Mehriban Zeynalova: Mərkəzi rayonlarda qadınlarla bağlı inkişafın olduğunu müşahidə edirik

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə məşhur “Qadınlar və yollar. Özünə gedən yol” layihəsinin bu il ölkəmizdə keçirilməsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilib.
Dəyirmi masada Azərbaycanda təhsil, sahibkarlıq, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən xanımlar iştirak edib.
“Qadınlar və yollar. Özünə gedən yol” rejissor tandemi iki işgüzar xanım və yaradıcı qadınların layihəsidir. Bunlar məşhur uşaq yazıçısı Kristina Kretova və bəstəkar-müğənni Anna Kamenyevadır.
Anna Kamenyeva bildirib ki, layihə çərçivəsində artıq 4 film çəkilib. Kinoteatrlarda və internetdə nümayiş olunan filmlər tamaşaçıların çoxsaylı məhəbbətini və çoxsaylı beynəlxalq film festivallarının mükafatını qazanıblar. Hazırda Birləşmiş Ərəb Əmirlikləri haqqında filmin çəkilişi davam edir. Tədbirdə iştirak edən xanımlar özləri və təmsil etdikləri təşkilat haqqında məlumat veriblər, Azərbaycan xanımlarının ictimai-siyasi həyatdakı rolundan, qadınlara göstərilən dövlət qayğısından və onlara yaradılan şəraitdən danışıblar.
Azərbaycanda davam edən sosial-iqtisadi inkişafın qadınların həyat və fəaliyyətlərinə də müsbət təsir göstərdiyini deyən “Mini Boss” Bakı Biznes Məktəbinin təsisçisi Nərminə Həsənova bildirib ki, “Qadınlar və yollar. Özünə doğru yol” layihəsi Azərbaycan qadınlarını bir araya gətirib.
“Layihə çərçivəsində çəkilən film Bakıda qadın sürücülər və digər sahələrdə fəaliyyət göstərən xanımlar haqqında olacaq. “Mini Boss” Bakı Biznes Məktəbi də bu layihə çərçivəsində xanımlara ustad dərsləri verəcək, başqa ölkələrdə qadınların həyatını əks etdirən filmlər nümayiş olunacaq”, - deyə N.Həsənova əlavə edib.


“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a bildirib ki, yol məsələsi çox mühüm məsələlərdən biridir:

“ “Labirintdən çıxış” qrupunun görüşündə ucqar rayonlarda yolların bərbad olması qız uşaqlarının təhsilinə ciddi təsir göstərməsi ilə bağlı məsələ qalxdı. Ucqar rayonlarda yol bərbad olursa, yəni yollarda təhlükə və çətinlik varsa, qadınların təhsilə çıxışı məhdudlaşır. Bir çox ailələr nəqliyyatın və yolun normal olmamasına görə qız uşaqlarını təhsilə buraxmırlar. Ucqar rayonlarda yaxşı məktəb məsələsi deyil, yol məsələsi qadınların inkişafına mühüm təsir göstərir. Yaxşı olardı ki, belə tədbirlər tez-tez keçirilsin. Mərkəz rayonlarda qadınlarla bağlı inkişafın olduğunu müşahidə edirik. Ucqar rayonlarda hələki o inkişaf kifayət qədər deyil. Rayonlarda ali və orta təhsil ocaqlarında hər hansı bir formada inkişafına dəstək verilməsi doğru addım olar.”