Pərvin Abıyeva: "Rejissor dedi ki, bu qız mənə lazımdır"

Aktrisa Pərvin Abıyeva "Onun sirri" proqramında həyatı və sənəti ilə bağlı bir sıra açıqlamalar verib.

"Sherg.az"ın məlumatına görə, o sənətə necə gəldiyi haqda danışıb:

"İxtisasca mühasibəm. Uşaqlıqdan isə ya müğənni, ya da aktrisa olmağı arzulamışam. Lakin aktrisa olmaq kimi bir planım yox idi. Bu işdə çalışan  rəfiqəm var idi, "Qarabağnamə" filmində çəkilirdi. Onunla alış-verişə getdik. Mən özümə parfüm aldım. Rəfiqəmin üzərində pul olmadı. Dedi, kaş mənim də pulum olardı, bundan alardım. Həmin söz ürəyimdə qaldı. İki gün  sonra o istədiyi parfümləri alıb, ona apardım. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gəldim. Xanımla görüşdüm, hədiyyəsini verdim. Sağollaşıb çıxırdım ki, filmin rejissoru Cavid Təfəkkürlə rastlaşdım. Arada bir az məsafə var idi. O zamanlar saçlarım daha gur, qaşlarım isə qalın idi. Məni gördü dedi ki, mənə bu qız lazımdır. Dedim, Aysel, bu niyə belə söyləyir ki? Qayıtdı ki, filmə görə istəyir".