2020-ci ildə Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq. Bu barədə Təhsil naziri Ceyhun Bayramov məlumat verib. Nazirin sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə danışıqlara və sıx əməkdaşlığa başlanılıb.
“Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra ərazilərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkili gözlənilir. Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək”.
Şagirdlərin avtobusla təmin edilməsinin yaxşı hal olduğunu deyən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Şərq”ə bildirib ki, məktəblərdə təxirəsalınmaz və digər vacib məqamlarda avtobusların mövcudluğu əsas şərtdir.
“Uşaqların rahat şəkildə məktəbə, ekskursiyalara aparılması, fövqəladə hallar zamanı maşının olması təbii ki, vacibdir”
Ekspertin sözlərinə görə, yəqin ki, dövlətin iqtisadi cəhətdən buna imkanları da var:
“Amma bilinmir ki, bunlar servis avtobuslarıdır, yoxsa məktəbin balansından olan və bütün texniki təminatı dövlət tərəfindən ödəniləcək avtobusdur. Servis xidməti avtobuslarıdırsa, bunu valideynlərin hesabına etmək lazımdır. Məktəbin balansında olan, dövlət tərəfindən maliyyə ilə təmin edilən avtobusların olması da yaxşı haldır. Dövlətin maliyyə imkanları rəvac verirsə, effektiv olacaq. Uşaqların rahat şəkildə məktəbə, ekskursiyalara aparılması, fövqəladə hallar zamanı maşının olması təbii ki, vacibdir. Lakin avtobuslar servis xidməti məqsədini daşıyacaqsa, bu, validyenlərin hesabına olmalıdır. Çünki bütün ölkələrdə belədir. Şagirdlərin avtobusdan istifadə etməsi üçün dövlətin pul ayırmasını düzgün hesab etmirəm. Bütün hallarda müsbət addımdır. Bundan valideyn də, şagird də, müəllim də razı qalacaq.