Bu il yeni məktəb binaları tikiləcək ərazilər açıqlandı

Ötən il Azərbaycanda 100-dən artıq yeni məktəb tikilərək istifadəyə verilib.  Bu sözləri Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.  O, ölkədə müşahidə olunan şagird sıxlığına da diqqət çəkib:

“Bu gün ölkədə 4500-ə yaxın məktəb binası var. Həmin məktəblərin yarısında şagird sayı 200-500 nəfərə yaxındır.  Hər kəsə məlumdur ki, ölkədə əhalinin sayı hər il orta hesabla 100 min nəfər, şagirdlərin sayı isə hər il təxminən 50 min nəfər artır. Təbii ki, əhali artımı eyni tempdə olmadığı üçün bəzi ərazilərdə daha çox hiss olunur. Buna görə bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur”. 

C.Bayramov əlavə edib ki, bu məsələ hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir:

“Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırıqları var. Təbii ki, mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır”. 

Nazir bildirib ki, 2019-cu il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib və qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, kənd Binəqədidə, Sulutəpə, Xırdalan, Masazır və Saray qəsəbələrində ilk olaraq şagird sıxlığı həllini tapsın:

“Adıçəkilən ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, layihələndirmə işləri aparılacaq. Və ya sözügedən ərazilərdə yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək”. (oxu.az)

O əlavə edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək:

“Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də, Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpusu yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübündə yekunlaşacaq”.