Təhsildə yeniləşmə və növbəti sənaye inqilabına ictimai baxış

Yüksək texnologiyalardan istifadəyə getdikcə daha çox ehtiyac yaranır


Prezident İlham Əliyev təhsil naziri vəzifəsinə yeni təyin edilmiş Emin Əmrullayevlə video formatda keçirdiyi qəbulda bir sıra vacib məqamlara toxundu.  
Çıxışında “biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər.

Ona görə xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. Müxtəlif tədbirlər, diskussiyalar, müzakirələr keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər” fikirlərini səsləndirməsi Prezidentin hətta bu çətin, ağır pandemiya dövründə də dövlət və ictimai maraqları üstün tutduğunu göstərir.

İnsanlar işsiz qalmasın, əhali ehtiyaclarını ödəyə bilsin deyə,  əhalinin işsiz təbəqəsi birdəfəlik maddi yardımla təmin edildi, karantin şərtləri səbəbindən fəaliyyəti dayanmış sahibkarlıq subyektlərinin ziyan görməməsi üçün vergi ödəyicisi olanlara maddi dəstək göstərildi. Təbii ki, pandemiya dövrü bitəcək. Prezident məhz pandemiya sonrası dövrə hazırlıqları nəzərdə tutaraq işsizliyin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsinin zəruri olduğunu bildirdi və bu sırada kadr hazırlığı və peşə təhslinin önəmini vurğuladı: 

“Bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz”.

Müsbət tendensiyalara dövlət maraqları çərçivəsində baxılmalıdır

Prezidentin qaldırdığı məsələlərin olduqca vacib olduğunu vurğulayan millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında  ölkə başçısının ictimai və dövlət maraqlarını uzlaşdıraraq ümumi dövlət mənafeyindən çıxış etdiyini bildirdi: 

- Cənab Prezidentin dediyi kimi, biz dünyada gedən müsbət tendensiyaları, əlbəttə dəyərləndirməliyik. Lakin kor-koranə, bu tendensiyaları birbaşa ölkəyə tətbiq edərək deyil. İnkişaf etmiş ölkələrdə gedən proseslər, aparılan islahatlar dərindən təhlil edilməli, onların bizə uyğun gələn hissəsi Azərbaycanda tətbiq olunmalıdır. Dünyadakı qabaqcıl təcrübələr ölkəyə gətirilməlidir, lakin ciddi təhlillər aparılaraq. Bəzən görürük ki, dünyanın hansısa ölkəsində özünü göstərən müsbət tendensiya Azərbaycanda möhkəmlənə bilmir. Burada milli adət-ənənə, dəyərlər sisteminin fərqliliyi üzə çıxır. Təbii ki, biz ölkəmizə, bu ölkənin insanına uyğun olan tendensiyaları dəyərləndirməli və onların ölkəmizdə tətbiqinə çalışmalıyıq. Cənab Prezidentin təşəbbüsü ilə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün bir neçə il əvvəl xüsusi Dövlət Proqramı işləndi. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edildilər.

Prezident xatırlatdı ki, o zaman bəzi hökumət üzvləri xarici ölkələrdə dövlət vəsaiti hesabına təhsil alacaq gənclər qarşısında təhsillərini başa vurandan sonra mütləq ölkəyə qayıtmaq və 5-10 il ölkə daxilində işləmək şərti qoyulsun, lakin cənab Prezident bununla razılaşmayıb. Niyə, çünki Prezident Azərbaycan insanının Vətəninə, elinə, ölkəsinə necə bağlı olduğunu bilir, gənclərin qarşısına şərt qoymağı düzgün hesab etmir. Gənclərin xarici ölkələrə təhsil almağa göndərilməsində əsas məqsəd Vətənimiz üçün savadlı, intellektli kadrlar hazırlamaqdır.

Çünki savadlı, intellektli kadr sabah Vətənini, dövlətini hər sahədə, hər müstəvidə müdafiə etmək qabiliyyətinə malik olacaq. Biz bunun bariz nümunəsini Ermənistanın işğalçılıq siyasətinə qarşı bu günlərdə xarici ölkələrdə keçirilən etiraz aksiyaları zamanı görürük. Görürük ki, xaricdə təhsil alan, yaşayan soydaşlarımız Vətən adı gələndə meydanlara atılırlar. Bu nəyin hesabınadır?

Cənab Prezidentin timsalında Azərbaycan dövləti tərəfindən yürüdülən siyasətin, o siyasət ki, dövlət və ictimai maraqlara söykənir. Prezident də çıxışında bu məqama toxundu və dedi ki, əgər hansısa ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə bu müsbət təcrübə öz bəhrəsini verdi”. 

Təhsilin səviyyəsi sənaye və iqtisadi inkişafla ayaqlaşmalıdır 

C.Osmanov qeyd etdi ki, hazırda dünyada savad dili mühüm rol oynayır. Təhsil islahatları elə aparılmalıdır ki, bizim dövlətimizin, ölkəmizin maraqlarını intellektual səviyyədə qoruya bilən kadrlara sahib olaq:  

- Təhsilin ümumi səviyyəsi yüksəlməlidir. Çünki təhsilli insanların sayı nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı da o qədər də çox artacaq. Prezident vurğuladı ki, bununla paralel, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Nə deməkdir bu? Bizə hansı sahələr üzrə nə qədər mütəxəssis gərəkdiyi ali məktəblərə qəbul mərhələsində dərindən təhlil edilməlidir.

Məsələn, humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır, texniki peşə sahibləri nə qədər lazımdır və sair.  Dünya sürətlə yenilənir. Bu gün aktual olan peşələr bəlkə 5-8 il sonra aktuallığını itirəcək. Hətta daha az müddətə də mümkündür. Görürük ki, yüksək texnologiyalardan istifadəyə getdikcə daha çox ehtiyac yaranır. Xüsusilə pandemiya dövründə bunun şahidi olduq.

Zaman o qədər sürətlə irəliləyir ki, çox yaxın zamanda bir çox peşələrin, işlərin müxtəlif kompüter proqramları vasitəsilə idarə olunacağı labüd görünür. Prezident pandemiya dövrünün başlanğıcında “Maykrosoft” şirkətinin rəhbərliyi ilə videogörüş keçirdi. Bu, təsadüfi görüş deyildi. Burada gələcəyə hesablama vardı. Həmin görüşdə yeni tədris ilində tətbiqi mümkün olacaq texnologiyalardan danışıldı.

Biz hələ bilmirik, pandemiya nə qədər davam edəcək, övladlarımız ənənəvi qaydada məktəbə gedə biləcəkmi, yoxsa yeni tədris ilində də onlayn dərslər, “zoom” proqramları ilə işləməli olacaqlar.

Dünyadakı vəziyyət yüksək texnoloji bilik və bacarıqlara yiyələnmə tələb edir. Bu da yeni dövr peşələrinin ortaya çıxmasını şərtləndirir. İndi valideynlər övladlarını daha çox müasir ixtisas və peşələrə yönləndirirlər. Prezident də uzaqgörən siyasət yürüdərək vətəndaş maraqlarının təmin olunması tələbi ilə çıxış edir, çünki bu maraqlar həm də dövlət maraqlarına xidmət edir. 
Prezident qeyd etdi ki, bütün bu məsələlər mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll edilməlidir. İqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq, biz bunu da bilirik, bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. 

“Biz işsizliyin artmasına imkan verməməliyik”

Millət vəkili Prezidentin Dördüncü Sənaye İnqilabı barədə fikirlərini diqqətə alaraq işsizliyin aradan qaldırılmasının daim dövlət siyasətinin prioriteti olduğunu bildirdi: 

- Prezidentin də vurğuladığı kimi, dünyada gedən rəqəmsallaşma prosesi, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var və bir sıra peşələr artıq aradan qalxır. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin ki olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Prezident çox vacib bir məsələni önə çəkdi. İşsizliyi. Dedi ki, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər.

Çünki Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik. Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər.

Məncə, bu, Prezidentin çıxışında xüsusi bir məqamdır. Vətəndaşlar əziyyət çəkməsin, işlə təmin edilsinlər. Və ölkə başçısı təhsil nazirinə tapşırdı ki, xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.

Müxtəlif tədbirlər, diskussiyalar, müzakirələr keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər.