Valideyninin gəliri, imkanı olan uşaqlara dövlət uşaqpulu verməməlidir
Hüquqşünas uşaqpulunun işsizliyin kompensasiyası kimi qiymətləndirilməsi düşüncəsini yanlış hesab edir
Azərbaycanda hər bir uşağa "uşaqpulu" verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur. Xüsusilə, aztəminatlı ailələr hər bir uşağa "uşaqpulunun" verilməsini istəyir. Onların bu tələbini bəzi ictimai-siyasi fəal şəxslər də dəstəkləyir. Hətta bir çox iqtisadi təhlilçilər hesab edir ki, təhlilçilər isə dəstək məqsədilə və ailələrdə planlaşdırmanın daha inamlı aparılması üçün hər ikinci uşağa müəyyən bir vəsaitin ödənilməsini təklif edirlər.
Azərbaycanın dövlət büdcəsindən ölkədəki hər bir uşaq üçün müəyyən məbləğdə pul ödənməsi “real deyil” düşüncəsində olan ekspertlər də yox deyil.
Millət vəkili Sabir Rüstəmxanlı parlament çıxışında bu məsələyə toxunub: “Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən "uşaq pulu" məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub".
Millət vəkili Fazil Mustafa da hesab edir ki, Azərbaycanda demoqrafiya problemi var və hökumət çoxuşaqlılığı təşviq etmək üçün uşaq pullarının verilməsini bərpa etməlidir. Azərbaycanda "uşaqpulu" adlanan müavinətin hər uşaqbaşına verilməsi 2006-cı ildə dayandırılıb. Halbuki Azərbaycanda 1-6 yaşlı bütün uşaqlara müavinətlər verilməlidir. Bu, gələcəkdə bu uşaqlarla bağlı problemlərin həlli deməkdir. Bu, gələcəkdə hərbi xidmətə çağırılan kişilərin, ana olacaq qadınların sağlamlığı deməkdir, bunun üçün vəsait xərclənməlidir. İndi xərclənməsə, gələcəkdə bu, tibbi və digər xidmətlər şəklində dövlətin cibindən çıxacaq”.
Hüquqşünas Əkrəm Həsənov isə uşaqpulunun işsizliyin kompensasiyası kimi qiymətləndirilməsi düşüncəsini yanlış hesab edir. Uşaq pulunun olması yaxşıdır: "Hamı istəyər ki, Azərbaycanda dövlət hər uşağa görə pul versin. Bu da onlara və valideynlərinə kömək olsun. Amma o halda ki, bu vəsait uşağa xərclənsin. Çünki dövlətin ayırdığı müavinətin nə dərəcədə səmərəli olacağı sual altındadır. Həm də ki hər uşağa uşaqpulu verilməlidir yanaşması da düzgün deyil. Valideyninin gəliri, imkanı olan uşaqlara dövlət uşaqpulu verməməlidir.
Lakin bunun meyarlarını müəyyən etmək də qəliz məsələdir. Məmurlara uşaqpulunu kimlərə təyin etmək seçimi verilsə, yeyinti halları baş verəcək. Deməli, o pul təyinatı üzrə istifadə olunmayacaq. Hamıya uşaqpulu verilsə, pulun məbləği çox olmayacaq. Hesab edirəm ki, hamıya yox, ehtiyacı olanlara uşaqpulu verilməlidir ki, vəsaitin miqdarı da daha çox olsun. Elə ailələr var ki, orada bir uşaq olur. Validyenlərin hər ikisi işləyir və uşaq puluna ehtiyacları yoxdur. Onları bu yardımdan kənarda qoyub daha aztəminatlı ailələrə yüksək məbləğdə vəsaitin ayrılması məntiqli olar. Bu məbləğ həmin ailələrin dolanması və uşaqların normal keyfiyyətli təhsil, yemək imkanları üçün uğurlu addım ola bilər. Ona görə də hər kəsə bərabər bölüşdürməkdənsə, müəyyən kateqoriyalara üstünlük verilməsi ən optimal yoldur.
Bununla bağlı da internet səhifəsi olmalıdır ki, müvafiq qurumlar həqiqətən ehtiyacı olub uşaqpulu alanları oradan yoxlaya bilsin. Belə bir mexanizm olsa, vermək olar. Azərbaycan şəraitində başqa cür həll yolunu bilmirəm”.
İqtisadçı-ekspert Xalid Kərimli isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda "uşaq pulu" verilməməlidir:
"Bu yanaşmam kimin üçünsə qeyri-populist ola bilər, çünki əksəriyyət uşaq pulu verilməlidir kimi populist çıxışlar edir. Mənsə hesab edirəm ki, Azərbaycanda ünvanlı sosial yardımların məbləği artırılmalıdır. Ən əsası isə fərdi sosial yardım aztəminatlı əhali üçün əlçatan olmalıdır. Bu proses həm çətindir, həm də o qədər süni maneələr yaradılır ki, ehtiyac içində yaşayan insan fərdi ünvanlı sosial yardım almaqda çətinlik çəkir. Adına torpaq sahəsi, köhnə maşın olan insanlar bu yardımdan məhrum edilir. Ölkədə fərdi ünvanlı sosial yardımın alınmasının əhatə dairəsi təkmilləşdirilməlidir".
Ekspertin fikrincə, Azərbaycanda uşaqpulu o vaxt verilə bilər ki, təbii azalma prosesi baş versin və əhalinin strukturunda yaşlı əhalinin sayı çox olsun. Bizdə bu problemlərin heç biri yoxdur, vəziyyət Avropadan daha yaxşıdır:
"Bizim cəmiyyəti narahat edən uşaq azlığı yox, məşğulluq problemidir. Təkcə uşaqlar ac qalmır ki, böyüklərin də acından mədəsi ağrıyır. Yenə deyirəm, Azərbaycan cəmiyyətində demoqrafik problem yoxdur, əhalinin artımı baş verir, insanların sayı artır.
"Uşaq pulu" vermək o deməkdir ki, bu vəsait hamıya şamil ediləcək.
Uşaq var ki, bahalı paltarlar geyinir, uşaq da var nimdaş geyinir. Bunların hər birinə büdcədən pul vermək doğru deyil.
Yəni varlı ailənin "Guccy" , "Dolca Gabbane", nə bilim, "Burberry" geyinən uşaqları ilə kasıb ailənin uşağına eyni məbləğdə "uşaq pulu" verməkdənsə, fərdi ünvanlı sosial yardımların həcminin artırılması daha yaxşı olmazmı?".
Ekspert təklif edib ki, uşaq pulunu verməkdənsə, dövlət kasıb ailələrə sosial ödənişlərin həcminin artırılmasına baxsa, daha yaxşı olar:
"Söhbət uşaqdan getmir ki, böyüyün də qarnı tox olmalıdır. Böyük var ki, iş tapa bilmir. Sosial çəhətdən köməyə ehtiyacı olan, ailə gəlirləri aşağı olan insanlara daha çox vəsaitin verilməsindən söhbət gedir. Ehtiyacı olan ailələr düzgün müəyyənləşdirilsin".