Boraltan faciəsinin tarixi -ARAŞDIRMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının nəticələrinə görə keçirilən brifinqdə deyib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi güclü dəstək həm Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməyə imkan verdi, həm də 1944-cü il Boraltan faciəsinin utancverici ləkəsini ölkəmizin vicdanından sildi. 

Türkiyə dövlətinin başçısı 176 azərbaycanlının güllələnməsini faciə adlandırıb, bu faciədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) təqsirkar olduğunu bildirib:

"Həmin dövrdə Ankara bir qrup qardaş azərbaycanlını sovet hakimiyyətinə təhvil verdi və onlar dərhal güllələndi. Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. Biz bu cür hadisələrin təkrarlanmasına imkan verə bilmərik".

Türkiyə cəmiyyəti Boraltan faciəsi ilə bağlı fikir ayrılığındadır. Bəziləri azərbaycanlıların SSRİ-yə verilməsinin tarixi məcburiyyət olduğunu deyərkən, digərləri isə faciədə o zamankı Türkiyə rəhbərliyini günahlandırır. Bəs əslində həqiqət nədir?


"Sherg.az" mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Boraltan faciəsi İkinci Dünya müharibəsinin sonlarında baş verib. Müharibə vaxtı tərəf dəyişərək Azərbaycanı sovet işğalından xilas etmək üçün alman qoşunlarında vuruşan azərbaycanlılar müharibənin sonunda müttəfiqlərə əsir düşür. Müttəfiqlər əsirləri bolşeviklərə təslim edərkən onlardan bəziləri qaçaraq Türkiyəyə sığına bilir. SSRİ rəhbərliyi rəsmi Ankaradan əsirlərin təhvil verilməsini tələb edir. O zaman Türkiyədə iqtidar olan CXP hökuməti əsirləri Sovet Rusiyasına qaytarmaq qərarına gəlirlər. Verilən göstərişdən sonra hərbi hissənin komandiri sayı yüzdən çox azərbaycanlını Sovet Rusiyasına təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər. Deyilənə görə hərbi hissənin komandiri sərhədin o tayından bu tayında gördüklərinə dözə bilmir və evinə gəlib intihar edir.

Lakin CXP hökumətinin əsirləri məcburiyyətdən geri qaytarıb. Çünki Türkiyə müharibə vaxtı tərəfsizliyini qoruyub Hitler Almaniyasına müharibə elan etməmişdi. Türkiyənin bu davranışına görə İngiltərə və ABŞ Türkiyəni siyasi arenada yalnız buraxmışdı. Bundan istifadə edən SSRİ hökuməti Türkiyəyə həm boğazlar məsələsində, həm də bir sıra mövzularda haqq iddiaları edirdi. SSRİ ilə onsuzda yaxşı olmayan münasibətlərinin daha da pisləşməsini istəməyən Türkiyə hökuməti əsirləri qaytarmağa məcbur idi. Lakin bu faciənin baş verməsində bir sıra türk hökümət adamlarının da günahları görməzdən gəlinməməlidir.