Nazirdən stimul: gənc müəllimlər kəndlərə axın edəcəklər 

“5 il ucqar kənddə işlədikdən sonra MİQ-də təkrar iştirak etdiyi zaman ona əlavə bal veriləcək"

“Savadlı kadrlar da qəbul prosesindən kənarda qalmayacaqlar”

“Əksinə, daha yüksək bal toplayanlar arasında müsabiqə keçiriləcək”


"Dünən Feysbukda canlı yayımda təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu imtahanı (MİQ) ilə bağlı maraqlı bir yenilik haqqında danışdı. Təklif olunan dəyişikliyə görə, kənd yerlərində, xüsusilə də həmin ərazilərdə yaşamayan gənc məzun müəllimlər 5 il ucqar kənddə işlədikdən sonra MİQ-də təkrar iştirak etdiyi zaman ona əlavə bal veriləcək".


"Sherg.az"ın məlumatına görə bu sözləri Feysbuk profilində təhsil eksperti Kamran Əsədov yazıb. O, şərhinə davam edərək bunları söyləyib:

"Çox ədalətli qərardır. Gənc müəllimlərdə regionlarda işləmək üçün stimul olacaq. İndi bir çox ixtisaslar üzrə MİQ-də 54,55 və daha çox bal toplayan müdavimlər Bakıda vakansiya olmadığı üçün, yaxud yüksək bal toplayan şəxslər tərəfindən tutulduğuna görə işə qəbul olunmurlar.

Həm də bölgələrə də getmirlər. İndi isə həmin şəxslər həvəslənəcəklər ki, 5 il işlədikdən sonra əziyyətləri nəzərə alınacaq, müsabiqədə uğur qazana biləcəklər.

Savadlı kadrlar da qəbul prosesindən kənarda qalmayacaqlar. Əksinə, daha yüksək bal toplayanlar arasında müsabiqə keçiriləcək. Digər tərəfdən isə, ratasiya qaydası mütləq tətbiq edilməlidir.

Hesab edirəm ki, cari ildən bu yeniliyin tətbiq edilməsi ilə müəllimlərin bölgələrdə daha yüksək balla işə qəbulu müşahidə olunacaq".