Addımlarımızı birgə atırıq və bir-birimizi tamamlayırıq
Türkiyə Cümhuriyyətinin quruluşunun 101-ci ildönümüdür. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib. 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Bundan 101 il əvvəl, oktyabrın 28-də türk xalqının ulu öndəri Qazi Mustafa Kamal Atatürk ölkə rəsmilərini Çankaya köşkündə axşam yeməyinə toplayaraq məşhur, “Əfəndilər, sabah cümhuriyyəti elan edəcəyik” sözlərini işlədib. 29 oktyabr tarixində parlament binasına daxil olan Atatürk məclis kürsüsünə çıxaraq “Suverenlik qeyd-şərtsiz millətə məxsusdur” sözləri ilə Türkiyə Cümhuriyyətini elan edib. Türkiyə Cümhuriyyətinin qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması birinci dünya müharibəsi illərində və ondan sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. Birinici Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatdı. 1920-i il aprelin 23-də Ankarada Böyük Millət Məclisi quruldu. 1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edildi. 1923-cü ildən Türkiyə parlament üsul-idarəsi ilə idarə edilməyə başlandı. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçid etdi. Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğandır. Cümhuriyyətin qurulmasından 101 il ötsə də, Türkiyənin düşmənləri çox dəyişməyib. Onlar bu gün başqa adla qardaş Cümhuriyyəti məhv etmək, parçalamaq, zəiflətmək istəyirlər. Ancaq tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə bölgədə və dünyada öz mövqeyini saxlayır. Türkiyənin son illərdə əsas inkişaf istiqamətlərindən biri də müdafiə və aviasiya sahəsidir. Son 20 ildə ölkənin müdafiə sənayesində yerli və milli texnologiya nisbəti 20 faizdən 80 faizədək yüksəlib. Türkiyə bütün dünyanı heyrətə salan bu sahə üzrə texnoloji istehsala davam edir. Bu gün İHA, SİHA, “Atak” helikopteri, “Hürjet”, “Kaan” milli döyüş təyyarəsi, “TCG Anadolu” amfibiya gəmisi kimi bir çox texnika ölkənin bu sahə üzrə fəxr etdiyi işlərdən yalnız bir neçəsidir. Bütün bunlara baxdıqda, hər sahə üzrə inkişafını tam sürətlə davam etdirən və iri addımlarla yeni hədəflərə doğru irəliləyən qardaş ölkə Türkiyə bu gün yeni əsrinə böyük qürurla qədəm qoyur.
Türkoloq-alim, siyasi şərhçi Faiq Ələkbərli "Sherg.az"a deyib ki,Türkiyə Cümhuriyyətinin quruluşu bütün türk xalqları üçün əhəmiyyətli olub. Alimin sözlərinə görə, XX əsrdə müstəqillik əldə edən və bugünədək qoruyub saxlayan yeganə türk dövləti Türkiyə Cümhuriyyəti oldu:
"Təbii ki, Azərbaycan və Orta Asiya dövlətləri də müstəqillik əldə etdilər, ancaq qısa zaman sonra işğala məruz qaldıqları üçün onların müstəqilliyinə son qoyuldu. Yəni 1991-ci ilədək Türkiyə digər türk xalqları arasında yeganə müstəqil türk dövləti olmuşdu. Türkiyə Cümhuriyyətinin öz müstəqilliyini qoruyub saxlaması bütün türk dünyası üçün çox önəmliydi. Çünki quzeyli, güneyli Azərbaycandan, Türküstandan, Krımdan, Uyğurustandan, hətta Suriya və İraqdan müharicət etmək məcburiyyətində qalanlar məhz Türkiyəyə üz tutdular, orada yaşadılar. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, lideri Məhəmməd Əmin Rəsulzadə başda olmaqla bir çox tanınmış simalar da uzun müddət Türkiyədə yaşayıblar. Türkiyə Cümhuriyyəti həm də ümumtürk dili, mədəniyyəti, ədəbiyyatı, fəlsəfəsi baxımından da mühüm rol oynadı. Öz torpaqlarında bunları açıq ifadə edə bilməyənlər Türkiyədə yaşatmağa çalışdılar. Rəsulzadələr, Zəki Vəlid Toğanlar, Sultan Qaliyevlər, Yusuf Akçuralar və digərləri məhz bu işləri gördülər. O baxımdan Türkiyə Cümhuriyyətinin varlığı türk dünyası üçün çox önəmli olub. Bu gün də qardaş Türkiyənin varlığı bizim üçün, türk dünyası üçün olduqca əhəmiyyətlidir. Türkiyənin varlığı türklüyün varlığıdır. Azərbaycan Türkiyə, Türkiyə də Azərbaycan deməkdir. Varlığımız bir-birimizlə bağlıdır. Əlavə olaraq bu gün Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərir. Addımlarımızı birgə atırıq və bir-birimizi tamamlayırıq".