Tarixin qara ləkəsi... - Ağdaban soyqırımını da dünyaya tanıtmalıyıq


"Erməni vəhşilikləri haqqında rəsmi dövlət sənədləri bütün beynəlxalq təşkilatlara təqdim olunmalıdır"

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Ağdaban faciəsindən 30 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı birləşmələri Kəlbəcər rayonunun Ağdaban kəndindəki 130 evin hamısını yandırdı. Kənd əhalisinin 779 nəfər dinc sakininə işgəncə verildli, 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırıldı. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdıldı, türk-islam dövrünə aid ziyarətgah və məzarlıq məhv edildi. Bu faciəyə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev verib, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb və bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. 

Ağdaban faciəsi Azərbaycan türklərinə qarşı törədilmiş nə ilk, nə də sonuncu soyqırım aktıdır. Ermənilər Qafqaza ayaq basandan yerli xalqlara qarşı müxtəlif vəhşiliklər törədib, soyqırım həyata keçirib, tarixin heç bir dönəmində özlərinə məxsus olmamış torpaqlara iddia edərək, sərsəm “arzuları”nı reallaşdırmaq üçün silahlı birləşmələr təşkil edib ərazilər işğal etməyə çalışıblar. Həm də bu, dövlət səviyyəsində aparılan işğalçılıq və soyqırım siyasəti olub. Tarixin hansısa dönəmində istəklərinə, havadarlarının köməyi sayəsində müvəqqəti nail olsalar da, sonunda torpaqların əzəli sahibləri yenə qalib gəlib. Qarabağ müharibəsində də eynilə belə oldu. Birinci Qarabağ savaşında adətləri üzrə bəzi dövlətlərə arxalanaraq, hərbi-siyasi dəstək alaraq Qarabağımızı işğal edən Ermənistan dövləti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanının qətiyyəti, qalib ordumuzun, şanlı əsgərlərimizin şücaətiylə məğlubiyyətə uğradı və işğal altında saxladığı ərazilərdən qovuldu. Hazırda bütün dünya Azərbaycanı qalib ölkə, torpağına sahib çıxmağı bacaran dövlət kimi tanıyır və hörmət edir. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparmaqla yanaşı Ermənistan dövlətinin törətdiyi bəşəri cinayətlərin beynəlxalq müstəvidə hüquqi qiymət alması üçün də fəaliyyətini davam etdirir. 30-cu ildönümünü ürək yanğısıyla qeyd etdiyimiz Ağdaban faciəsinin bəşəri cinayət olaraq beynəlxalq müstəvidə tanıdılması da bunlardan biridir. Bu istiqamətdə  bir sıra addımlar atılır. 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu soyqırım və etnik təmizləmə siyasətinin davamı olaraq Kəlbəcərin Ağdaban kəndində minlərlə günahsız insan qətlə yetirildi, kütləvi qırğınlar törədildi: “Bununla yanaşı, kənd ərazisində mövcud olan və bəşər sivilizasiyasına aid tarixi, mədəni və dini obyektlər dağıdılıb, Azərbaycanın mədəni irsinə aid əsərlər, o cümlədən şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində ermənilər tərəfindən soyqırım cinayəti, habelə mədəni irsə qarşı vandalcasına dağıntılar törədilməsi nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub. Beynəlxalq təşkilatları və dövlətləri Ağdaban soyqırımını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün qətiyyətli addımlar atmağa, bu qətliamı soyqırım və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram". Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında təkcə Ağdaban faciəsi deyil, ümumiyyətlə, Ermənistan dövlətinin müharibə cinayətləri, dinc əhaliyə qarşı soyqırım aktları barədə dünya ictimaiyyətinin daim məlumatlandırılmalı olduğunu dedi: 

- Ağdaban faciəsi Ermənistan dövlətinin və onun başında duran cinayətkar rejimin insanlıq əleyhinə törətdiyi daha bir vəhşilik, soyqırım aktıdır. İstər Ağdaban faicəsi, istərsə də erməni vəhşiliyinin digər nümunələri olan faciələr, bunların hamısı zaman-zaman dünya ictimaiyyətinə bildirilib, çatdırılıb. Azərbaycanda fəaliyyət göstərən təşkilatlar bu barədə dəfələrlə məruzələrlə çıxış edib, faktlar ortaya qoyublar. Ancaq biz nə qədər çalışsaq da, yenə azdır. Bu bəyanatlar,  soyqırımların dünyaya tanıdılması kampaniya xarakteri daşımamalıdır. Ermənilər öz yalanlarını, olmayan hadisələri “faciə” kimi qələmə verir, dünyaya özlərini “məzlum”, “zərərçəkmiş”, “hüquqları tapdanmış” toplum olaraq göstərirlər. Əslində isə işgəncəyə, soyqırıma məruz qoyduqları Azərbaycan türkləridir. Ermənilər illərlə bu sahədə çalışıb və yalanlarına kimlərisə inandıra biliblər. Lakin son illərdə Azərbaycan tərəfi də artılq aktivləşib, sənədlərlə, dəlil-sübutlarla erməni yalanları üzə çıxarır, əsl həqiqəti ortaya qoyurlar. Artıq dünya ictimaiyyəti erməni yalanlarını tanıyır. Amma bu bizə əsas vermir ki, fəaliyyətimizi zəiflədək. Biz daim fəaliyyətdə olmalı, baş vermiş hər bir hadisə, istər Birinci Qarabağ savaşı, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də erməni silahlılarının  tarix boyu Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər barədə danışmalı, tarixi faktları üzə çıxarmalı və dünya ictimaiyyətini, dünya dövlətlərini məlumatlandırmalıyıq. Ermənilər hətta mərhum Çingiz Mustafayevin Xocalıda lentə aldığı soyqırımı da özlərinə aid etməyə çalışdılar ki, bunlar qətlə yetirilmiş ermənilərin görüntüləridir. Amma onlara tutarlı, əsaslandırılmış cavab verildi. Ermənilər yalan yaymaqda “ustadılar”. Biz çalışmalıyıq ki, onların yalanlarını üzə çıxaraq. Bunun üçün də bir-iki deyil, ən müxtəlif auditoriyalardan istifadə edilməlidir. Xarici ölkələrdəki ziyalı, gənc, adi vətəndaş auditoriyasına Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Soyqırım aktları, erməni vəhşilikləri haqqında rəsmi dövlət sənədləri bütün beynəlxalq təşkilatlara təqdim olunmalıdır. Tarixçilərimiz də çalışmalı, kitablar nəşr etməlidir ki, hər hansı hadisə barədə məlumat axtarışına çıxıldığında Azərbaycan müəlliflərinin əsərləri, tədqiqatları, araşdırmalarından mənbə kimi istifadə edilsin.