Üzeyir Hacıbəyovdan "MOLLA NƏSRƏDDİNƏ CAVAB"

Yaxşılıq elə at Tiflisə, "Molla Nəsrəddin" bilməsə də, xaliq bilər

Doğrudan da ki, "Molla Nəsrəddin" bilməz", xaliq bilər!.. Heç bilirsinizmi ki, "İrşad" bu “Molla Nəsrəddinə nə yaxşılıqlar eləmişdi? Allahın verən günü onun üçün qəsidələr və hər cür şerlər yazdırıb göndərməkdən lap hamını təngə gətirmişdi.

İndi di gəl ki, o yaxşılıqların müqabilində “Molla Nəsrəddin" bilirsinizmi nə qayırıb? Götürüb, ərinməz ərinməz cəmi aləmə elan eləyibdir ki, bəs "İrşad" o yerə yetiribdir ki, özünə beş min müştəri axtarır.

İndi, ay "Molla Nəsrəddin", bir özün fikir elə, gör mən sənə nə deyim ki, ürəyim soyusun? A kişi, pis söz demək istəmirəm, qəribə sən paxıl və qarınqulu molla imişsən? Yaxşı, sənin nə borcuna qalıbdır ki, "İrşad" özünə beş min müştəri axtarır? Kim səndən təvəqqi elədi ki, götürüb onu bütün aləmə bəyan eləyib, daldan özün da bir sicilləmə şey yazırsan? Vəkilsən? Yoxsa "İrşad"ın adyutantısan?

Bu saat Qafqazı bilmirəm, amma bütün Yevropadan belə məlumdur ki, sənin jurnalın Araz qırağına çatan kimi, İran qulluqçularının axır çərşənbəsi olur. Biz elə bilirdik ki, sən İran adamlarına jurnalının içində xəlvət kağız göndərmisən ki, gəlib sənin jurnalını Tiflisdə oxusunlar. Buna dəlil haman sənin yanında "İrşad" müştərisini barmaqları ilə sayan iranlıdır. Amma biz yenə sənin bu əməlini heç kəsə demirik. Səndə nə üz oldu ki, götürüb "İrşadı biabır elədin? Və bir də "İrşadın işlərinin sənə nə dəxli var ki, acılana- acılana deyirsən ki, heç "İrşadın işlərini qana bilmədim. "İrşad"ın dərdi sənə qalmışdı? Və bir də paxıllığın tutub deyirsən ki, "Əşı, beş min də müştəri olar!" Bəs, yaxşı, üç min də "Molla Nəsrəddin" olarmı?! Və bir də sənin bu sözlərinə bir tük qədəri də məhəl qoymazdıq, hərgah camaatın ağlına batmamış olsaydı, amma heyf ki. camaatın ağlına batıbdır.

Məsələn, srağagün mənim qonşum Kərbəlayı Avamqulu əlində sənin jurnalını tutub, başını bulaya-bulaya yanıma gəlib deyir ki, "əşi, vallah, "Molla Nəsrəddin” demişkən sizin işiniz lap pəstahdır".
Deyirəm:
- Necə?
Deyir: 
- Əşi, beş min də müştəri olar ki, "İrşad" özünə axtarır?
Dedim:
- Neyçün olmaz, beş min deyəndə çoxdurmu?
Deyir:
- Əşi, qəzeti bağlamaq fikiriniz varsa, birdibli bağlayın getsin, ta bir də durub özünüzdən bəhanə axtarmayın, beş min müştəri olarmı?
Dedim:
- Axı, beş min nəmənədir ki?
Deyir:
- Sənə deyirəm olmaz, olmaz!
Dedim:
- Axı bircə, nə səbəbə olmaz?
Deyir:
- Beş min müştəri olmaz, beş min qoz olar, fındıq olar, noxud dənəsi olar, beş min soldat olar, hələ yapon soldatı beş mindən də çoxdur, amma beş min müştəri olmaz! Inanmırsan, gəl mərc gələk!
  Əlacım kəsildi. Bir girvənkə qovurulmuş şabalıddan və yarım girvənkə də qoz halvasından mərc gəldik. Ondan sonra Kərbəlayı Avamqulu gedib evlərindən bir çotka gətirib dedi:
- Buyur, indi de görüm, dünyada nə qədər müsəlman var?!
Dedim:
- Dünyanın müsəlmanlarını götürsən, onda sən uduzarsan, qoy təkcə Qafqazı götürək.
Dedi:
- Zərər yoxdur. Qafqazı götür, görək neçə müsəlman var. 
Dedim:
- Qafqazda var altı milyon müsəlman.
Kərbəlayı çotkada altı milyon salıb dedi:
- Çox yaxşı, indi biz bu altı milyonun yarısını çıxaq.
Dedim:
- Neyçün?
Dedi:
- Hesab eləyək ki, bir milyon yarım balaca uşaqlardır ki, hələ qəzet-məzet tanımazlar.
Dedim:
- Çox yaxşı!
Çıxdı, qaldı dörd milyon yarım.
Dedi:
- İndi bu dörd milyon yarımdan da üç milyonunu tullayaq.
Dedim:
- O nə səbəbə?
Dedi:
- Hesab eləyin ki, bu qədər də arvad var ki, onlar da, əlbəttə, qəzet oxumazlar.
Dedim:
- Yaxşı, bəs onda arvadların hesabı kişilərinkindən çox olur ki?
Dedi:
- Əlbəttə, arvad çoxdur, hər kişiyə iki arvad götürsək, düz elə olar. Halbuki, elələri var ki, beş arvada da kifayət demirlər.
Dedim:
- Yaxşı, bu üç milyonun içində bari heç olmasa, bir-iki yüz savadlı arvad var ki, onlar qəzet...
Burda Kərbəlayı Avamqulu mənim sözümü kəsib dedi:
- Təvəqqi eləyirəm ki, arvadlara əl qatmayıb, artıq müşərrəf eləməyəsınız.
Dedim:
- Yaxşı, sonra?
Dedi:
- İndi qaldı milyon yarım. Bu milyon yarımın da bir milyonunu çıxaq
Dedim:
- O nə səbəbə
Dedi:
- Onlar da hambal-humballar va bisavad adamlardır.
Dedim:
- Bəs hambal-humbal qəzet oxumazmı?
Dedi:
- Yox, oxumaz. Çünki qəzet hər nə tövr olsa da, yenə oxuyana bir şeydir, hambala yaraşmaz.
Dedim:
- Yox, Kərbəlayı, bunlar boş sözlərdir, təki hambal qəzet oxusun, qoy ona yaraşmasın.
Dedi:
- Yox, Filankəs, səhviniz var. Hambala qəzet yaraşmaz!
Dedim:
- Yox, Kərbəlayı, qəzet matişkə şlyapası deyil ki, hambala yaraşmasın.
Dedi:
- Yox, Filankəs, qəzet oxuyan hambal acından ölər.
Dedim:
- Neyçün?
Dedi:
- Çünki hər kəs görsə ki, hambal qəzet oxuyur, elə bilər ki, bir əhli-kef adamdır, çağırıb yük götürməz və pul da verməz.
Dedim:
- Hərçənd bu sözə razı deyiləm, amma zərər yoxdur, sonra nə? Kərbəlayı gördü ki, hələ yarım milyon adam qalıbdır, fikirə getdi.
Dedim:
- Çox fikir eləmə. Bu yarım milyonun dörd yüz minini də mən çıxaram.
Dedi:
- Neyçün?
Dedim:
- Onlar da intelligentlərdir ki, müsəlman qəzetinə əl vurmazlar, çünki ruslardan utanırlar. Yerdə qalan beş yüz minin də dörd yüz doxsan bes minini sənə bağışladım. Yerdə qalan beş minə sözün nədir?
Kəblə Avamqulu bir qədər mənim üzümə baxıb, heç bir söz demədi, amma man duydum ki, kişinin mənə bərk acığı tutubdur. Çünki ayaq üstündə durub dedi:
- Bir də səninlə haqq-hesab eləyənın atasına min təsbeh lənət! Xudahafiz!

İndi, ay "Molla Nəsrəddin", burada təqsir hamısı səndədir. Hərgah sən yazmasaydın, bu söhbət də olmazdı. Və bir də sənin məqaləni oxuyandan sonra bazara çıxdım ki, görüm xalq nə danışır. Gördüm bir dükanda üç nəfər abırlı kişilər oturub söhbət edirlər. İttifaqən, bunlardan birisi mənə dedi ki, ay Məşədi Cəfər, gəlin, bu il biz də "İrşad" kaspisinə yazılaq, gəlsin. Deyirlər ki, içində əcəb qəribə şeylər yazılır. Məşədi Cəfər də öz yoldaşı ilə cavab verdilər ki, balam, biz də elə bu fikirdə idik. Amma deyirlər ki, "İrşad"ın müştərisi azdır, ona görə, guya bağlanacaqdır. Deyirəm qoy, hələ görək bağlanır ya bağlanmır?! Əvvəlki kişi razı oldu və dedi:
- Elə isə mən də gözlərəm və bizim Məşədi Rüstəmlə Mirzə Quluya da deyərəm ki, hələ gözləsinlər, görək nə olur. Onlar da yazdırmaq istəyirdilər.
Məşədi Cəfər dedi:
- Mən də Kərbəlayı Fəzlullaha demişəm, o da hələ yazdırmasın və əttar Cavada da desin ki, o da hələ dayansın. Sonra yazdırmalı olsaq, bir yerdə yazdırarıq..
Buyur, cənab Molla, hamı bir-birini gözləyib pul göndərməyəcək. O deyəcək ki, bəlkə doğrudan bağlandı, bu deyəcək ki, Məşədi Əli ayağını düz qoysun, mən də qoyum. Axırda heç kəs göndərməyəcək. Doğrudan da "İrşad bağlanacaq. Bunların hamısı sənın kələyindir. Hərçənd sənin acığına bu gün bir abbası verib, Molla Ləngərquluya bir nəzər duası yazdırmışam. Ondan bəridir, şükür Allaha, müştərilər gün-gündən artır.

Yavaş-yavaş e nəzər duasından bəri deyirlər. çayxanalarda-zadda deyirlər:
- Ay kişi, doğrudan, bizə demirlər gəlin "İrsad" bağlayaq. 
- Dedilər ki, müştəri olmasa, bağlanacaq
- Yaxşı, biz də durub baxsaq, pulunuzu vaxtında göndərməsək, doğrudan da, bağlanar da!!
O biri dedi:
- Adə, sən əvvəl doğru deyirdin. Di. get. yat, sən deyən olmadı. Pul bu saat təpələrdən yel kimi, dərələrdən sel kimi gəlir. Qurban olum Molla Ləngərqulunun duasına. Amma ki, deyirəm, bu cürə söhbətin də təqsiri bütün səndədir.

İndi bu fikiri elə gör ki, yaxşılığın əvəzində nə yaman pislik eləmisən ki, "İrşad" - sənin qardaşın deyir: 
Hər kəsə dost dedim, düşməni-can oldu mənə, Düşmənim Molla imiş, indi əyan oldu mənə.

 Üzeyir Hacıbəyov