Şuşadan İstanbula... -Sürəyya Ağaoğlunun ömür yolu

  Türkiyə Cümhuriyyətinin hüquqi dövlət sisteminin qurulmasında, xanımların ictimai-siyasi fəaliyyətinin təşviqi və təbliğində, qadın və uşaq hüquqlarının qorunmasında öncül mövqeyə sahib Sürəyya Ağaoğlunun (1903-1989) həyatı bir çox ilklərlə zəngindir. Türkiyənin inkişafına töhfə və yön verən 10 qadından biri kimi bu gün də bütün sorğularda ön sıralarda dayanan S.Ağaoğlu türk dünyasının ilk qadın hüquq vəkili, qadın və uşaq hüquqlarının qorunmasında elmi-nəzəri, praktik fəaliyyəti ilə seçilən ilk hüquq müdafiəçisi olub. Qadınların ictimai-siyasi fəallığının artırılmasına yönələn tədbirlərin təşkilatçısı olan Azərbaycan-türk əsilli bu xanım Atatürk dəyərlərinin qorunması və təbliğində, Türkiyədə ilk uşaq sığınacağının yaradılmasında öncüllük edib. S.Ağaoğlu Amerika və bir sıra Avropa dövlətlərində, müsəlman ölkələrində barışın, sülhün təbliğatçısı kimi xatırlanır, zaman keçdikcə daha çox diqqəti cəlb edir, həyatı, fəaliyyəti tədqiqat  obyektinə çevrilir. Milli dəyərlərə bağlı bir çox başlanğıclara vəsilə olan bu xanım məşhur Ağaoğlular soy-kökünə mənsubdur.
  Atası məşhur hüquq professoru, Osmanlı dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin, Türkiyə Cümhuriyyətinin millət vəkili, yorulmaz publisist, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu, anası Qarabağın məşhur Vəzirovlar soyundan Sitarə xanımdır. Sürəyya Ağaoğlu bu məşhur ailənin ilk övladıdır. Türkiyənin məşhur təhsil işçisi, millət vəkili Tezər Taşkıranın, Türkiyənin ictimai-siyasi həyatında böyük rol oynayan, Adnan Menderes dönəmində Türkiyə Cümhuriyyəti baş nazirinin müavini vəzifəsinə qədər ömür yolu keçən, yazar Samət Ağaoğlunun, məşhur mühəndis Əbdülrəhman Ağaoğlu və həkim Gültəkin Ağaoğlunun böyük bacısıdır. 
  1903-cü ildə türk dünyasının mədəniyyət beşiyi olan Şuşada doğulan S.Ağaoğlunun uşaqlığı bu tarixi qədim yurd yerlərində keçib. Bütün həyatı boyu qayğısız uşaqlıq illərini, Şuşanın bənzərsiz təbiətini xatirələrində yaşadan S.Ağaoğlu Azərbaycanı doğma Vətəni olaraq Türkiyə qədər sevib. Türkiyəni Azərbaycandan, Azərbaycanı Türkiyədən ayırmayıb, sevgi payını bu iki qardaş ölkəyə tən bölə bilib. Xəyalında uzun illər yaşatdığı Şuşanı heç vaxt unutmayıb. Müsahibələrinin birində S.Ağaoğlu bu barədə kövrək notlarla Şuşanın onun həyatındakı yerini belə təyin edir: "Məndən soruşanda ki, Vətənin haradır? Cavab verirəm ki, Şuşada doğulmuşam, orada dil açmışam, ilk addımı orada atmışam".  S.Ağaoğlu dünyanın müxtəlif ölkələrini dolaşsa da, doğulduğu, ilk ayaq açdığı qədim Şuşanı görmək istəyib, uzun illər bu arzu və həsrətlə yaşayıb. Şuşa yaddaşında güllərin təravətini ilk dəfə duyduğu ata yurdu olaraq belə qalıb: "Ulduzlu səmanı ilk dəfə orada seyr etmişəm, güllərin ətrini ilk dəfə orda duymuşam. Azərbaycan dilində bir söz, söhbət, musiqi eşidəndə uşaqlıq xatirələrim məni öz qoynuna alır". 
  Şuşada doğulan, Bakıda və İstanbulda uşaqlıq, gənclik macəralarını yaşayan, Türkiyədə ilk qadın hüquq vəkili adını alan, Atatürk inqilabının, islahatlarının, yeniləşmənin simvoluna çevrilən S.Ağaoğlu ömrünün 80 ilini İstanbula bağlayıb, fəal ictimaiyyətçi kimi diqqətdən kənarda qalmayıb, azad fikirlərini dilə gətirməkdən çəkinməyib və ən əsası da çətin məhkəmə proseslərində ədalətin qələbəsinə çalışıb.
 

***
  1909-cu ildə atasının Türkiyəyə mühacirəti səbəbindən S.Ağaoğlu Bakıdan İstanbula köçür. "Səssiz gəmini gözlərkən, bir ömür belə keçdi" memuarında bu köçü həzin duyğularla qələmə alan S.Ağaoğlu yazır: "Uşaqlığımı, Bakıdan İstanbula gəlişimizi demək olar ki, bir yuxu kimi xatırlayıram. Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın bir qardaşı oğlunu və ən böyüyü 6 yaşında olan məni və bacı-qardaşlarımı götürərək qatarla yola düşdü. Qohumlar ağlayırdılar. Anam ilə Humay bibim də. Yenə xəyalən Batumdan gəmiyə minməyimizi və mənə çox qələbəlik görünən Qalata körpüsünə gəlməyimizi, o izdiham arasında atamın bizə əl etdiyini görürəm".
  S.Ağaoğlunun bəhs etdiyi bu tarix 1910-cu il idi. Bu vaxtdan etibarən Sürəyya xanımın 77 illik uzun, qovğalarla, itkilərlə və mübarizələrlə dolu ömrünün Türkiyə dövrü başlayır.
  İstanbulun Cəlaloğlu Şərəf Əfəndi küçəsində böyük bir malikanəyə yerləşən Ağaoğlular ailəsinin mühacirəti heç də asan başa gəlmir. Maddi sıxıntılar, sosial-psixoloji problemlər, qohumlar arasında əlaqələrin itməsi, ailənin yeni cəmiyyətə adaptasiyası çətinliklər yaradır. Bəzi çevrələr Ə.Ağaoğlunu vaxtilə çar Rusiyasının təbəəsi olduğunu aşağılayıcı bir tərzdə dilə gətirməsi də ayrıca bir çətinlik, problem idi. Bütün bunlara baxmayaraq, Ə.Ağaoğlu, həyat yoldaşı Sitarə xanım bütün çətinlikləri arxada qoya bilir.
  Ailə məclislərində dövrün ictimai-siyasi, ideoloji cərəyanlarının içərisində milliyyətçilik ruhunda böyüyən S.Ağaoğlu Türkiyənin ən önəmli şəxsiyyətlərini yaxından tanıyır, bu tarixi şəxsiyyətlərin övladları, ailəsi ilə isti münasibətlər qurur. 
  M.K.Atatürk, Ziya Göyalp, Yusif Akçura, Əli bəy Hüseynzadə, Cəlal Sahir, Həmdullah Sübhi, Fuad Köprülü, Abdulla Cövdət, Ənvər və Tələt paşalar, Seyid Tahir əfəndi, Əbdülrəşid əfəndi S.Ağaoğlunun söhbətlərini dinlədiyi, onun gələcək həyatını, dünyagörüşü və düşüncələrinin formalaşmasında əhəmiyyətli rolu olan tarixi şəxsiyyətlər siyahısının kiçik bir qismidir.
  İbtidai məktəbi  və liseyi başa vurduqdan sonra S.Ağaoğlu qarşısına qoyduğu hədəfə çatmaq üçün dövrün, zamanın daşlaşmış qaydalarına, yüz illər boyu oturuşan sistemə qarşı mübarizə etməli olur. O, ali təhsilli hüquqşünas olmaq istəyirdi. Amma İstanbul Universitetində yalnız oğlanlar, kişi cinsinə mənsub olanlar hüquqşünas ola bilərdi. Hələ də ali məktəblərdə oğlanlar və qızlar ayrı-ayrı siniflərdə təhsil alırdı. Belə çətin, ağır şərtlər altında tarixi ilk addım atmaq iradə və cəsarət tələb edirdi. Həmin dönəmi xatırlayan S.Ağaoğlu yazır: "1921-ci ilin payızında üç rəfiqəmlə Darülfünunun, yəni "Zeynəb xanım qonağı"nın pilləkənlərini çıxırdıq. Rəfiqələrimdən biri fənn, digəri də ədəbiyyat fakültəsinə daxil olmaq istəyirdi. Mən də hüquq fakültəsinin qızlar üçün açılmasını və hüquq təhsili almaq istəyirdim. O zaman hüquq fakültəsi qadınlara qadağan idi. Rəfiqələrim mənə gülürdü, buna müvəffəq olub-olmayacağım bilinmirdi".
  Arzu və istəyinin arxasınca inadla irəliləmək Sürəyya xanıma heç də asan başa gəlmir. Həm də onu hər bir işdə dəstəkləyən atası Əhməd bəy Ağaoğlu Maltada həbsxanada idi. 1919-cu ildə ingilislər İstanbulu işğal edəndə bir çox türk aydınları, fikir insanları kimi onu da həbs edib, Maltada həbsxanada saxlayırdılar. Belə çətin, ağır durumda atasının "Xalq düşməni" kimi ittiham olunduğu dövrdə S.Ağaoğlu gənclik enerjisinə, inadına və möhkəm əzminə arxalanırdı. İstanbul Universitetində qadınlar üçün hüquq fakültəsinin açılması sıradan, adi bir iş deyildi. Həmin günləri xatırlayaraq S.Ağaoğlu yazır: "...Hüquq fakültəsi dekanı beynəlxalq hüquq professoru mərhum Səlahəddin bəy küncdə bir masa arxasında oturmuşdu. Yanında professor Vəli bəy, qarşısında isə ümumi katib Rauf bəy durmuşdular. İçəriyə daxil olub: - Mən Sürəyya Ağaoğluyam. "Bezmi-Aləm Validə Sultani"yəsini bu il bitirdim. Hüquq təhsili almaq istəyirəm. Məni hüquqa qəbul edərsinizmi? - söylədim. Səlahəddin bəy heyrətlə üzümə baxdı. Vəli bəy hər zamankı kimi aşağı əyilən başını qaldırdı".
  İstanbul Universitetinin Hüquq fakültəsinin dekanı və otaqdakı müəllimlər, fakültə katibi qarşılarında 17 yaşlı baş örtüksüz bu qara, cılız qızın zarafat edib-etmədiyini ayırd etməyə çalışır, çaşqın bir durumda nə baş verdiyini aydınlaşdırmaq istəyirdilər. Qarşılarındakı gənc qızın ciddi bir görkəmdə israrını görüb hüquq fakültəsinin dekanı Səlahəddin bəy gülərək söyləyir: "Daha üç nəfər tap, bu saat fakültəni açaq".
"Otaqdan dəli kimi çıxan" S.Ağaoğlu dərhal rəfiqələrini axtarır: "İndi başqa fakültələrə yazılmış olan yoldaşları inandırmaq lazım idi. İstanbul Universitetinin müxtəlif fakültələrinə sənəd verən rəfiqələrini "yola gətirən" S.Ağaoğlu sonda hüquq fakültəsinin qızlar üçün açılmasına vəsilə olur".
**** ***
  1925-ci ildə İstanbul Universitetinin hüquq fakültəsində məzun olan S.Ağaoğlu Ankaraya ailəsinin yanına köçür və ilk məslək həyatına başlayır. Hüquq fakültəsində məzun olan ilk qadın olması Türkiyənin hər tərəfinə yayılır. Bu fakt Ankarada fəaliyyət göstərən Avropa və Qərb diplomatlarını da maraqlandırır: "Hüquq fakültəsindən məzun olmağım Qərb dünyasının hüquq dairələrində də eşidilmiş və ilk hüquqşünas türk qadını kimi məndən söz edilmişdi. Rokfeller Fondu mənə Paris Beynəlxalq Hüquq İnstitutunda 3 aylıq bir seminar təqaüd təklif etdi. Təbii ki, çox sevindim". 
M.K.Atatürk S.Ağaoğlunun hüquq fakültəsini qızlar üçün açdırmasını və uğurla bitirməsinin cəsarətli addımlarına sevinir, təqdir edir. Ə.Ağaoğlu ilə yaxın ailə dostu olan M.K.Atatürk bu gənc inadkar türk qızının şərəfinə evində ziyafət verir. S.Ağaoğlu Türkiyə mediasına verdiyi müsahibələrdə, memuarlarında Atatürklə bağlı xeyli maraq doğuran hadisələri xatırlayır.
  S.Ağaoğlu 1928-ci ildə vəkillik fəaliyyəti ilə məşğul olmaq izni alır. Vəkillik lisenziyası alması və ilk qadın hüquq vəkili olaraq çalışmasını xatırlayan S.Ağaoğlu yazır: "İcazə aldığımda yenə arzuma çatmağımla bərabər tərəddüd hissi də yaşadım. Sevinirdimmi, yoxsa nə edəcəyimi, nə ilə mübarizə aparacağımı fikirləşirdim, bilmirəm. Beləliklə, atamın tövsiyəsi ilə Ankarada vəkil Çamal Hazim bəyin bürosunda işləməyə başladım. İlk işim bir boşanma iddiası oldu".
  Vəkilliklə bir müddət məşğul olduqdan sonra 1929-cu ildə Dövlət Şurasında işə başlayan S.Ağaoğlu burada nizamnamə hazırlıqları üzrə məşğul olan Tənzimetmə idarəsində çalışır, 1932-ci ildə isə ailəsinin yanına, İstanbula köçür. Bacarıqlı vəkil olmaqla yanaşı, fəal ictimaiyyətçi olan S.Ağaoğlu həmin dönəmləri belə xatırlayır: "1932-ci ildə İsanbula köçərək həyatımızın gözəl bir dövrünü başladıq. İstanbulda, o vaxt tənha bir yurd yeri olan Topağacında 33 otaqlı bir mülkdə yerləşdik. Ailə həyatımızın rəngli axışı orada da davam edirdi".
  Lakin bu xoşbəxt ailə 1933-cü ildə ilk faciənin ağrısını yaşamalı olur. Ailəni bir yerə yığan, istiqamət verən Sürəyya xanımın anası Sitarə Ağaoğlu dünyasını dəyişir: "Bu ölüm hamımızı darmadağın, atamı pərişan etdi. Kiçik sədəf üzlü anamız 52 yaşında, həm səkkiz uşaq dünyaya gətirməkdən, həm də atamın gurultulu həyatında məruz qaldığı sıxıntılardan dünyadan cavan köçdü".
Xaraktercə möhkəm, iradəli, məntiqi davranışıyla seçilən Sürəyya xanım çox keçmir ki, növbəti sarsıntı keçirir. Türk dünyasının böyük mütəfəkkiri, düşüncə adamı olan atası Əhməd bəy Ağaoğlu vəfat edir.
  Tanrının bəxş etdiyi ömrün sona çatdığını duyan Ə.Ağaoğlu son günlərində övladlarını görmək, onlara vəsiyyətini çatdırmaq istəyir. Ankarada olan S.Ağaoğlu qardaşı ilə birgə İstanbula, ata ocağına dönür. Övladlarının gəlişinə sevinən Əhməd bəy həmin gecəni sakit keçirir, lakin 1939-cu ilin 19 may günü səhər narahat oyanır. Ömrünün yaxınlaşdığını duyan Əhməd bəy övladlarına aram-aram vəsiyyətini söyləyir: "İnsan şüurlu bir makinadır, o da bir gün dayanacaq, əlbət. Mənə söz verin, heç bir qüvvə sizi bir-birinizdən ayırmayacaq. Elə deyil? Heç bir zaman doğrunu deməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri" deyin. Bibinizə, uşaqlara yaxşı baxın". Möhkəm təməllər üzərində formalaşan Ağaoğlular ailəsi valideyn itkisindən sonra da nizamını pozmur, bir-birlərinə bağlı olur, çətinlikləri birgə dəf edə bilirlər.
  Xarici ölkələrə səyahət etməyi xoşlayan, müxtəlif xalqların mədəniyyətlərini yaxından izləməyə böyük maraq duyan S.Ağaoğlu Türkiyənin ilk qadın hüquq vəkili kimi ABŞ, Avropa ölkələri də daxil olmaqla 70-dən çox ölkəyə səfər edir, çoxsaylı konfranslara, simpoziumlara qatılır, məruzələr oxuyur. Ölkələrin qanunvericiliyindəki boşluqlara diqqət yönəldir, təkliflər səsləndirir. Dəvət olunduğu ölkələrdə həmişə diqqət mərkəzində olan S.Ağaoğlu türk-müsəlman dünyasını layiqincə, ləyaqətlə təmsil edir. Türkiyə Cümhuriyyətinin maraqlarını, dövlət mənafeyini, hüquq sistemini daim müdafiə edən S.Ağaoğlu Türkiyənin demokratikləşməsinə də töhfəsini verir.
  Türkiyə mətbuatına verdiyi müsahibələrində, köşə yazılarında S.Ağaoğlu həyatının ən böyük ürəyincə olan fəaliyyətini kimsəsiz, valideyn himayəsindən məhrum olan, küçələrdə səfil həyat tərzi keçirən uşaqları bir araya gətirməsi, onlar üçün sığınacaq evini yaratması hesab edir. Diqqət yönəldiləcək məqam isə ondan ibarətdir ki, S.Ağaoğlu Türkiyədə ilk dəfə kimsəsiz uşaqları bir araya gətirən özəl sığınacaq mərkəzini yaradır. Bu çətin, şərəfli işə başlamasının qısa tarixçəsini S.Ağaoğlu belə xatırlayır: "1949-cu ildə həyatımda ən çox ürəyimcə olan bir işin ilk addımlarını atdım. İngiltərə və Amerikada sahibsiz qalan uşaqlara dövlət və xüsusi təşkilatlar tərəfindən göstərilən münasibəti xeyli araşdırdım, bu uşaqlar üçün qurulan müəssisələri gəzdim". Beləliklə, S.Ağaoğlu 1949-cu ilin mayında "Uşaq Dostları Dərnəyi"ni yaradır.
  S.Ağaoğlu ömrünün sonunadək kimsəsiz uşaqların sığınacaq və reabilitasiya yeri olan "Uşaq Dostları Dərnəyi"nin fəaliyyətinə mənəvi ana kimi nəzarət edir, xeyirxah işini davam etdirir. S.Ağaoğlunun vəfatından sonra da bu dərnək missiyasını davam etdirir, hətta 1996-cı ildən etibarən fəaliyyətini bir qədər də genişləndirir, S.Ağaoğlu adına təhsil və təlim vəqfinə çevrilir.
1946-cı ildə Əhməd Əmin Yalmanın rəhbərliyi ilə Hürr Fikirləri Yayma Cəmiyyətinin qurulmasına qatılan S.Ağaoğlu xatirələrində qeyd edir ki, vaxtilə "Türk ocaqları"nın gördüyü fəaliyyətə bənzər qeyri-hökumət təşkilatlarına ciddi ehtiyac duyulurdu, zamanın bu tələbinə əməl etmək vəzifəsi qarşımızda dayanırdı: "O dövrdə Türkiyə təkpartiyalı iqtidarın ən qaranlıq dövrünü yaşayırdı. Azadlıq deyilən bir şey ortada yox idi. İlk yığıncaq atamın azadlıq və azad fikir üçün mübarizəsindən dolayı bizim evimizdə keçirildi".
  Vaxt keçdikcə qeyri-hökumət təşkilatının təsisçiləri, fəalları arasında fikir ayrılıqları yaşanır. Hürr Fikirləri Yayma Cəmiyyətinin getdikcə fəaliyyətsizliyi qurumu sıradan çıxarır, bu qeyri-hökumət təşkilatı bağlanır, S.Ağaoğlu cəmiyyətin demokratikləşməsi yönündə fəaliyyətini davam etdirir. 
  S.Ağaoğlu Türkiyədə qeyri-hökumət təşkilatlarının cəmiyyətdə rolunun artırılması, qadın və uşaq hüquqlarının keyfiyyətli təminatını önə çəkərək ictimai fəaliyyətində yeni bir neçə qurumun yaradılmasına dəstək verir. 1950-ci ildə "Universitetli qadınlar" və "Soroptomist qadınlar" Cəmiyyətinin təsisində, qurulmasında fəallıq göstərir.  1960-cı ildə siyasi fəaliyyətlə məşğul olan S.Ağaoğlu 1961-ci ildə Əkrəm Alican tərəfindən təsis edilən Yeni Türkiyə Partiyasının İstanbul İl başqanı seçilir. 
  Heç vaxt ailə həyatını gündəmə gətirməyən, bu barədə danışmağı sevməyən S.Ağaoğlu 1952-ci ildə rəsmi şəkildə həmkarı, milliyyətcə alman olan Verner Tasçhenberker ilə ailə həyatı qurur. Əcnəbi şəxslə ailə qurması Türkiyədə zəlzələ effekti yaradır. Milliyyətçi Ə.Ağaoğlunun qızının qeyri-türklə evlənməsi barədə dövrün qəzetlərində tənqidi yazılar yazılır, tənələr bir-birini əvəzləyir.
  Vaxtilə cibində "rus pasportu" gəzdirdiyi üçün ittihamnamələr hazırlayanlar, karyerasına zərbələr vurmağa çalışanlar sanki yeni bir fürsət tapmış kimi S.Ağaoğlunun üzərinə hücuma keçirlər. Amma bu cəhdləri də alınmır. Özünəgüvən hissi iradəsilə birləşən və onu daha da güclü edən bu xanım Türkiyənin ictimai-siyasi həyatında fəallığını qoruyub saxlayır, cəmiyyətin diqqətində olur. Ömrünün sonunadək möhtəşəmliyini itirməyən S.Ağaoğlu yaşam tərzi, həyatı ilə tarixiləşir.
  Azərbaycanda, qədim türk yurdu Şuşada doğulduğunu fəxrlə dilə gətirən S.Ağaoğlu həmişə doğma vətənə gəlmək həsrətiylə yaşayıb. 1981-ci ilin oktyabrın 16-da Rusiya Apellyasiya Məhkəmə sədrinin birinci müavini Nina Sergeyevnanın dəvəti üzrə Sovetlər Birliyinə səfəri zamanı S.Ağaoğlu Azərbaycana gəlir, yaxın qohumları ilə görüşür. "Səssiz gəmini gözlərkən, bir ömür belə keçdi" memuarında Azərbaycan səfərini həzin, kövrək notlarla qələmə alan S.Ağaoğlu yazır: "Buralarda dolaşarkən içimdən illər keçdiyini təsvir etməyə imkanım yoxdur. Sanki küçələri, parkları tanıyırdım. Atamdan, anamdan o qədər çox dinləmişdim ki".
  Doğma Vətəni Azərbaycanı Türkiyədən heç zaman ayırmayan S.Ağaoğlu doğulduğu Şuşaya getmək istəsə də, arzusu baş tutmur.
  Atası Ə.Ağaoğlunun anadan olmasının 120 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilməsi planlaşdırılan yubiley törənində iştirak etmək üçün S.Ağaoğlu Azərbaycana dəvət edilir. Təəssüf ki, 1989-cu ilin dekabrın 28-də S.Ağaoğlu iştirak etdiyi tədbirdə qadın hüquq və azadlıqlarının qorunması, müasir tələb və çağırışlar barədə məruzəsini sona çatdıra bilmir, beyin qansızmasından xəstəxanaya aparılır və dünyasını dəyişir.

Akif Aşırlı