İmkansız ailədən olan şagirdlər üçün problem yaranır, onlar DİM-in sınaq imtahanlarından yararlana bilmirlər
Dövlət İmtahan Mərkəzi (DİM) sınaq imtahanlarının qiymətini qaldırıb. Ötən il abituriyent 20 manat ödəməli olurdusa, bu il 40 manat ödəyəcək. Qiymətlərin iki dəfə qaldırılması isə abituriyentlərin və valideynlərinin etirazına səbəb olub. Məlumdur ki, DİM publik hüquqi şəxsdir.
Yəni, DİM dövlət büdcəsindən maliyyələşmir. DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir. Lakin qiymətlərin birdən-birə qaldırılması valideynləri olduqca narahat edir.
Sınaq imtahanlarının qiyməti ilə bağlı “Şərq”ə danışan təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu bildirib ki, DİM bu işdə sərbəst deyil. Yəni, DİM dövlət tərəfindən maliyyələşmir, ona görə də imtahanların qiymətini qaldırırlar:
“Valideynlər narazı olmaqda tamamilə haqlıdırlar, məsələ ilə bağlı şikayətlərini etməlidirlər. Şikayət etdikləri halda nailiyyət əldə edəcəklər”
“Hesab edirəm ki, qiymətlərin baha olması dövlətin nöqsanı və günahıdır. Dövlət nə qədər maliyyə ayırsa, əlbəttə, DİM bu sahədə iş görə bilər. Beləliklə, valideynlərin narahat olduğu məqam ortadan qalxmış olar.
Qiymətlərin 40 manata qalxması artıq 100 faiz artım deməkdir. Dövlət insanların aylıq əmək haqqını artırmır, amma sınaq imtahanlarının qiyməti yüksəlir. Bütün bunlar isə imkansız ailədən olan şagirdlər üçün problem yaradır, onlar sınaq imtahanlarından yararlana bilmirlər. Bütün bunlar dövlət tərəfindən nəzarətdə olsaydı, qiymətlər də bu qədər qalxmazdı”.
Ekspertin sözlərinə görə, valideynlər narazıdırlarsa, kütləvi şəkildə gedib aidiyyəti orqanlara, məhkəmələrə müraciət etməlidirlər:
“Valideynlər istehlakçı kimi məhkəmələrə gedə bilərlər. Onlar məhkəmələrə müraciət edib DİM-i məhkəməyə versələr, DİM məsələni aydınlaşdırar və qiymətlərin artmasında günahı olmadığını açıqlayar. Günahı bir qurumun üzərinə atmaq düzgün deyil. Valideynlər narazı olmaqda tamamilə haqlıdırlar və bu məsələ ilə bağlı öz şikayətlərini etməlidirlər. Şikayət etdikləri halda nailiyyət əldə edəcəklər”.