Psixoloq: Uşaqları dərs oxumağa həvəsləndirmək lazımdır

Məktəbdə şagirdlərin yükü artmağa davam edir, ailələrdə isə yeniyetmələrə dəstək azalır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəbərdarlıq edilib.
Bildirilib ki, 44 ölkədən 280 min məktəblini əhatə edən yeni araşdırmaya görə, şagirdlərin yalnız 67%-i ailədə güclü dəstək hiss edir - bu, 2018-ci ildə 73% olan göstərici ilə müqayisədə əhəmiyyətli azalmadır.
Eyni zamanda, məktəb yükü, xüsusilə qızlar üçün kəskin şəkildə artıb. Bütün bunlar milyonlarla məktəblinin, xüsusilə də yuxarı yaş qrupundan və aztəminatlı ailələrdən olan yeniyetmələrin psixi və fiziki sağlamlığına təsir göstərir.
"Sosial bərabərsizlik özünü onda göstərir ki, aşağıgəlirli ailələrdən olan yeniyetmələr daha varlı ailələrdən olan həmyaşıdları ilə müqayisədə ailədə kifayət qədər dəstəyin olmamasından daha çox danışırlar. Hesabatın daha bir nəticəsi ondan ibarətdir ki, qızlar oğlanlarla müqayisədə valideynlərin hər hansı biri ilə onları narahat edən mövzular barədə daha az danışa bilirlər; kommunikasiya maneələr isə analarla müqayisədə atalarla münasibətlərdə daha çox müşahidə olunur", - deyə həkimlər qeyd edirlər.
ÜST aşkar edilmiş problemlərin həlli üçün koordinasiyalı fəaliyyətə çağırır. Tövsiyələr arasında ailəyönümlü siyasətin və iqtisadi dəstəyin gücləndirilməsi, inklüziv məktəb mühitinin yaradılması, akademik təzyiqin aradan qaldırılması və stres səviyyəsinin artmasına qarşı mübarizə var.
Ekspertlər xüsusilə xidmət səviyyəsi aşağı olan regionlarda sinifdənkənar tədbirlərə, psixi sağlamlıq resurslarına və tibbi xidmətlərə bərabər çıxışın təmin edilməsinin vacibliyini vurğulayıblar.

Mövzu ilə bağlı danışan psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a deyib ki, hər bir insan fərqli olduğu kimi, ailələrin də xarakteristikası müxtəlifdir:                          

"Valideynlərin övladlarına yanaşması da eyni deyil. Məsələn, ailədə məsuliyyətsizlik və yaxud həddindən artıq uşağa diqqət göstərmək nəticəsində azyaşlıda psixoloji travmalar yaranır. Ona görə də uşaqlarla münasibətdə diqqətli olmaq vacibdir. Ailələrin uşağa az diqqət göstərməsinin ən başlıca səbəbi ağır iş rejimidir. Bəzi valideynlər uşaqlarına hansı səviyyədə diqqət göstərəcəklərini belə, bilmirlər. Belə bir fikir var ki, günümüzdə uşağı sərbəst böyütmək lazımdır. Ancaq sərbəstlik adı altında onları öz başına buraxmaq olmaz. Ona görə də valideynlər övladları ilə daha çox vaxt keçirtsinlər. Onlar haqda bol məlumat əldə etməlidirlər. Çox təəssüf ki, indiki dövrdə valideynlərin əksəriyyəti uşaqlarını tanımırlar. Yəni, xarakterini, nəyi sevib-sevmədiklərini tam öyrənmirlər. Fikrimcə, bu barədə məktəb və valideyn birgə işləməli və uşağı düzgün yönləndirməlidirlər. Əgər  valideynlər övladları arasında olan idarəetmənin və emosional bağlılığının qırıldığını gördükdə mütləq peşəkar psixoloqa müraciət etsinlər. Bununla psixoloji bağlar düzələcək və düzgün kontakt qurulacaq. Əslində uşaqların, gənclərin dərs oxuması üçün lazımi motivasiya vermek işi daha çox valideynlərin üzərinə düşür. Uşaqlar müəyyən yaşa gəldikden sonra valideynler onların gələcəkdə hansı sahədə işləmək istədiklərini və xəyalları haqda suallar verməlidirlər. Bir sözlə, uşaqları dərs oxumağa həvəsləndirmək lazımdır".