Türkiyədə sistem partiyaları iki əsas mərkəz ətrafında birləşdirir
Parlamentdə dava nə iqtidara, nə müxalifətə yaraşır
Epştein sənədləri üzərindən türk siyasətçilərinə ittiham ədalətsizdir”
Ekspert: “Seçicinin mesajı aydındır – razı qalmasam hakimiyyəti dəyişərəm”
Son günlərdə Türkiyə parlamentində baş verən daxili çəkişmələr ictimaiyyətin diqqətini cəlb edib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) arasında yaşanan gərginliklər siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Eyni zamanda Ahmet Davudoğlu müxalifət qüvvələrini yenidən birləşməyə çağırıb və Cefri Epşteyn işi ilə bağlı adının hallandırılmasını pisləyib. Bu proseslər fonunda Türkiyədə hakimiyyət-müxalifət münasibətlərinin xarakteri və gələcək siyasi dinamikası diqqət mərkəzindədir.
Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar Sherg.az-a söyləyib ki, müxalifət hər zaman hakimiyyətin alternativi olmalıdır:
“Güclü və məntiqli müxalifət həm Türkiyə üçün şansdır, həm də hakimiyyətin daha yaxşı işlər görməsi üçün fürsətdir. Müxalifət hər zaman hakimiyyətin alternativi olmalıdır. Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) əsasını təşkil etdiyi Cümhur İttifaqı hakimiyyətdədir. Müxalifət isə Cümhuriyyət Xalq Partiyasının (CHP) ana müxalifət olduğu digər partiyalardan ibarətdir. 2023-cü ilin ümumi seçkilərinə baxdığımız zaman müxalifətin birinci turda ilk dəfə hakimiyyət qarşısında “Millət İttifaqı” çətiri altında “mən də hakimiyyətin alternativiyəm” dediyinin şahidi oluruq. 14 may prezident seçkilərində Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyasının yaratdığı Cümhur İttifaqı (Rəcəb Tayyib Ərdoğan) 49,52 faiz səs aldı. Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, DEVA Partiyası, Səadət Partiyası, Gələcək Partiyası və Demokrat Partiyadan ibarət Millət İttifaqı (Kamal Kılıçdaroğlu) 44,8 faiz səs topladı. Ata İttifaqı (Sinan Oğan) 5,17 faiz, Məhərrəm İnce isə 0,43 faiz səs aldı. Səslərin sayına baxdıqda, Rəcəb Tayyib Ərdoğan 27 milyon 133 min 837 səs qazandı. Seçkidən əvvəl namizədə qarşı çıxıb müxalifətin ikinci böyük partiyası olan İYİ Partiyanın masadan qalxıb yenidən qayıtmasına baxmayaraq, Kamal Kılıçdaroğlu 24 milyon 594 min 932 səs aldı”.
Ekspert digər partiyaların CHP və AKP ətrafında birləşmək istəmələrinin səbəbini belə izah edib:
“Xüsusilə bir məqama diqqət çəkmək istəyirəm. Sinan Oğana verilən 2 milyon 831 min 208 və Məhərrəm İnceyə verilən 236 min 097 səsi Kamal Kılıçdaroğlunun hesabına əlavə etdikdə, cəmi 27 milyon 662 min 262 səs edir. Bu rəqəm Rəcəb Tayyib Ərdoğana verilən səsdən çoxdur. Bu sistem digərlərini iki əsas partiyanın ətrafında birləşməyə məcbur edir. Son seçkinin verdiyi başqa bir mesaj da budur: Türkiyədə milli-mühafizəkar adlandırılan kəsim özünə zidd görünən Cümhuriyyət Xalq Partiyasına səs verə bilir. İkinci turda isə Sinan Oğana verilən təxminən 700 min səs Rəcəb Tayyib Ərdoğana gedərkən, Məhərrəm İnce və Sinan Oğandan təxminən 950 min səs Kamal Kılıçdaroğluna keçdi. Nəticədə seçkini Rəcəb Tayyib Ərdoğan qazandı. Yerli seçkilərdə isə Cümhuriyyət Xalq Partiyası Ədalət və İnkişaf Partiyasını geridə qoyaraq birinci oldu. Bu tablo göstərir ki, Türkiyə seçicisi belə deyir: “Hakimiyyət, gücünə güvənmə. Məni razı sala bilməsən, sağ-sol fərqi qoymadan hakimiyyəti əlindən alaram. Müxalifət, mənə güvən versən və problemlərimə həll tapsan, səni də hakimiyyətə gətirə bilərəm”. Seçicinin verdiyi bu mesaj Türkiyə demokratiyası adına ümidvericidir. Xalq müxalifətə şans verir, amma CHP şansı nə qədər dəyərləndirə bilir -bu, sual altındadır”.
M.Anar 2023-cü ildəki müxalifət birliyinin artıq olmadığını deyib:
“Cümhur İttifaqı öz xəttindən çıxmadan gücünü qoruyur. Hətta “Terrorsuz Türkiyə” prosesi ilə bu gücə Xalqların Demokratik Partiyasını əlavə edir. Millət İttifaqı isə tamamilə dağılmış vəziyyətdədir. Cümhuriyyət Xalq Partiyası Türkiyənin problemlərini xalqa izah edib həll yolu tapmaq xəttindən çıxaraq “bələdiyyə sədrlərim, prezidentliyə namizəd edəcəyim şəxs həbs olundu, mən çox zülmə məruz qalmışam” xəttinə gəldi. Lakin CHP qəbul etsə də, etməsə də, Türkiyə seçicisinin ən azı 50 faizi milli-mühafizəkar dəyərlərə sahibdir. Təxminən 10-15 faiz mühafizəkar-solçu kürd seçicidir. Qalan hissə isə CHP-nin potensial səsidir. Yəni partiyanın sabit səsi ən çoxu 35 faizdir. Onlar prezident seçkilərini qazanmaq istəyirsə, 65 faizlik seçici kütləsinin dəyərləri ilə uzlaşmalıdır. Həmçinin CHP sədri Özgür Özel -də bir partiya rəhbəri kimi əsəblərinə hakim olmalı və millətin dəyərlərinə hörmət etməlidir. Düzdür Akın Gürlək CHP bələdiyyələrinin bir çoxuna istintaq açan və bəzilərinin həbsinə səbəb olan İstanbul Cümhuriyyət Baş prokuroru idi. Prezident isə onu ədliyyə naziri təyin etdi. CHP-nin bu qərarı bəyənməməsi təbiidir. Lakin ana müxalifət partiyası qanunu və Konstitusiyanı tanımalıdır. Prezidentin onu nazir təyin etmək səlahiyyəti var. CHP isə bunu Konstitusiya çərçivəsində tənqid edə bilər. Amma parlament kürsüsünü işğal edib naziri and içməyə qoymamaq hüququ yoxdur”.
Müsahibimiz Türkiyə Böyük Millət Məclisində dava etməyin xalqa nümunə olmadığını qeyd edib:
“Millət vəkilləri cəmiyyətdə zorakılığın qarşısını almalıdırlar. Bu dava həm iqtidara, həm də müxalifətə yaraşmadı. Məclisin nüfuzuna kölgə saldı. Digər tərəfdən son vaxtlar Cefri Epşteyn sənədləri bütün dünyada olduğu kimi, Türkiyədə də gündəmə gəlib. Hətta türkiyəli siyasətçilər, indiki və keçmiş Prezident, Bülent Ecevit, Ahmet Davudoğlu kimi çox adlar çəkildi. Həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı belə bu sənədlərdə yer aldı”.
Murat Anar bildirib ki, türk siyasətçilər Epşteyn sənədlərində əxlaqsızlıq və ya pozğunluqla deyil, Türkiyə ilə bağlı məsələlərdəki milli və qəti mövqeləri ilə qeyd olunublar:
“Epşteyn sənədləri üzərindən Türkiyədə hər hansı siyasətçiyə qarşı ittiham irəli sürmək haqsızlıq olar. Gələcək Partiyasının lideri Ahmet Davudoğluna Epşteyn sənədləri üzərindən mənfi tənqid yönəltmək doğru deyil”.