Təhsil Nazirliyi Dağıstandakı soydaşlarımızın dərslik probleminə TOXUNDU

Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova bu yaxınlarda Dağıstanda yaşayan azərbaycanlıların dərslik məsələsinə toxunub.

O Dağıstanda yaşayan azərbaycanlılar üçün dərsliklərin latın deyil, kiril əlifbası ilə olması tələbini xatırladıb.

Diaspor rəsmisi 2017-ci ilə qədər azərbaycanca dərsliklərin latın qrafikası ilə olmasına maneçilik törədilmədiyini də xatırladıb.

Təhsil Nazirliyi məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verib.

“Xaricdə yaşayan həmvətənlərimizin ölkəmizdə hazırlanan dərsliklərlə təmin olunması ölkələr arasında mövcud olan hökumətlərarası protokol, müqavilə, saziş, habelə diplomatik kanallarla daxil olan müraciətlər əsasında həyata keçirilir. Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də Dağıstan Respublikası arasında dərsliklərlə təmin olunmanı əks etdirən hüquqi sənəd yaxud diplomatik kanallar vasitəsilə daxil olan müraciət mövcud deyil”.

Nazirlikdən o da bildirilib ki, orada yaşayan soydaşlarımız və diaspor təşkilatlarımız birləşərək belə bir özəl təşəbbüslə çıxış edə bilərlər:

“Bununla belə bildiririk ki, Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklər ölkəmizdə qüvvədə olan təhsil proqramları əsasında latın qrafikalı Azərbaycan əlifbası əsasında tərtib olunur. Rusiya Federasiyasında istifadə olunan dərsliklər isə həmin ölkənin federal dövlət təhsil proqramları (FQOS) və “Rusiya Federasiyası xalqlarının dilləri haqqında” federal qanuna əsasən kiril qrafikası əsasında tərtib olunmalıdır. Rusiya Federasiyasında dərsliklərin yaradılması əsasən özəl təşəbbüslər əsasında həyata keçirildiyindən, orada yaşayan soydaşlarımız və diaspor təşkilatlarımız birləşərək belə bir özəl təşəbbüslə çıxış edə və ölkənin qanunları çərçivəsində “Azərbaycan dili” dərsliklərinin hazırlanmasında iştirak edə bilərlər”.

Təbii ki, yuxarıda qeyd edilənlərlə yanaşı “Azərbaycan dili” dərsliklərinin hazırlanması ilə bağlı Təhsil Nazirliyinə Rusiya Federasiyası tərəfindən hər hansı müraciət daxil olarsa, onun təmin olunması məsələsi nəzərdən keçirilə bilər”.