Müəllimlərin işə qəbulunda keçid balları aşağı düşdü


Kamran Əsədov: "İmtahanda sualların problemli olması keçid ballarını 30-a endirdi"


Avqustun 3-dən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə başlanılıb. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də yer seçmək imkanı verilib. 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "Şərq"ə bildirib ki, cari ildə müəllimlərin işə qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqları bilavasitə öz nəticəsini keçid balının aşağı salınmasında göstərib:

"Qeyd edim ki, əvvəlki illərdə Bakı şəhərində müəllim olmaq üçün keçid balı 48, bölgələrdə isə 36 bal idi. Bu il müəllimlərin işə qəbul imtahanında sualların problemli olması keçid ballarının 30-a enməsinə gətirib çıxardı. Artıq Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya kimi fənlərdə keçid balı 30 olaraq müəyyənləşdirilib.

Bu isə o deməkdir ki, qeyri profilli ixtisaslarda keçid balları daha aşağı olacaq. Hesab edirəm ki, bu çox ciddi məsələdir". 

K.Əsədov bildirib ki, bu il də rus bölməsi üzrə Azərbaycan məktəblərində kadr çatışmazlığı yaşanmaqdadır:

"Hazırda rus bölməsi üzrə tarix, fizika, kimya, biologiya və riyaziyyat vakansiyaları üzrə ciddi kadr çatışmazlığı yaşanır. Xüsusən yuxarı siniflərdə bu fənlərin tədrisində ciddi problemlər mövcuddur. Baxmayaraq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında həmin ixtisaslar üzrə plan yerləri tam olaraq dolur.

Ancaq maraqlısı odur ki, həmin şəxslər təhsillərini başa vurduqdan sonra bu ixtisas üzrə işləməkdə maraqlı deyillər. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə xüsusi proqramlar, dövlət strategiyası hazırlanmalıdır. Yəni müəllimə olan ehtiyacın aradan qaldırılması üçün rus bölməsi üzrə işləyəcək şəxslərə gələcəkdə müəyyən imtiyazlar tanınmalıdır".

Təhsil eksperti vurğulayıb ki, ölkəmizdə təhsil müəssisələrində rəqəmsal bacarıqların öyrədilməsinə də ehtiyac var:

"Rəqəmsal bacarıqlar yalnız paytaxt Bakıda deyil, digər şəhərlərdə də tədris olunmalıdır. Çünki bu gün müasir dövrün tələblərindən biri müasir İKT bacarıqlarına malik olan şəxslərin yetişdirilməsidir. Hesab edirəm ki, rəqəmsal bacarıqlar bütün siniflərdə tədris edilməlidir, xüsusən də 9-11-ci siniflərdə. Çünki həmin şəxslər təhsillərini başa vurduqdan sonra əmək bazarında müasir İKT bacarıqları olduğu üçün rahatlıqla işlə təmin oluna biləcəklər. Bundan başqa, bu dayanıqlı iqtisadiyyatın formalaşmasına da öz müsbət təsirini göstərəcək".