türkiyə və Azərbaycan birlikdə hərəkət edir. Həmçinin bu əməkdaşlıq iki xalq üçün böyük güvən mənbəyidir. Gələcəyimiz baxımından bu, böyük bir zəmanətdir".
Müsahibin sözlərinə görə, dünya var olduqca Türkiyə-Azərbaycan qardaşlığı yaşayacaq:
"Üçrəngli bayraqla ay-ulduzlu bayraq səmada daima yan-yana dalğalanacaq. Türkiyənin çətin anlarında Azərbaycan onun yanında olub, Azərbaycanın çətin anlarında isə Türkiyə qardaş dəstəyini əsirgəməyib. Nə mutlu Türkəm deyənə"!