Arvadı yıxılıb öldü, 22 ilə Fərhat kimi dağı yardı! - KƏND DƏ QURTULDU!

İşlədiyi vaxt aldığı xəbərlə ona tələssə də, kəndində olmayan yol arvadını əlindən alıb. Xəstəxanaya çata bilmədiyi üçün ölüm ağrısı ilə sarsılan Dashrath Manjhi 22 il yalnız bir iş üçün çalışıb. Ürək parçalayan həyatı filmlərə mövzu olan “Dağ adamı”nın ailəsi yoxsulluq içində yaşayır. Sherg.az hadisəni təqdim edir.

Dashrath Manjhi 1934-cü ildə Hindistanın Kaya yaxınlığındakı Gehlaur kəndində yoxsul bir fəhlə ailəsinin övladı olaraq anadan olub. Manjhi və ərazidə yaşayanlar üçün həyat asan deyildi. Çünki onların içməyə suyu, getməyə məktəbi, müalicə almağa xəstəxanası belə yox idi. Bu ehtiyacları ödəmək üçün çox vaxt yaşadıqları yerin yanındakı dağa qalxmalı olurdular.


Təxminən 60 il əvvəl Dashrath Manjhi iş üçün dağlıq ərazidə qalırdı. Həmin vaxt bədbəxt hadisə baş verdi. Həyat yoldaşı ona yemək və su gətirərkən  sürüşərək uçurumdan aşağı yıxılıb. Bir kənd sakini hadisəni Manjhiyə bildirdikdə o, dərhal onun yanına qaçdı. Hadisə yerinə çatanda arvadı uçurumun dibində idi və hələ sağ idi. O, ölüm ayağında olan arvadını tez bir zamanda xəstəxanaya aparmalı idi. Ancaq ən yaxın xəstəxana təxminən 70 kilometr aralıda idi. Bu səbəbdən təcili müdaxilə oluna bilmədiyi üçün Manjhi 1959-cu ildə həyat yoldaşını itirdi. Bu ölümdən sonra o, oxşar vəziyyətin başqalarının başına gəlməsinin qarşısını almaq üçün unudulmaz bir qərar verdi.
 Sonda dövlətdən dəstək olmayanda Manjhi problemi özü həll etmək üçün hərəkətə keçdi. O, sahib olduğu keçiləri satıb, özünə kəndir, çəkic,  aldı. Ətrafındakı insanların nə deməsindən asılı olmayaraq, o, 1960-1982-ci illər arasında 22 il ərzində Gehlour qayalarını düym-düym dəldi,  parçaladı. Dashrath Manjhi qərarını belə ifadə edib:

"Həyat yoldaşım Phalquni Devi mənə su gətirmək üçün qayalardan keçərkən yıxıldı, ağır yaralandı. Mən o vaxt fermada işləyirdim. Həmin gündın bu qayaların arasından cığır çəkməyə qərar verdim. İnsanlar mənə dəli kimi baxırdılar, amma bu, məni daha da ruhlandırdı".

 
Nəhayət arzusunu reallaşdırdı. O, qayaların o biri tərəfinə çatmışdı. O, bəzi yerləri 7,6-9,1 metr dərinlikdə qazaraq yolu açmağa nail olub. Bütün bunları edərkən o, gündüzlər indiki işini davam etdirir, axşamlar işləyirdi. Lakin  sonda qayaların o biri tərəfinə getmək üçün tələb olunan 70 kilometri cəmi bir kilometrə endirdi. Bu yolla avtomobil daşınması da mümkün oldu. Bu uğurdan sonra hamı onu “Dağ adamı” adlandırmağa başladı.

18 avqust 2007-ci ildə kənd camaatına inanılmaz xidmət göstərən Manjhi Hindistanda öd kisəsi xərçəngindən son nəfəsini verdi. Lakin bu arada o, gələcək nəsillərə ilham verəcək bir filmlə öz həyat hekayəsinin tamaşaçılara çatdırılmasına da icazə verib. 


Onun hekayəsi 2015-ci ildə "Manjhi – Dağ Adamı" adlı bioqrafik filmə çevrildi. 2016-cı ildə Manjhi Hindistanın milli poçt markasında da yer alıb. Ancaq "Dağ Adamı Dashrath Manjhi" filminin uğuruna baxmayaraq, ailə üzvləri yoxsulluq içində yaşamağa davam edir. Bu yaxınlarda yayımlanan xəbərə görə,  filminin prodüserləri Manjhi ailəsinə böyük vədlər versələr də, film bitdikdən sonra bu vədləri unudublar. Bhagirath Manjhi müsahibəsində aşağıdakı açıqlamaları verib:

"Atamız çox kasıb idi, tarlada işləyirdi. Dağları aşaraq yol çəkdi. Bunun üçün 3 keçisini satmalı oldu. Sonra çəkic aldı. Bütün kənd deyirdi ki, dəlidir, o yolu 22 il çəkdi. Çəkiliş qrupu burada 1 ay qaldı və cəmi 50 min rupi ödədi . Kasıblıq içindəyik. Pulumuz olsaydı, ev tikərdik. Atamızın filmini çəkib pul qazandılar, amma bizim evdə  heç nə yoxdu. Filmdən sonrada heç nə dəyişmədi.  Atam heç bir zaman heç kimdən heç nə istəmədi”.