"Laçınım" kimindir? - ARAŞDIRMA

Laçın da, Məhəbbət Kazımov da, Könül Kərimova da bizimdir

“Könül Kərimova elə düşünür ki, "Laçınım" mahnısının müəllifi olsa, nüfuzu  artacaq. Əslində isə o mahnını sevdirən rəhmətlik Məhəbbət Kazımovun avazı, yurd həsrətidir. Lap onu özü yazmasa da, möhürünü vurub. Mən müəllifin M.Kazımov olduğuna inanıram”.
Bu statusu feysbuk səhifəmdə yazmışdım. Amma sonra peşman oldum. Ən azından jurnalist kimi obyektivliyimi itirib, emosiyalarıma qapıldığım üçün təəssüfləndim. Bəli, son günlər sosial şəbəkə platformalarında “Laçınım” mahnısının müəllifinin kim olması müzakirə doğurub. Könül xanım deyir ki, mahnını Məhəbbət Kazımov yox, özü bəstələyib. İllərdir M.Kazımova məxsus olduğunu bildiyimiz əsər haqda bu iddia hər kəsi təəccübləndirdi. Beləliklə musiqisevərlər, jurnalistlər, sənət adamları iki yerə bölündü. K.Kərimovaya inananlar da var, M.Kazımovun əsas müəllif olduğunu söyləyənlər də. 
Mən də məsələni araşdırmaq qərarına gəldim.

Əvvəlcə bir neçə gün öncəyə qayıdaq. Könül xanım məlum müsahibəsində bir neçə sənət dostunun - Manaf Ağayevin, Yusif Mustafayevin, Vasif Məhərrəmlinin, Elşad Qarayevin, Baloğlan Əşrəfovun adını çəkir. Söyləyir ki, mövzudan onlar da xəbərdar olub. Biz də dərhal Y.Mustafayevlə əlaqə saxladıq. O, qəti şəkildə nəsə bilmədiyini dedi. V.Məhərrəmli də eynən həmkarı kimi bir məlumatının olmadığını bildirdi. Ardınca M.Kazımovun oğlu Rəşid Kazımovla həmsöhbət olduq. Mərhumun övladı “Laçınım”ı atasının bəstələdiyini xüsusi vurğuladı. Həmçinin, Könül xanım iddialarına davam etsə, onunla məhkəmədə hesablaşacağını söylədi. 

“Laçınım”la bağlı rəhmətlik M.Kazımovun müsahibələrinə nəzər yetirdim. Bir açıqlamasında mahnının 1998-ci ildə yarandığını deyib:

“Sözləri Osman Alovluya, musiqi və ifa isə mənə məxsusdur. Torpaqlarımız işğal olunanda düşündüm ki, belə bir mahnıya ehtiyac var. Bu mahnını yaratmaq ideyası mənimdir. Kimsə bunu yaz deyə  müraciət etməyib. O.Alovlunun şeirini oxuyanda sözləri  güclü təsir etdi, bu musiqini bəstələdim. Sonra heç xəbər vermədən mahnını ərsəyə gətirdim. O.Alovlu xəbər tutanda mənə öz təşəkkürlərini bildirdi. Mahnı lentə alınandan düz bir həftə sonra bütün musiqi köşklərində satılmağa başladı. Həmçinin də qısa müddət ərzində bütün bölgələrimizə yayıldı və dinləyicilər tərəfindən də böyük rəğbətlə qarşılandı. Hətta heç tanımadığım insanlar tərəfindən də təşəkkür zəngləri gəlməyə başladı". 

Qeyd edim ki, nəinki mahnının bəstəsi, həm də sözlərinin də kimə məxsus olması müzakirə doğurub. M.Kazımov digər müsahibəsində  tovuzlu Fəxrəddin Rəhimov adlı bir polis işçisinin onu aldatdığını deyib. Bildirib ki, həmin şəxs “Laçınım”ın sözlərinin özünə məxsus olduğunu söyləyib. Lakin sonradan başqa şairin şeirinin olduğu aşkarlanıb. F.Rəhimov isə mahnının sözlərini israrla özünün yazdığını bildirib. Mətbuata müsahibəsində “Laçınım” şeirini M.Kazımova təqdim etdikdən sonra baş verənlərdən danışıb:

“Tanışım, Məhəbbətin qonşusu və dostu, istedadlı aktyorumuz Yasin Qarayevi gördüm. Yasin müəllim dedi ki, “Fəxrəddin, “Laçınım mənim” şeiri çox bəyənilib və neçə gündür ki, məşqi gedir. Vaxtın olsa, sən də gəl, qulaq as”. Mən məşqə gələndə gördüm ki, ansamblın müşayiəti ilə Könül Kərimova həmin mahnını oxuyur. Məhəbbət də lap arxada oturub qulaq asırdı”.

Fəxrəddin bəy qeyd edib ki, sonralar M.Kazımov mahnının söz yazarı kimi öz adını yazdırıb. Hətta F.Rəhimov sənətçiyə etirazını bildirib. F.Rəhimov iddia edib ki, M.Kazımov şeirdəki bir misranı dəyişib:

“Şeirin 1-ci bəndinin 2-ci sətrində yazmışam ki, “duman olub torpağında sürünnəm”. Ancaq Məhəbbət “Bulaq olub torpağında sürünnəm” kimi oxuyurdu”.

F.Rəhimov M.Kazımovun mahnıya fars çalarları əlavə etdiyini də xüsusi vurğulayıb. Hətta buna görə o zamanlar mahnının efirlərə buraxılmadığını söyləyib. 

Bir sözlə, “Laçınım”ın başı bəlalıdır. Kimindir, kim yazıb, kim  bəstələyib? Bu suallara cavab vermək çətindir. 

M.Kazımovla illərlə dostluq edən Əməkdar artist Cavanşir Məmmədov “Şərq”ə deyib ki, Könül xanım gözəl sənətkardır:

“Onu ilk dəfə Məhəbbət ilə tanımışıq. Uzun illər birgə çalışıblar, M.Kazımov rəhmətə gedəndə hamıdan çox Könül ağladı. Mən bunun şahidi oldum. Amma dediyi kimidirsə, mahnı ərsəyə gələn ərəfədə Könül xanım bunu dilə gətirə bilərdi. Məhəbbət də efirdə deyərdi ki, K.Kərimova yazıb laçınlılara hədiyyə edib. Bilmirəm, niyə  məsələ indi gündəmə gəlir. Məncə, Məhəbbətin ruhu rahat olsun, bu söhbətlər lazımsızdır. Onu da qeyd edim ki, bir dəfə toyda ifa edirdik, laçınlılar qonaq gəlmişdilər. Məhəbbətə “Laçınım” mahnısını sifariş verdilər. Mən də çıxış etdim ki, Laçın işğal altında olduğu müddətdə  bu mahnıya rəqs  etməyin. Çünki olmaz, həmin mahnıya ancaq  kədərlənməliyik. İndi biz “Laçınım” mahnısına oynaya da bilərik. Allah Ali Baş  Komandanımızın canını sağ, müzəffər ordumuzu var eləsin. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Mövzuya  qayıdaq... Məsələn, həmin mahnını mən yazmış olsam, deyərdim ki, Məhəbbətindir. Çünki Məhəbbət  çox yanğı ilə oxuyub və onun mahnısı kimi qəbul etmək lazımdır. Sual olunur ki, Könül xanım heç sözügedən əsəri ifa edib? Mən eşitməmişəm. Axı bəstəkar yazdığı mahnını ilk özü oxumalıdır. Görkəmli bəstəkarımız Emin Sabitoğlu ilk dəfə özü ifa edirdi. Necə ola bilər ki, mahnını yazım, deyim Məhəbbət oxu, özüm də bir qıraqda dayanım. Belə məsələlərə diqqətlə yanaşmalıyıq. Könül xanımı qınamıram. Lakin  birgə çörək pulu qazanıblar, yuxusuz gecələri olub, rayonlara  gediblər. Allah Məhəbbətin oğluna can sağlığı versin. Onun ailəsi yaralı quş kimidir. Məhəbbət yoxdursa, deməli, heç nə yoxdur. Onları qıcıqlandırmağın nə mənası var? Rəhmətlik Zöhrə Abdullayeva bir dəfə açıqlama verdi ki, Məmmədbağır Bağırzadə sirlərini mənə danışardı. Deyirdi, deyirdi də. Bunu  dilə gətirmək, onun övladlarına, qızına yara vurmaq düzgün deyil axı. Biz Firuzə  İbadova ilə  yol gedirik, onunla nəsə müzakirə  edirik. Firuzə xanım  mən vəfat etdikdən sonra  bunları açıqlamalıdır? Belə şey olur? Biz sənət adamlarına zərbə tez dəyir, həddindən artıq diqqətli olmalıyıq. Mədəniyyət göstəricisi  kimi təqdim olunuruq. İlk dəfə kimin yazıb oxuduğu önəmsizdir. Tutaq ki, Könül  xanım yazıb. Dünya dağılır? Könül Zəngilana, Cəbrayıla, Kəlbəcərə də mahnı yazıb oxusun. Hamısı bizim torpaqlarımızdır. Belə söhbətlərin müzakirə olunmasına pis baxıram. Azərbaycanda narkomaniya baş alıb gedir, gənclərimizi düzgün yola çəkməliyik. Yoxsa bu mövzuları gündəmə gətirmək yanlışdır”.

K.Kərimovanın şahid kimi adını çəkdiyi Manaf Ağayev hansısa bir xəbərinin olmadığını bildirdi:

”Laçınım” illər əvvəl yazılıb. Bunu özləri bilir.  O vaxt onlarla yaxınlığım yox idi”.
Əziz oxucular, mahnının müəllifinin kim olması önəmli deyil. Əsas odur Könül Kərimova da, Məhəbbət Kazımov da bizim sənətkarlarımızdır. Laçın da bizimdir!