"Arxiv fotomu indiki halımla yan-yana qoyub, yazıblar ki..."

Xalq artisti Məleykə Əsədova onu keçmişdəki görüntüsünə görə tənqid edənlərə  cavab verib.
“Sherg.az” xəbər verir ki, o bu haqda “ 7 Canlı” proqramında danışıb:
“Yeni doğulanda çox gözəl uşaq olmuşam. Ona görə atam mənə Mələk, yəni Məleykə adını verib. Məktəb illərində arıq, zəif qız idim, qəşəng deyildim. Arxiv fotolarımı tapıb indiki halımla yan-yana qoyublar.

Yazıblar ki, Məlyekə Əsədova əvvəl və indi. Cavanlıq özü gözəllikdir. Təki mənim yaşıma çatıb belə gözəl qalın. İnsanın iç dünyası üzünə vurur.

Gözəlliyə kimsə güvənməsin, gəldi-gedərdi. Simadakı nur isə qalıcıdır, o itməsin. Xahiş edirəm, xarici görkəmimi müzakirə etməyin. İstedadımdan, sənətimdən yazın. Eybəcər, ya da gözələm fərq etmir. Əsas odur ki, səhnənin Məleykəsiyəm, Kleopatrasiyam, Mariya Tüdoruyam.

Yəni obrazlarımı ictimailəşdirin. Hamı  qocalacaq, lakin insaniyyətimizi itirməyək. Öz sənətkarlarımızı alqışlayaq. Bir sənətçi 53 yaşına çatıb belə xanım-xatun qalıbsa, təqdir etmək lazımdır”.