"Əgər xəstəlik əks halda cərəyan edərsə, biz B variantına məcbur olacağıq" - Təhsil eksperti


"Sərhədləri aşaraq dünyada sürətlə yayılan COVİD-19 bütün sahələrdə  narahatlıq yaratdı.  Ölkələr bütün resursları ilə bu infeksiyaya qarşı mübarizəyə qalxdı".

"Sherg.az" xəbər verir ki, bunu feysbukda təhsil eksperti Məlahət Mürşüdlü yazıb.

Ekspert vurğulayıb ki, üstündən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq həyatı iflic edən bu infeksiya ilə mübarizə bu gün də eyni axarla davam edir:

"İş yerlərinin müvəqqəti bağlanması, insanların ciddi karantin qaydalarına məruz qalması, təhsil  müəssisələrinin fəaliyyətinin dayandırılması və s. tədbirlərin həyata keçirilməsi koronavirusun önlənməsi istiqamətində atılmış addımlar sırasına daxildir. Mart ayından ölkəmizdə tədris prosesi tamam dayandırıldı. Açığı məktəblər, təlim proqramları, müəllimlər, elə valideyn və şagirdlər   bu ekstremal vəziyyətə  necə deyərlər qəflətən və hazırlıqsız yaxalandı. Bütövlükdə təhsil sistemimizin yaranmış vəziyyətə uyğunlaşmaq üçün çox vaxtı olmasa da tədris ilinin davam etdirilməsi üçün önəmli addımlar atıldı. Qısa müddət ərzində bütün resurslar: - tədris proqramları, fənn materialları elektron dərslik formasında rəqəmsal audio və video formasında materiallar yeni yaradıcı elektron təhsil mühitində istifadəyə yönəldi. Evlər elektron virtual sinif otaqlarına çevrildi. Müəllimlər  bu qeyri-standart vəziyyətdə 20-25 dəqiqə ərzində tədris materialını verməyə, valideynlər və şagirdlər iştirakçılıq baxımından dərslərin səmərəli keçməsinə səy göstərdilər. Bütün bunlara baxmayaraq keyfiyyət baxımından gözlənilən nəticəyə nail ola bilmədik. Bunun da bir çox səbəbləri var".

M.Mürşüdlü qeyd edib ki, texniki imkanların olmaması ucbatından yüzlərcə şagird distant dərslərdə iştirak edə bilməyib:

"Xüsusən Bakıətrafı və kənd rayonlarında bu hal daha qabarıq şəkildə özünü göstərdi. Məktəblərin kitabxana resurslarından intensiv onlayn istifadə imkanlarının demək olar ki, olmaması, internetin sürətinin aşağı olması və s. bu kimi problemlər sırasına daxildir. İyulun 3-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda təhsil işçilərinin virtual müşavirəsi keçirildi. Virtual müşavirədə çıxış edən M.Vəliyeva 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və onunla mübarizədə görülən tədbirlər haqqında geniş məlumat verərək qarşıdan gələn tədris ili ilə bağlı müşavirə iştirakçılarına müvafiq tapşırıqlar verdi. Əslində bu müşavirədə Təhsil Nazirliyinin yeni dərs ilinə hazırlığı ilə bağlı özündə A və B variantını ehtiva edən proqramının təhsil işçilərinə və eyni zamanda ictimaiyyətə təqdimatı gözlənilirdi. Lakin izlədiyimiz qədər bu baş vermədi. Bizləri yeni 2020-2021-ci tədris ilinin başlanmasından ay yarımdan bir az artıq zaman ayırır, vaxt sürətlə öz işini görür. Yeni dərs ilində bizi nə gözləyir? COVİD-19 bugünkü səviyyədə davammı, yoxsa tamammı deyəcək? Əlbəttə, bu gün heç kim bunu proqnozlaşdıra bilməz".

Təhsil ekspertinin sözlərinə görə, A və B planı deyəndə məhz  məktəblərin, valideyn və şagirdlərin yeni dərs ilinə hər iki variantda hazırlanması nəzərdə tutulur:
"Koronavirusun yayılma səviyyəsi dərslərin tam zamanında və ənənəvi qaydada başlamasına imkan verdiyi halda məktəblərimiz, sinif otaqlarımız tələb olunan sanitar-gigiyenik qaydalara hazırdırmı?  Səmimi olaraq etiraf etməliyik ki, yox. Tualetlərin, su qovşaqlarının təmiri , sinif otaqlarının və bütövlükdə məktəblərin dezinfeksiyası, məktəblərin lazımi sağlamlıq materialları ilə təmin edilməsi, maddi-texniki bazasının güçləndirilməsi və s. tədbirlər vaxt aparan və eyni zamanda əlavə vəsait tələb edən həlli vacib problemlərdir. Sinif otağında şagirdlərin sayı, xüsusi ilə də ibtidai siniflərdə dərs cədvəllərinin 25 dəqiqə olmaqla tərtibi, təlimin “divarsız, açıq hava” formasından, xüsusən də kənd rayonlarında istifadə edilməsi, valideyn və şagirdlərlə məlumat xarakterli maarifləndirici sessiyalarının təşkili və digər tədbirlər A varianti olaraq görülməli olan işlərdir. Əgər xəstəlik əks halda cərəyan edərsə, biz B variantı üzrə tədris ilinin başlanmasına,  təlimin distant formasında aparılmasına məcbur olacağıq. Keçən dərs ili göstərdi ki, ali məktəblərlə müqayisədə orta məktəblərimiz dərs ilini daha “ağrılı” başa vurdu. Buna görə də hesab edirik ki, keçən tədris ilində çatışmayan cəhətlərin təhlil edilib ondan irəli gələn tədbirlər planının hazırlanması  vacibdir".