Gülüstan və Türkmənçay müqavilələri ilə parçalanan Azərbaycanda xalq kargüzarlıq işlərində, və bir çox yerdə öz dilindən istifadə edə bilmirdi. 19-cu əsrin əvvəllərindən başlayaraq Şimali Azərbaycanda əhali rus dilində, Cənubi Azərbaycanda isə əhali fars dilində danışmağa məcbur edilirdi. 1875-ci ildən başlayan Milli Oyanış Hərəkatında ədiblərimiz xalqa öz ana dilində danışmağın vacibliyini qeyd edir, onlara milli duyğuları aşılamağa çalışırdı. Lakin Azərbaycanın parçalanmasından sonra türk dilinin dövlət dili olaraq elan edilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmi bir ay sonra 27 iyun 1918-ci ildə türk dilini rəsmən dövlət dili elan edildi. Həmin qərarı ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk sənəd hesab etmək olar. Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının əsasını qoydu. Bu qərardan sonra Azərbaycanda türk dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi. Bundan başqa, AXC hökuməti həmin məqsədlə dövlət büdcəsindən vəsait də ayırdı. 28 avqust 1918-ci ildə hökumət ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Həmin qərarda göstərilirdi ki, bütün ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılır və dövlət dili icbari qaydada tədris olunur.
Azərbaycanda xalqın ana dili olan türk dili artıq bütün dairələrdə rəsmi şəkildə istifadə olunmağa başlandı. AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 11 fevral 1919-cu ildə ordunun dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə onu öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddət ərzində heç olmasa hərbi əmrləri azərbaycanca (türkcə) verə bilməyən hərbi qulluqçular ordu sıralarından xaric ediləcəklər. Bundan başqa 18 sentyabr 1919- cu ildə “Xalq məktəblərinin kitabxanaları üçün Azərbaycan (türk) dilində kitablar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında” qanun qəbul olundu. Həmin qanunda xalq məktəblərinin kitabxanaları üçün Azərbaycan (türk) dilində yeni kitabların alınmasına dövlət xəzinədarlığı vəsaitlərindən 1 milyon rubl ayrıldığı qeyd olunurdu.
AXC hökuməti tərəfindən başlayan ana dili siyasəti cümhuriyyət süqut etdikdən sonra da davam etdi.