“Maral” mahnısı ilə ev aldım, övladımı oxutdum”  

““Maral” mahnısı mənə 2013-cü ildə Fərid Kərimli tərəfindən təqdim olundu. Qarsda yazılıb, türkiyəli bir ifaçı səsləndirib. Bunu dinlədim. Dedim, Füzuli kantatası ifa etmişəm, Flora Kərimova ilə oxumuşam. Onlardan sonra repertuarımda buna yer verim?”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Özəl” proqramında müğənni Nadir Qafarzadə söyləyib. O, məşhur mahnısı haqda danışıb:
“Nəhayət, “Maral”ı oxumağa razı oldum. Çox tənqid-təhqir etdilər, dedilər, bayağıdır, amma sevildi. Onu bayağı adlandıranlar, sonra dedilər ki, sayəndə pul qazanırıq. Biz toylara gedirdik,  pul verirdilər ki, “Maral” oxu. Mahnını bilməyənləri fonoqram oxudurdular. Onlar da məcbur olub, ifa edirdilər. İfaçıların əksəriyyəti mahnını gəlir üçün yazdırır. Mənə hansısa başqa  mahnım pul qazandırmayıb. Təkcə bundan gəlir əldə etdim.  Rusiyanın şəhərlərini gəzdim, Azərbaycanın qərbinə yol açıldı,  Dağıstana qədər getdim, oliqarx toylarına dəvət aldım. Gəlin deyirdi ki, mütləq “Maral” ifa olunmalıdır.  Bəzən vağzalı əvəzinə gəlin və bəy “Maral”la zala daxil olurdular. Bir nəfər demişdi ki, hansısa toyda 57 dəfə bu mahnı səslənib. Toy yiyəsindən aldığım məbləğdən qat-qat artığını əldə edirdim. O mahnı sayəsində ev aldım, övladımı oxutdurdum, həyatım dəyişdi”.