Yazıma onun haqqında çəkilən “Beşinci fəsil” filmində elə onun özü haqqında deyilən bir sitatla başlamaq istəyirəm: “Allah bu dünyaya göz açmağa izn verdiyi insanların üzərinə bir vəzifə də qoyur. Kiminə yaxşı ata, kiminə yaxşı övlad, kiminə ziyalı olmaq, kiminə də bir başqa...
Cahangir Məmmədli, bəlkə də, Allahın ondan gözlədiyindən də artıq gəlir vəzifəsinin öhdəsindən. İndi onun övladları, nəvələri qürur, fəxr və dərin bir sevgi ilə Cahangir Məmmədli nəslindən olduğunu dilə gətirir və gətirəcəklər”. Ancaq onunla fəxr edən təkcə ailəsi deyil. Cahangir Məmmədlini respublikada az-çox tanıyan hər kəs onun adını dərin ehtiramla çəkir, barəsində yalnız xoş sözlər deyir. O özünün yüksək insani keyfiyyətləri ilə yüzlərlə insanın, eləcə də, biz tələbələrinin qəlbini fəth edib...
Əksər tələbə yoldaşlarımız kimi mənim də BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli ilə tanışlığım I kursda onun tədris etdiyi “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi-1” fənni ilə başlayıb. Amma o vaxt professoru sadəcə bir müəllim, pedaqoq kimi tanıyırdıq. İndi isə çoxlarımızın əzizinə çevrilən bu insan həm də bizim hər birimizin mənəvi atası, babasıdır. Şübhəsiz, bu isti münasibətin təməlini Cahangir müəllim qoyub - tələbələrə diqqət və qayğısı, onlara olan məhəbbəti ilə.
Cahangir müəllim haqqında səhifələrlə yazmaq, saatlarla danışmaq olar. Fəqət düşünürəm ki, subyektiv fikirlərdən daha çox onun haqqında qısa bioqrafik məlumatı bir daha xatırlamaq yerinə düşər: Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində doğulub. Uzaq Kamçatkada hərbi xidmətdə olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika şöbəsini bitirib. Həmin ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında laborant, baş müəllim, dosent vəzifəsində çalışmış, 1993-2005-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının, 2005-ci ildən bugünədək Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. Filologiya üzrə elmlər doktoru, professordur. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür (2005-ci ildən). Bakı Dövlət Universitetində “İlin müəllimi” (2004), “İlin kafedra müdiri” (2013) nominasiyalarının qalibidir. İki dəfə Respublika Təhsil Nazirliyinin, üç dəfə Bakı Dövlət Universitetinin Fəxri Fərmanlarına layiq görülüb. Mətbuat Şurasının “Ali media” mükafatı (2012) laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin “Zərdabi” mükafatı (2003), “Fəlsəfə dünyası” Araşdırma Mərkəzinin diplomçusudur (2011).
Professor Cahangir Məmmədli Azərbaycan Mətbuat Şurası sədrinin müavini (2003-2005), İctimai Televiziya və Radio Yayımları Şurasının sədri (2005-2017) olmuşdur. Bakı Dövlət Universitetinin Elmi Şurasının, Universitet Tədris Metodiki Şurası İdarə Heyətinin, Jurnalistika fakültəsi Elmi Şurasının, BDU Filologiya fakültəsi nəzdində Dissertasiya Şurasının üzvüdür, Jurnalistika fakültəsi Tədris-metodiki Şurasının sədridir. BDU Elmi əsərlərinin “Humanitar” elmlər üzrə Elmi xəbərlərinin, “Füyüzat” jurnalı redaksiya heyətinin üzvüdür. “Şöhrət” ordeni laureatıdır. O, 14 kitabın, 300-ə yaxın elmi, 600-dən çox publisistik məqalənin müəllifidir.
Yuxarıdakı faktlar təkcə Cahangir müəllimin pedaqoji fəaliyyəti, alimliyi haqqında məlumat vermir. Həm də onun xarakteri barədə insanda aydın təəssürat yaradır. Belə ki, professor Cahangir Məmmədli həyatdakı bütün uğurlara özünün əzmkarlığı, zəhməti və seçdiyi-həyat tərzinə çevirdiyi ixtisasa sevgisi sayəsində nail olub.
Yəqin, az da olsa onu tanımayan oxucularda da professorun kimliyi haqqında müəyyən təəssüratlar yarandı. Bu gün Azərbaycan mətbuatında öz sözünü deyən ünlü qələm sahibləri, yetirmələri, iş yoldaşları isə “Cahangir Məmmədli kimdir” sualına belə cava verirlər:
Nizami Cəfərov, akademik, Milli Məclisin üzvü: “Cahangir Məmmədli ədəbi aləmdə mənim ən yaxın dostlarım sırasındadır. Bizi ədəbiyyat, bədii sözə sevgi və bir də qonşuluq birləşdirir”.
Rəşid Faxralı, Əməkdar jurnalist: “Cahangir Məmmədlinin XX əsrin 70-ci illərində kim olduğunu demək üçün, həmin əsrin 30-cu illərindəki Səməd Vurğunu xatırlamaq kifayətdir. Mir Cəlalın “Biz hamımız Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndan çıxmışıq” kəlamına istinad edərək deyirəm ki, biz Cahangir Məmmədlinin jurnalistika məktəbinin zərrələriyik”.
Ləman Ələşrəfqızı, Əməkdar jurnalist: “Cahangir müəllim mənim yaddaşımda auditoriyadakı təbəssümlü çöhrəsi ilə qalıb. O, bizimlə müəllim kimi yox, bir dost, yoldaş kimi rəftar edirdi”.
Tahir Aydınoğlu, Əməkdar jurnalist: “Cahangir müəllim müasir, müstəqil jurnalistikamızın əsas sütunlarından biridir. Hətta ondan dərs almayan bir sıra media kapitanları, o cümlədən Vüqar Rəhimzadə, Akif Aşırlı, Rauf Arifoğlu da professoru özlərinə müəllim hesab edirlər”.
Vüqar Zifəroğlu Əliyev, BDU-nun Jurnalistika fakültəsinin dekanı: “Onu ifadə edə biləcək ən dəqiq və konkret söz ustaddır. Cahangir müəllim bizdən əvvəlkilərin, bizim və bizdən sonrakıların ustadıdır”.
Allahverdi Məmmədli, Radio və televiziya jurnalistikası kafedrasının müdiri, professor: “Cahangir müəllim sözün böyük və həqiqi mənasında mənim müəllimim olub. Həm təhsildə, həm elmdə, həm də həyatda”.
Alxan Məmmədov, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru: "Cahangir müəllim vətəninə, elinə, obasına bağlı, tələbələrinin sevgisini qazanan pedaqoqdur".
Nəsir Əhmədli, Beynəlxalq jurnalistika kafedrasının professoru: "Cahangir Məmmədli kölgədə qalmağı xoşlamayan, daim liderliyə can atan və çox vaxt buna nail olmağı bacaran bir alimdir".
Könül Niftəliyeva, tədris işləri üzrə dekan müavini: “Professor həm şəxsiyyət, həm nəzəriyyəçi, həm də jurnalist kimi çoxlarımıza nümunədir. O, bizim üçün mayakdır”.
Sevinc Əliyeva, elmi işlər üzrə dekan müavini: “Cahangir Məmmmədli tək mənim deyil, fakültəmizin minlərlə məzununun həm müəllimi, həm atası, həm ağsaqqalı, həm də yardımçısı, bir sözlə, xeyirxahıdır. Cahangir müəllim kimi bir ustaddan dərs almaq, onun mühazirələrini dinləmək kimə nəsib olubsa, həmin adam jurnalistika sahəsində özünü təsdiqləmiş olur”.
Ayaz Musayev, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi: "Cahangir Məmmədli illərdir ki, rəhbərlik etdiyi kafedramıza son dərəcə bağlı adamdır. O, jurnalistika elminin inkişafında öz dəsti-xəttini çoxdan təsdiqləmiş bir alimdir".
Aygün Əzimova, Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti: "Cahangir müəllim mənim üçün böyük alim, öz metodu ilə seçilən ustad pedaqoq, nəinki tələbələrinin, eləcə də əhatəsində olan kəslərin həm mənəvi, həm də maddi tələblərini ödəməyi özünün vətəndaşlıq borcu bilən insandır. Ürəyində Qarabağ boyda bir ağrısı olan Cahangir müəllimə ən böyük arzum Şuşanın Cıdır düzündəki sevinc dolu göz yaşlarını bizimlə bölüşməsidir".
Esmira Rövşənova, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının əməkdaşı: “Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” - deyirdi ümummilli liderimiz Heydər Əliyev. Həyatının böyük bir qismini müəllimliyə həsr etmiş Cahangir müəllimin saysız-hesabsız əsərləri arasında mən də yer aldığım üçün çox qürurluyam”.
Yuxarıda da vurğuladığımız kimi, qazandığı uğurlara görə çoxları Cahangir müəllimə qibtə ilə yanaşa bilər. Onun ən böyük qazanclarından biri isə, yəqin ki, tələbə sevgisidir. Fakültədə hansı tələbəni didirirsən-dindir, hər biri onun haqqında ən xoş sözlər deyir. Onlardan bir neçəsini qeyd edək:
Günel Mehdizadə, magistratura məzunu: “Cahangir müəllimi illərdir tanıyıram. Ondan təkcə yazmağı yox, həm də humanistliyi, ədaləti öyrənmişəm. Cahangir müəllimin dediyi hər söz, verdiyi hər tövsiyə bütöv bir mühazirəyə bərabərdir.”
Əliş Abdulla, IV kurs tələbəsi: “O, əsl tələbə adamıdır. Tənəffüsdə dəhlizə baxmaq kifayətdir ki, bunun şahidi olasan. Adətən tələbələr onu dövrəyə alır, öz suallarını verirlər. Müəllimimiz isə həmin sualları həvəslə cavablandırır”.
Günel Abbasova, III kurs tələbəsi: “Cahangir müəlllim 15-ə yaxın tələbədən ibarət bir “Yaradıcıcı komanda” formalaşdırıb. Mən həmin kollektivin üzvüyəm. Tez-tez müxtəlif təşəbbüslər, aksiyalar həyata keçiririk. Məsələn, bu yaxınlarda onun təşəbbüsü ilə “Kitab oxuyaq” aksiyası keçirdik, bu məqsədlə kitab mağazasından onlarca kitab aldıq. Heç kimi əlini cibinə salmağa qoymadı. Uzun müddətdir ki, qəzet oxumağa həvəsi olan tələbələrini öz təqaüdü hesabına “Şərq” qəzetinə abunə yazdırır. Belə təşəbbüslərimiz davamlı olacaq”.
Gülayə Məcid, III kurs tələbəsi: “Professor Cahangir Məmmədli auditoriyadan kənarda da bizə dərs keçir. Dəfələlərlə müxtəlif rayonlara, hətta cəbhə bölgəsinə səfərlərimiz olub. O, vətəndaş-jurnalistdir”.
Aləmdə Nəsib, III kurs tələbəsi: “Müəllimimiz bizə yazmağı, yaradıcılığı sevdirib. Ona nə qədər təşəkkür etsək azdır. Kafedradakı söhbətlərimiz, “planirovka”larımız nəyə desən dəyər”.
Göründüyü kimi, Cahangir Məmmədli haqda hər kəs yüksək fikirdədir. Lakin danılmaz faktdır ki, o özü də vaxtı ilə kimlərdənsə nümunə alıb, kimlərinsə yolu ilə gedib. Belələrindən biri, heç şübhəsiz, mərhum professor Şirməmməd Hüseynovdur. Tələbənin müəllimə olan sevgisi, bəlkə də, Cahangir müəllimin öz ustadına olan ehtiramı ilə ölçülməlidir.
Bu sözləri təsadüfi demədim. Fakültədə hamı yaxşı bilir ki, Cahangir müəllim Şirməmməd Hüseynovu özünə mənəvi ata, talisman hesab edirdi. Bununla bağlıdır ki, mərhum professorun, mətbuat tarixçisinin vəfatı çoxları kimi bizim müəllimimizi də kədərə boğmuşdu. İctimai TV-nin mərhumun vida mərasimi ilə bağlı BDU-dakı canlı efiri zamanı Cahangir müəllimin titrək səslə sözləri bugünkü kimi yadımdadır - “Mən bu gün ikinci dəfə atamı itirdim”.
Maraqlıdır, görəsən, Şirməmməd müəllim sağ olsa idi öz yetirməsi, tələbəsi haqqında nələr deyərdi? Bəlkə də, çox düşünməyə ehtiyac yoxdur. Cavab mərhumun “Mətbu irsimizdən səhifələr” kitabının 324-325-ci səhifələrindədir: “Çox geniş mütaliə, ən yeni tədqiqatlarla tanışlıq, gərgin əməli fəaliyyət nəticəsi olaraq Cahangir Məmmədli yeni dövrün jurnalistikasına dair faydalı məqalə və əsərlərlə çıxış etməkdədir... Cahangir Məmmədli həm tədqiqatçı, həm də müasir dövrün tələbləri səviyyəsində duran ustad pedaqoq, müəllimdir”.
Tələbələrinin sevgisi Cahangir müəllimə əlavə güc, ruh yüksəkliyi verir. O özü də tez-tez bunu qeyd edir. Hətta “Mən kiməm” sualına cavab verəndə belə. Cahangir müəllim geridə qoyduğu 78 ilin hər bir anını özündə ehtiva edən suala belə cabab verir: “Saysız-hesabsız arzuları, istəkləri gerçəkləşməmiş, gerçəkləşən istəkləri min bir manedən keçən, bütün bunlarla belə öz zəhməti ilə uzun bir yol qət edən, övladları ilə öyünən, tələbələrinin sevgisi ilə yaşayan bir insanam mən”.
Ömrünün növbəti yaşının, sonrakı baharının astanasında Cahangir Məmmədlinin ən müxtəlif insanların həyatlarında oynadığı rolu müəyyənləşdirməyə çalışdıq. Məlum oldu ki, o, çoxları üçün şəxsiyyət, müəllimlik etalonudur. Mənim üçün isə həm də Jurnalistika fakültəsinin simvoludur. Əgər nə vaxtsa bu doğma ocağa qayıtsam, sizin “Keçmişə ehtiramla, gələcəyə inamla” ənənənizi davam etdirəcəyimə söz verirəm, əziz müəllimim! 100 yaşayın və yaşadıqca yaradın!
Kənan Novruzov,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi