Sədərək rayonunda 51 yaşlı müəllim sirkə turşusu içərək intihar edib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Sədərək kəndində qeydə alınıb.
Kənd sakini, 1973-cü il təvəllüdlü Yusif Rahim oğlu Həsənov yaşadığı evdə sirkə içərək intihar edib.
Faktla bağlı Sədərək Rayon Prokurorluğunda araşdırma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a söyləyib ki, təəssüf ki, son zamanlar müəllimlərin intihar halları artmaqdadır və bu, bir çox suallar doğurur:
“Müəllimlər cəmiyyətin tərbiyəçisi, gənc nəsilə nümunə olmaqla bərabər, həm də təhsil sisteminin aparıcı qüvvəsidir. Buna baxmayaraq, onların da yaşadıqları emosional və sosial çətinliklər mütləq ki, vardır. Müəllimlər nümunəvi şəxsiyyət olaraq cəmiyyətin tərbiyəsində əsas rol oynasa da yənədə sosial, emosional və iqtisadi dəstəyə ehtiyacları var. Müəllimlərə qarşı daha çox qayğı və diqqət göstərilməlidir. Çünki müəllimlərin üzləşdiyi problemlər çoxşaxəlidir. Əvvəla, ağır iş yükü və aşağı maaşlar onların həyatını olduqca çətinləşdirir. Məktəblərdə psixoloq xidməti isə formal xarakter daşıyır və effektiv şəkildə işləmir. Halbuki müəllimlərin psixoloji dəstəyə böyük ehtiyacı var. İş yeri gərginliyi, sosial təcrid, maliyyə və şəxsi həyatda baş verən bir çox problemler müəllimləri daha çox stress altında saxlayır. Məktəblərdə fəaliyyət göstərən psixoloq xidmətlərinin effektivliyi artırılmalı, müəllimlərin iş yükü balanslaşdırılmalıdır. Ümumiyyətlə insan birdən-birə intihar etmir, əvvəlcədən onda müəyyən əlamətləri müşahidə etmək mümkündür. Əgər bir insanın narahatlıq keçirdiyini müşahidə ediriksə, ona mütəxəssis dəstəyi alması üçün yardım etməliyik. Odur ki, aidiyyatı qurumlar, psixoloqlar, mütəxəssislər təcili hərəkətə keçməlidir”.